13 iyun 2017, 12:00

Tünzalə Qardaşovadan, Masallı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin iqtisadiyyatının güclü olması hər sahədə özünü göstərir. Mən Masallı rayonunun Dəmirçi kəndində orta məktəbdə xarici dil müəllimi işləyirəm. Məktəbimizin binası bir neçə il bundan əvvəl istifadəyə verilib. Yeni məktəbdə işləmək, şagirdlərə elmin sirlərini öyrətmək bizim üçün çox xoşdur. Müəllimlər və şagirdlər üçün gözəl şəraitin yaradılması ölkəmizin inkişafının daha bir göstəricisidir.

Ən ucqar kəndlərdə yeni məktəblər tikilir, qaz xətləri çəkilir, fasiləsiz elektrik enerjisi ilə təchizat təmin olunur, avtomobil yolları  təmir edilir. Azərbaycanın hər bir vətəndaşının güzəranının yaxşılaşdırılması Sizin uzaqgörən siyasətinizin nəticəsidir.

Həmçinin ölkəmiz bir sıra idman yarışlarına uğurla ev sahibliyi edir, Azərbaycana turist axını ildən-ilə güclənir.

Cənab Prezident, biz müəllimlər fəxr edirik ki, Azərbaycan kimi gözəl ölkədə yaşayırıq. İnanırıq ki, Sizin rəhbərliyiniz ilə doğma Qarabağımız mənfur düşmən tapdağından tezliklə azad olunacaq və biz orada gözəl tədbirlər keçirəcəyik. 

Hörmətlə,

Qardaşova Tünzalə Əlhəddin qızı.

Azərbaycan Respublikası, Masallı rayonu, Dəmirçi kəndi.