İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olub

28 mart 2017, 10:50
İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisindəki pambıq sahəsi ilə tanış olub

Prezident İlham Əliyev Saatlı rayonunun Qıraqlı kəndi ərazisində fermer Humay Məmmədovanın pambıq sahəsi ilə tanış olub.

Dövlətimizin başçısı pambıqçıları salamladı.

Fermer Humay Məmmədova: Xoş gəlmisiniz. Saatlı camaatı adından Sizə “Xoş gəldiniz!” deyirəm, Sizə təşəkkür edirəm. Çünki biz pambıqçılar üçün bu şəraiti yaratdığınıza görə çox sevinirik. Saatlı zonası pambıqla yaşayır, pambıqla inkişaf edir.

Prezident İlham Əliyev: Sağ olun. Əlbəttə, pambıqçılığı bərpa edirik.

Humay Məmmədova: Ulu Öndərimizin Saatlıya çox səfəri olub. Ulu Öndərimizlə 1974-cü, 1976-cı, 1978-ci illərdə görüşümüz olub. 1981-ci ildə briqadir işləmişəm, kolxoz sədri olmuşam.

Prezident İlham Əliyev: Kolxoz sədri?! Yəni, təcrübəli insansınız.

Humay Məmmədova: Bəli, kolxoz sədri işləmişəm. 1981-ci ildə hektardan 50 sentner pambıq vermişəm.

Prezident İlham Əliyev: Bu səviyyəni gərək bərpa edək.

Saatlı Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov: Rayon üzrə 40 sentner olub. Ötən il 30 sentner olub.

Humay Məmmədova: Qırx ildən yuxarı pambıq sahəsində işləmişəm. İndi də fermerəm, hazırda 12 nəfər təcrübəli işçimiz var.

Prezident İlham Əliyev: İndi yeni, gözəl texnika ilə təmin olunmusunuz. On iki nəfər işçiniz var?

Humay Məmmədova: Bəli. Bu sahə də bizimdir, mənim sahəmdir.

Prezident İlham Əliyev: Gedək, sahəyə baxaq.

Humay Məmmədova: Suyumuz, işığımız, qazımız, yolumuz, hər bir işimiz çox yaxşıdır. Çox şükür.

Prezident İlham Əliyev: Bu da bizdə istehsal olunan texnikadır, Gəncə traktor zavodunda. Həmçinin xarici texnika da var.

Dövlətimizin başçısı pambıqçılığın inkişafına mühüm töhfə olan yeni texnikalara baxdı.

Bildirildi ki, ötən il Qıraqlı kənd bələdiyyəsinə məxsus 18 hektar sahədə pambıq əkilib. Humay Məmmədova 2016-cı ildə hər hektardan 30 sentner məhsul götürüb. Pambıqçılıq üçün əlverişsiz hava şəraiti, aramsız yağışlar olmasaydı, məhsuldarlıq daha da yüksək olardı. 2017-ci ildə fermer əkin sahəsində vaxtında şum işləri aparıb və torpaq arata qoyulub. Bu il hər hektardan 40 sentnerdən artıq məhsulun götürülməsi planlaşdırılıb. Ümumilikdə, rayon pambıqçıları ötən il 8109 hektar sahədə pambıq əkiblər ki, bu da 2015-ci illə müqayisədə iki dəfə çoxdur. Pambıq istehsalçıları 6 milyon manata yaxın real gəlir əldə ediblər. Bu il fermerlər ötən illə müqayisədə iki dəfə çox, yəni, 17 min 150 hektar sahədə pambıq əkəcəklər.

Prezident İlham Əliyev: Burada yaxşı iş görürsünüz. Əvvəlki illərdən çox gözəl təcrübəniz olub. İndi pambıqçılığı bərpa edirik.

Humay Məmmədova: Bəli, Ulu Öndərimizlə çox görüşlərimiz olub. Saatlının ən birinci təsərrüfatı pambıqçılıq olub. Saatlı pambıqçılıqla yaşayıb, pambıqçılıqla inkişaf edib.

Prezident İlham Əliyev: Əlbəttə, Saatlı indi də pambıqçılıqla inkişaf edəcək.

Humay Məmmədova: İndi pambıqçılığı bizə qaytardığınıza görə çox sevinirik.

Prezident İlham Əliyev: Bu il Saatlıda 17 min hektarda pambıq əkiləcək. 2015-ci ildə ölkəmizdə cəmi 18 min hektarda pambıq əkilmişdi. Bu il ancaq Saatlıda 17 min hektarda pambıq əkiləcək. Gələn il daha çox olacaq, artacaq. Su, elektrik, texnika, gübrələr, subsidiyalar var, alış qiyməti qalxıb. Zəhmətkeşlər də hər gün pul qazanacaqlar. Bizdə, bax, belə texnika ilə işləmək adama xoş gəlir.

Humay Məmmədova: Bəli, hamısı var, çox razıyıq. Allah Sizə ömür versin. Allah həmişə dayağınızda olsun.

Siraqəddin Cabbarov: Allah köməyiniz olsun. Təsərrüfatların hamısında belə texnikalar var.

Prezident İlham Əliyev: İndi kifayət qədər kombaynlar da alınıbdır. Yay vaxtlarında da bu texnika ilə işləmək çox rahatdır. Onlarda kondisionerlər də var.

Siraqəddin Cabbarov: Bəli, hər cür şərait var.

Humay Məmmədova: İşsizlərimiz pambıq yığımı vaxtı işə cəlb olunurlar, gəlib işləyirlər, işsiz qalmırlar.

Prezident İlham Əliyev: Əlbəttə, işsiz qalmamalıdırlar. Kim işləmək istəyirsə gəlsin işləsin. Sizdə hər hektarda orta hesabla neçə nəfər işləyəcək?

Humay Məmmədova: 18 hektarın hər iki hektarında orta hesabla bir nəfər.

Prezident İlham Əliyev: İki hektara bir nəfər?

Siraqəddin Cabbarov: Bu, hektarı çox olanlarda belədir. Ancaq pay torpaqlarında bir hektarda ən azı beş nəfər işləyir. Ailənin nə qədər üzvü varsa, hamısı orada işləyir.

Prezident İlham Əliyev: Yəni, orta hesabla iki nəfər.

Prezident Administrasiyası rəhbərinin müavini, şöbə müdiri Zeynal Nağdəliyev: Respublika üzrə göstərici hektara 1,5 nəfərdir.

Prezident İlham Əliyev: 1,5 nəfər. Deməli, bu il 200 mindən çox insan işləyəcək.

Pambıq zavodunun direktoru Çingiz Gözəlov: Cənab Prezident, biz 1500 fermerlə müqavilə bağlamışıq.

                                                                                            X X X

Sonra xatirə şəkli çəkdirildi.

                                                                                            X X X

Daha sonra pambıq səpininə start verildi.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10