19 avqust 2017, 13:30

Pənah Xankişiyev və başqalarından, Şirvan, Azərbaycan

Cənab Ali Baş Komandan

Ölkəmizdə şəhid ailələrinə, müharibə veteranlarına, əlillərə göstərilən diqqət və qayğının əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulub. Hər zaman xalqımızın maraqlarını əks etdirən siyasət Sizin sayənizdə bu gün uğurla davam etdirilir. Sizin ölkəmizə rəhbərliyiniz dövründə xüsusi qayğıya ehtiyacı olan ailələrin sosial problemlərinin həlli istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilib.

Sizin siyasətinizin mərkəzində insan amili dayanır. İnsanların yaxşı yaşaması və ölkəmizin gündən-günə çiçəklənməsi naminə gördüyünüz misilsiz işlər danılmazdır. Siz hər zaman xalqımızın dəstəyinə arxalanaraq, həm daxili, həm də xarici siyasətinizdə milli maraqlarımızdan çıxış edirsiniz. Ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirləri və oyunları çox diqqətlə izləyirik. Ən əsası da Sizin bu tədbirlərdəki çıxışlarınızda xalqın iradəsini əks etdirən məqamlara toxunmağınız bizi çox sevindirir.

Cənab Prezident, bizim şəhərimizdə indi tamam başqa mənzərə yaranıb. Son illər Şirvan şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri hamının diqqətini cəlb edir. Yaşadığımız Heydər Əliyev prospekti ətrafında binalar təmir edilib, həyətlər abadlaşdırılıb, sakinlərin istirahəti üçün xüsusi yerlər yaradılıb. Bu yeniliklər yaşayış və məişət şəraitimizi xeyli yaxşılaşdırıb.

Şəhərimiz günbəgün abadlaşır, gözəlləşir. Sevinirik ki, bütün başqa bölgələrdə olduğu kimi, bizim rayonumuzda da yaşlı insanların istirahəti və dincəlməsi, uşaqların oynaması üçün yaraşıqlı parklar salınıb.

Əziz Prezidentimiz, bizim üçün yaratdığınız bu şəraitə görə Sizə minnətdarlığımızı bildiririk. Siz bu xalq üçün əvəzedilməz Prezidentsiniz. Sizə və ailə üzvlərinizə möhkəm cansağlığı, şərəfli və yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq. Qarşıdan gələn illərin Siz başda olmaqla bütün xalqımız üçün düşərli olmasını diləyirik.

Qarabağ müharibəsi əlilləri adından dərin hörmətlə,

Xankişiyev Pənah Sərdar oğlu

İbrahimov Cəlal Vladimir oğlu

Təhməzov Vüqar Bədrəddin oğlu

Abdullayev Elçin Namid oğlu.

Azərbaycan Respublikası, Şirvan şəhəri.