14 aprel 2017, 16:00

Salatın Hümbətovadan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Erməni millətçilərinin 1980-ci illərdə ölkəmizə qarşı apardığı etnik təmizləmə siyasəti nəticəsində ailəmiz qərbi Azərbaycandan məcburi köçürülməyə məruz qalmış, Bakı şəhərinə pənah gətirərək Binəqədi rayonunda məskunlaşmışdır. Oğlum Fərhad Hümbətov erməni təcavüzkarlarının Dağlıq Qarabağda törətdiyi vəhşiliklərə dözməyərək könüllü surətdə Vətənin müdafiəsi uğrunda mübarizəyə qoşulmuş və 1992-ci ildə Xankəndi yaxınlığında qəhrəmancasına həlak olmuşdur. Döyüşlərdə göstərdiyi rəşadətə görə oğlum “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüş, Binəqədi rayonundakı parklardan birində onun büstü qoyulmuş və həmin parka Fərhadın adı verilmişdir.

Hər il olduğunu kimi, bu il də aprel ayının 1-i oğlumun vəfatının ildönümü ilə əlaqədar yüksək səviyyədə anım tədbiri keçirildi. Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri oğlumun abidəsi ziyarət etdi, məktəblilər Fərhada həsr olunmuş şeirlər səsləndirdi. Daha sonra dini adət-ənənələrimizə uyğun olaraq Heydər məscidində mərasim təşkil olundu.

Cənab Prezident, şəhid ailələrinə göstərdiyiniz xüsusi diqqət və qayğıya görə şəxsən öz adımdan və bütün şəhid ailələri adından Sizə dərin minnətdarlığımı bildirirəm. Əminəm ki, tezliklə zəfər bayrağımızı Xankəndimizə sancacağıq.

Hörmətlə,

Hümbətova Salatın.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.