13 may 2017, 14:15

Süleyman İsmayılovdan, Füzuli, Azərbaycan

Hörmətli cənab Prezident,

Mən 2002-ci ilin aprel ayının 25-də ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan sahibkarları ilə görüşünü yaxşı xatırlayıram. Həmin görüş sahibkarlar və ölkə iqtisadiyyatının inkişafı üçün tarixi hadisə oldu. Siz də sahibkarlığın inkişafına xüsusi diqqət yetirirsiniz. Sərəncamınıza əsasən, hər il 25 aprel tarixinin “Sahibkarlar Günü” kimi qeyd olunması Ümummilli Liderimizin ölməz ideyalarının təntənəsidir. Bu iş bütövlükdə bütün sahibkarların ürəyincədir.

Möhtərəm Prezident, ölkəmizin sosial-iqtisadi inkişafı, əhalinin rifah halının yaxşılaşdırılması, dövlətimizin iqtisadi cəhətdən güclənməsi və regionda lider ölkəyə çevrilməsi Sizin yorulmadan gördüyünüz əməli işlərin nəticəsidir. Biz sahibkarlar bunu görür və minnətdarlıqla qeyd edirik. Təsdiqlədiyiniz Strateji Yol xəritələrində kənd təsərrüfatı məhsullarının istehsalına və emalına xüsusi önəm verməyiniz də hər birimizə aydındır.

Hazırda rəhbərlik etdiyim şirkətdə 80-dən çox insan çalışır. Horadiz şəhərində işləyən bir sahibkar kimi qeyd edim ki, Horadizə, Beyləqana və Ağcabədiyə gündəlik göndərdiyimiz yük maşınları tez-tez xarab olur, əhaliyə, hərbi hissələrə çörək daşınmasında problemlərlə qarşılaşırdıq. İndi Sizin göstərişinizə əsasən, Cocuq Mərcanlının, Füzulinin, Beyləqanın və Ağcabədinin avtomobil yolları keyfiyyətli və əsaslı təmir olunur.

Möhtərəm Prezident, sahibkarlara və bütün xalqımıza yaratdığınız sabit şəraitə, dövlətimizin davamlı iqtisadi inkişafına verdiyiniz töhfələrə görə Sizə minnətdarlığımı bildirirəm. Qoy Uca Allah Sizi qorusun, daim xalqımızın, dövlətimizin başında durasınız! 

Biz Sizə arxalanaraq cəbhə zonasında yaşayır və işləyirik. Arzum budur ki, işğal altındakı torpaqlarımızın azad olunması ilə bağlı qəbul edəcəyiniz qərarın icrasında öncüllərdən biri olum. Allah Sizi pənahında saxlasın! Amin!

Hörmətlə,

İsmayılov Süleyman Adil oğlu

Sahibkar

Azərbaycan Respublikası, Füzuli rayonu, Böyük Bəhmənli kəndi.