25 aprel 2017, 15:20

Dadaş Rzayevdən, Bakı, Azərbaycan

Cənab Ali Baş Komandan,

Biz ulu öndərimiz Heydər Əliyev tərəfindən hələ sovetlər dövründə veteranlara göstərilən yüksək diqqət və qayğını bu gün də minnətdarlıq hissi ilə xatırlayırıq. Müstəqilliyimizin bərpasından sonra da öz humanist siyasətinə sadiq qalan Ulu Öndərin imzaladığı ilk rəsmi sənədlərdən biri “Veteranlar haqqında” Qanun olmuşdu. Həmin Qanunla müstəqil Azərbaycanda veteranlara göstərilən hərtərəfli qayğının hüquqi bazası yaradılmış, bu istiqamətdə dövlət siyasətinin əsası qoyulmuşdu.

Cənab Prezident, Ulu Öndərin veteranlara göstərdiyi qayğı və diqqətin bu gün Sizin tərəfinizdən ardıcıllıqla davam etdirilməsi Vətən, xalq yolunda xidmətlər göstərmiş, yaşının ahıllıq dövrünə çatmış insanları qəlbən sevindirir, onların həyat eşqini artırır. Biz bunu Sizin 1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına 1000 manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə və digər şəxslərə 500 manat məbləğində birdəfəlik maddi yardım verilməsi barədə imzaladığınız Sərəncamınızda da görürük.

Bu Sərəncam İkinci Dünya müharibəsi iştirakçıları, eləcə də bütün veteranlar tərəfindən böyük razılıq və minnətdarlıq hissi ilə qarşılandı.

Müharibə veteranlarına göstərdiyiniz diqqət və qayğınıza görə Sizə dərin minnətdarlığımızı bildirir, Azərbaycanın müstəqilliyi və gələcək rifahı naminə yorulmaz fəaliyyətinizdə yeni uğurlar arzulayırıq. Veteranlar həmişə Sizinlədir.

Respublika Veteranlar Təşkilatı Rəyasət Heyəti adından dərin hörmətlə,

Rzayev Dadaş, ehtiyatda olan general-mayor.

Azərbaycan Respublikası, Bakı şəhəri.