Gerb

28 mart 2017, 10:05
W1siziisijiwmtcvmdmvmjgvbzn1ntc2bxdoxza5lkpqryjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=ea2fbe4677c10681

Prezident İlham Əliyev Saatlı rayonunda yeni inşa edilən 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyasının açılışında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, 1982-ci ildən istismarda olan açıq paylayıcı quruluşlu 110/35/10 kilovoltluq “Sarıcalar” yarımstansiyası istismar müddətini başa vurduğundan Saatlı rayonunun fasiləsiz, keyfiyyətli və dayanıqlı elektrik təchizatını təmin etmirdi. Rayonun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi, habelə 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin bir-biri ilə əlaqələndirilməsi məqsədilə 110 kilovoltluq “1-ci İmişli” hava xəttindən qidalanan açıq paylayıcı quruluşlu 110/35/6 kilovoltluq “Sarıcalar” yarımstansiyasının yerində iki mənbədən “1-ci və 2-ci İmişli” hava xətlərindən qidalanan qapalı paylayıcı quruluşlu yeni yarımstansiya inşa edilib.

Prezident İlham Əliyev yarımstansiya ilə tanış oldu.

Binada ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkənin hərtərəfli inkişafı üçün həyata keçirdikləri layihələri əks etdirən fotostendlər yaradılıb.

Dispetçer otağında dövlətimizin başçısına məlumat verildi ki, yarımstansiya müasir standartlara uyğun elektron quruluşlu rele mühafizəsi və avtomatika sistemləri, eleqaz və vakuum quruluşlu avadanlıqla təchiz edilib, məsafədən idarəolunan SCADA dispetçer sisteminə qoşulub. Köhnə yarımstansiya 8 kəndi və 3637 abonenti elektrik enerjisi ilə təchiz etdiyi halda, yeni yarımstansiya 15 kəndi, 7222 abonenti, xüsusilə Saatlı rayonunda mövcud olan pambıq zavodunu, daş karxanasını, iri ticarət obyektlərini, xəstəxanaları, məktəbləri və yeni infrastruktur layihələri üzrə inşa olunacaq obyektləri etibarlı və dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Yarımstansiyanın tikintisi İmişli, Saatlı və Biləsuvar rayonlarının 110 kilovoltluq paylayıcı şəbəkələrini əlaqələndirəcək dairəvi elektrik təchizat sxeminin yaradılmasının ilk mərhələsidir ki, bununla da “Cənub” Elektrik Stansiyasından 330/110 kilovoltluq “İmişli” və iki 220 kilovoltluq “Salyan” və “Masallı” yarımstansiyalarından qidalanan 110 kilovoltluq 11 yarımstansiyanın əlaqələndirilməsini təmin edəcək. Saatlı rayonunda yaradılacaq Aqroparkın elektrik enerjisi ilə təminatı yeni dairəvi sxemlə mümkün olacaq.

Saatlı rayonunda 22547 abonent var ki, onlar rayon mərkəzini və 44 kəndi əhatə edir. Ümumilikdə Saatlı Elektrik Şəbəkəsinin xidməti ərazisində iki 110/35/10 kilovoltluq, səkkiz 35/10 kilovoltluq, üç 35/6 kilovoltluq, 633 ədəd 10/6/0,4 kilovoltluq transformator məntəqəsi mövcuddur. Qısa müddətdə rayonda 32 müasir tipli Komplekt Transformator Məntəqəsi şəbəkəyə qoşulub. Hava xəttində 5215 istismara yararsız ağac dirək dəmir-beton dirəklə əvəz edilib, istismara yararsız naqillər və kabellər dəyişdirilib, Saatlı Elektrik Şəbəkəsinin qoyuluş gücü 85 MVA qədər artırılıb.

Elektrik enerjisinin təchizatının yaxşılaşdırılması ilə əlaqədar 35/10 kilovoltluq “Saatlı”, 35/6 kilovoltluq “Muğan” yarımstansiyalarında yenidənqurma işləri başa çatmaq üzrədir. Bu işlər 18 kənddə davam etdirilir. Eyni zamanda, “Azərişıq” ASC Saatlı rayonunda vətəndaşların elektrik enerjisinin istehlakına dair müraciətlərinə baxılması üçün Səyyar “ASAN kommunal” vasitəsilə və regional strukturlar tərəfindən elektron xidmətlər göstərilir.

Dövlətimizin başçısına “Azərişıq”ın fəaliyyəti dövründə Aran regionunda görülən işlər barədə ətraflı məlumat verildi. Qeyd olundu ki, qısa müddətdə 35 kilovoltluq 45 yarımstansiyada təmir-bərpa işləri görülüb. Aran regionunda 250-dən artıq yeni tip Komplekt Transformator Məntəqəsi quraşdırılıb. Region üzrə 120 mindən artıq yeni elektron və smart tipli sayğac quraşdırılıb, İmişli, Sabirabad və Saatlı elektrik şəbəkələri üçün yeni ofis binaları tikilib. Bununla yanaşı, region üzrə hər bir rayon şəbəkəsində yeni yarımstansiyalar inşa olunub. Bunlar Saatlıda tikilən 110 kilovoltluq “Sarıcalar”, İmişlidə 35 kilovoltluq “Məzrəli”, Sabirabadda “Qaratoğay”, Beyləqanda “Xalac”, Ağcabədidə “Qiyaməddinli”, Ağdamda “Qaradağlı”, Zərdabda isə “Məlikli” yarımstansiyalarıdır.

Prezident İlham Əliyev 110 kilovoltluq “Sarıcalar” yarımstansiyası ilə yanaşı, 35 kilovoltluq altı yarımstansiyanı da işə saldı.

Dövlətimizin başçısı müasir avadanlıqların quraşdırıldığı 35 və 10 kilovoltluq Qapalı Paylayıcı Qurğulara baxdı. Burada şəbəkə işçiləri və növbətçi heyət üçün müvafiq otaqlar inşa edilib, yanğına qarşı xəbərdarlıq sistemi, yanğından mühafizə hovuzları yaradılıb.

Prezident İlham Əliyevə yarımstansiyanın həyətindəki 110 kilovoltluq Açıq Paylayıcı Qurğu haqqında da ətraflı məlumat verildi. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm paytaxtda, həm də bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq həyata keçirildiyini bir daha göstərir.

Sonda xatirə şəkli çəkdirildi.


Böyük ölçüdə