Gerb

17 may 2017, 20:34

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 618-VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 616; 2005, № 12, maddə 1099; 2006, № 5, maddə 400, № 12, maddə 1034; 2007, № 4, maddə 323, № 12, maddə 1225; 2008, № 11, maddə 972; 2009, № 3, maddə 163, № 4, maddə 226, № 10, maddə 780; 2010, № 7, maddə 610; 2011, № 7, maddə 631; 2013, № 7, maddə 805, № 11, maddə 1324; 2014, № 4, maddə 359, № 5, maddə 477, № 9, maddə 1027, № 10, maddə 1198, № 11, maddələr 1390, 1420; 2015, № 1, maddə 12, № 12, maddə 1454; 2016, № 2 (II kitab), maddələr 261, 265, № 3, maddə 450, № 5, maddə 882, № 6, maddələr 1023, 1024, 1042, 1065, № 7, maddə 1257, № 9, maddə 1464, № 11, maddə 1838, № 12, maddə 2089) aşağıdakı dəyişikliklər edilsin:

2.1. 1.1-ci bənddə “130-1-ci” sözləri “130.1-1-ci” sözləri ilə əvəz edilsin;

2.2. 1.8-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.8. həmin Məcəllənin 33.4-cü maddəsinin ikinci bəndində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini qeyri-kommersiya hüquqi şəxslərinə və xarici qeyri-kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə münasibətdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müəyyən etdiyi bölgü üzrə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və onun rayon (şəhər) qeydiyyat şöbələri, Naxçıvan Muxtar Respublikasının ərazisində təsis edilən siyasi partiyalar və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəlikləri istisna olmaqla, digər qeyri-kommersiya qurumlarına münasibətdə Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara münasibətdə isə Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə İdarəsi həyata keçirirlər;”.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 may 2017-ci il.