10 aprel 2017, 15:20

Səfər Rəhimov və başqalarından, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Müstəqil Azərbaycan Respublikasının banisi, ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kursun Sizin tərəfinizdən qətiyyətlə və sədaqətlə davam etdirilməsi nəticəsində dövlətimiz gündən-günə qüdrətlənir, inkişaf edir və möhkəmlənir. Sahibkarlığın inkişafına göstərilən güclü dəstəyin və qayğının nəticəsidir ki, iqtisadiyyatın bütün sahələrində uğurlu nəticələr əldə edilir. Sizin bilavasitə təşəbbüsünüzlə turizm və aqrar sahədə aparılan islahatlar xalqın rifahının yüksəlməsinə, həm də işsizlik probleminin aradan qaldırılmasına güclü təkan vermişdir. Xüsusilə ordu quruculuq sahəsində görülən işlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. İndi ən müasir silahlarla təchiz edilmiş Azərbaycan Ordusu nəinki Cənubi Qafqazın, həm də dünyanın güclü ordularından sayılır.

Cənab Ali Baş Komandan, bir il əvvəl işğal altındakı torpaqlarımızda aparılmış uğurlu döyüş əməliyyatları ordumuzda və xalqımızda böyük ruh yüksəkliyi yaratmışdır. Biz inanırıq ki, müzəffər ordumuz işğal olunmuş bütün torpaqlarımızı Sizin rəhbərliyiniz altında azad edəcək. Sizə cansağlığı, daha böyük uğurlar arzulayırıq. Xalq Sizin və ordumuzun arxasındadır.

Möhtərəm Prezident, Masallı rayonu Köhnə Alvadı kənd sakinləri Ulu Öndərin siyasətinə həmişə sədaqət göstərmişdir. Bütün xalqımız kimi biz də Ali Baş Komandanın əmrinə, Vətən torpaqlarımızın azad olunması yolunda canımızdan keçməyə həmişə hazırıq.

Köhnə Alvadı kənd sakinləri adından hörmətlə,

 

Rəhimov Səfər,

Əliyev Yadulla,

Əsgərov Əsədulla,

Qasımov Sabir,

Abıyev Abduləli.

 

Azərbaycan Respublikası, Masallı rayonu, Köhnə Alvadı kəndi.