Polşa Respublikasının Prezidenti Andjey Dudanın adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

27 iyun 2017, 22:45
Polşa Respublikasının Prezidenti Andjey Dudanın adından İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

Polşa Respublikasının Prezidenti Andjey Dudanın adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib.

Əvvəlcə Azərbaycanın və Polşanın dövlət himnləri səsləndirildi.

Sonra dövlət başçıları rəsmi ziyafətdə çıxış etdilər.

Prezident Andjey Dudanın çıxışı

-Hörmətli cənab Prezident.

Hörmətli xanımlar və cənablar.

Cənab Prezidenti Varşavada qonaq qismində qəbul etməyim məni çox sevindirir. Sizin Polşaya çox gözlənilən səfəriniz xüsusi məna daşıyır. Bu, ölkələrimiz arasında yaxın əlaqələrin olmasının sübutudur.

Azərbaycanın nailiyyətlərinə böyük ehtiramla yanaşır, ölkənizi tərəfdaş kimi görürük. Polşa və Azərbaycanın qarşısında oxşar məqsədlər durur. Ölkələrimizin sabit və təhlükəsiz inkişafını təmin etmək üçün çalışır və eyni zamanda, beynəlxalq arenada mövqeyimizi möhkəmlətmək istəyirik. Polşa və Azərbaycan öz regionlarında iqtisadi liderlərdir, regionun sabitliyinin və inkişafının təmin edilməsində həlledici rol oynayırlar. Cənubi Qafqaz regionunda rolu, həmçinin Şərq Tərəfdaşlığında getdikcə artan iştirakı baxımından Polşanın Şərq siyasəti üçün Azərbaycan çox önəmlidir. Hesab edirik ki, Azərbaycan Avropa ilə Asiyanı birləşdirən önəmli körpüdür. Əminəm ki, bu gün beynəlxalq vəziyyətin çox mürəkkəb olduğu dövrdə birlikdə tərəfdaşcasına əməkdaşlıq sayəsində ortaq təşəbbüs və tədbirlərimizi uğurla həyata keçirmək şansına malikik.

Hörmətli cənab Prezident, xalqlarımızı bir-birinə bağlayan dostluq münasibətləri dərin tarixi köklərə əsaslanır. Polyaklar Azərbaycana artıq XVIII əsrdən başlayaraq üz tutmuş, burada özlərinə ikinci yurd tapmış və yeni vətənlərinin inkişafında iştirak etmişlər.

XIX əsrdə Bakıda neft sənayesi sürətlə inkişaf etməyə başlamışdır. O vaxt “Bakı neftinin atası” adlandırılan geoloq Vitold Zglenitskinin və mühəndis Pavel Pototskinin nailiyyətləri xüsusi tanınırdı. Bu günədək Azərbaycanda onların nailiyyətlərinin xatırlanması və Pavel Pototskinin Xəzər dənizinin sahilində yerləşən məzarına hörmət və qayğı göstərilməsinə görə Sizə minnətdarlığımı bildirirəm. XIX əsrin sonları - XX əsrin əvvəllərində polyak əsilli tanınmış memarlar Yuzef Qoslavski, Yuzef Ploşko, Yevgeni Skibinski və digərləri bu gün də mötəbərliyini itirməyən Bakının simasının formalaşmasına öz töhfələrini vermişlər. Milliyyətcə polyak Stanislav Despot-Zenoviç isə Bakı şəhərinin başçısı olmuşdur.

Bir çox polyak üçün Bakının nə qədər əhəmiyyətli olmasını, həmçinin polyak ədəbiyyatının nadir incilərindən sayılan Stefan Jeromskinin “Bahar ərəfəsi” əsərinin əvvəlindəki hadisələrin məhz bu şəhərdə - baş qəhrəman Tsezari Barıkanın uşaqlıq və gənclik illərinin keçdiyi, atası Severinin böyük ümidlər bəslədiyi şəhərdə cərəyan etməsi təsdiq edir.

XX əsrdə müstəqilliyə və azadlığa olan məhəbbətimiz bizi bir-birimizə yaxınlaşdırdı. 1918-1920-ci illərdə - Azərbaycanın azadlıq uğrunda mübarizə apardığı dövrdə başda öz həyatını Azərbaycanın müstəqilliyinə qurban vermiş general Maçey Süleyman Sulkeviç olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda və dövlət aparatında bir çox polyak xidmət göstərmişdir. İkinci Dünya müharibəsi illərində bizim azadlığımızı isə Polşa Ordusu sıralarında polkovnik Vəli bəy Yadigar qorumuşdur. Onların Varşava şəhərinin Praqa rayonunda ucaldılmış birgə abidəsi bu qarşılıqlı əlaqələrin təcəssümüdür.

Hörmətli cənab Prezident, artıq bizim müasir əlaqələrimiz də əhəmiyyətli tarixə malikdir. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ili tamam olur. Diplomatik münasibətlərimizin 25-ci ildönümü məni sevindirir. Gələcəyə nikbinliklə baxır, Polşa və Azərbaycan əməkdaşlığı üçün yeni perspektivlər görürəm. Əminəm ki, ölkələrimizin uğurları naminə bundan istifadə edəcəyik.

Prezident İlham Əliyevin çıxışı

- Hörmətli cənab Prezident.

Xanımlar və cənablar.

Cənab Prezident, ilk növbədə, məni Polşaya rəsmi səfərə dəvət etdiyinizə, səfər zamanı mənə və nümayəndə heyətinə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə Sizə minnətdarlığımı bildirirəm. Bu səfərim ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə təsadüf edir.

Müasir diplomatik əlaqələrimizin tarixi 25 illik dövrü əhatə etsə də, xalqlarımız arasında əsrlərdən bəri davam edən dostluq və əməkdaşlıq ənənələri mövcuddur. Hələ XV əsrdə Azərbaycan hökmdarı Uzun Həsənin Polşa Kralı Yagello ilə sıx təmasları olmuşdur. Sonrakı dövrlərdə də münasibətlərimiz qorunub saxlanılmışdır. Şərqdə ilk demokratik respublikanın – 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin həyatında polyaklar fəal iştirak etmişlər. General Maçey Sulkeviç həmin dövrdə Azərbaycan Ordusunun qərargah rəisi olmuşdur. Kriçevski qardaşları isə Azərbaycan Xalq Cümhuriyyəti hökumətində rəhbər vəzifələr tutmuşlar. Azərbaycanlı Vəli bəy Yadigar isə İkinci Dünya müharibəsi illərində Polşa Milli Ordusunun polkovniki olmuşdur.

XIX əsrin sonları - XX əsrin əvvəllərində Bakı şəhərinin memarlıq simasının formalaşmasında polyaklar böyük rol oynamışlar. Bakının baş memarı olmuş Yuzef Qoslavski, eləcə də tanınmış memarlar Ploşko və Skureviçin layihələri ilə inşa edilmiş binalar bu gün də Bakıya gözəllik verən memarlıq nümunələridir. Polyaklar Azərbaycanın neft sənayesinin inkişafına da töhfələr vermişlər. Mühəndis Pavel Pototskinin Xəzər şelfində neft çıxarılması sahəsində böyük xidmətləri olmuşdur. Vəsiyyətinə uyğun olaraq Pototski Bakıda dəfn olunmuş və burada onun xatirəsinə abidə ucaldılmışdır.

Qeyd etməliyəm ki, ədəbi, mədəni, elmi əlaqələrimizin də zəngin tarixi vardır. Bu əlaqələr bu gün də davam və inkişaf etməkdədir. Xalqlarımız arasında formalaşan möhkəm dostluq əlaqələri bugünkü münasibətlərimiz üçün gözəl zəmin yaratmışdır. Hazırda Azərbaycan ilə Polşa arasında siyasi əlaqələr yüksək səviyyədədir. Bu səfər çərçivəsində imzalanan sənədlər, xüsusilə də “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında Strateji Tərəfdaşlıq və İqtisadi Əməkdaşlığa dair Yol Xəritəsi haqqında Birgə Bəyannamə” münasibətlərimizin daha da inkişafı üçün siyasi iradəmizin göstəricisidir. Siyasi münasibətimizin mövcud səviyyəsi iqtisadi əlaqələr üçün də yeni perspektivlər açır. Tarixi İpək yolu üzərində əlverişli coğrafi mövqeyə malik Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən beynəlxalq enerji və nəqliyyat layihələri əməkdaşlığımızın daha da genişlənməsinə imkan verir.

Azərbaycan regionda təhlükəsizliyə, sabitliyə, inkişafa və əməkdaşlığa töhfə verir. Lakin regionun ən ağrılı problemi olan Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi hələ də həll olunmamış qalır. Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan ərazisinin 20 faizi - tarixi torpağımız olan Dağlıq Qarabağ və ətrafındakı yeddi rayon işğal olunmuş və bu ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirilmiş, bir milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Dünya birliyi və beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyır və münaqişənin beynəlxalq normalara uyğun ədalətli həllinin tərəfdarıdır. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Eyni zamanda, ATƏT, Avropa Parlamenti, Avropa Şurası, NATO, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq təşkilatların müvafiq qərar və qətnamələri vardır. Mövcud status-kvo qəbuledilməzdir və işğal edilmiş ərazilər qeyd-şərtsiz azad olunmalıdır.

Mən Polşaya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəklədiyinə görə minnətdarlığımı bildirirəm.

Hörmətli cənab Prezident, dəvətə və yüksək qonaqpərvərliyə görə bir daha minnətdarlığımı bildirir, öz növbəmdə Sizi Azərbaycana rəsmi səfərə dəvət edirəm. Sizə cansağlığı, ölkənizə, xalqınıza daim inkişaf və uğurlar arzulayıram.

gallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35