04 avqust 2017, 13:00

Qafar Çaxmaqlıdan (Mehdiyev), Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mənim ailəmi mənzillə mükafatlandırdığınız üçün Sizə dərin təşəkkürümü bildirirəm. Mətbuat işçiləri üçün inşa edilmiş 255 mənzildən biri də bizim ailəyə qismət oldu. Sizin bu diqqətiniz yalnız 8 nəfərlik bir ailənin darısqallıqdan xilas olub genişliyə çıxması deyildir, bu qayğınızın həm də çox böyük mənəvi dəyəri vardır. Sizin bu diqqətiniz şəxsən məni bu günə qədər etdiklərimin üstünə yenilərini əlavə etməyə, daha qətiyyətli çalışmağa ruhlandıracaqdır.

Cənab Prezident, mətbuat işçiləri üçün inşa olunmuş binanın açılışında etdiyiniz çıxış məni hədsiz həyəcanlandırdı. Sevindim ki, bizim gələcək fəaliyyətimizi, strateji xəttimizi çox dəqiq müəyyənləşdirmiş bir liderimiz var. Dediyiniz kimi, biz uzun illər informasiya müharibəsində qonşularımızın şər-böhtanlarına məruz qalmışıq, dünyanın müxtəlif media məkanında lövbər saldıqlarından mübarizə edərkən qüvvələrimiz heç də bərabər səviyyədə olmamışdır. Bu gün isə artıq vəziyyət tədricən bizim xeyrimizə dəyişməkdədir. Xarici ölkələrdə keçirilən beynəlxalq konfranslarda iştirak edən bir jurnalist, alim kimi mən bunların şahidiyəm. Bu, Sizin apardığınız düzgün xarici siyasət nəticəsində mümkün olmuşdur.

Möhtərəm Prezident, bu sevinci bizlərə bəxş etdiyiniz üçün bir daha Sizə hədsiz minnətdarlığımı bildirirəm. Allah Sizi və Azərbaycanımızı qorusun!

Dərin hörmətlə,

Çaxmaqlı (Mehdiyev) Qafar

Müstəqil Araşdırmaçı Jurnalistlər Liqasının sədri,

“Asiya-fakt” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru, professor

Azərbaycan Respublikası, Bakı şəhəri.