İlham Əliyevin və Avropa Komissiyasının sədri Jose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur

22 iyun 2011, 18:45
İlham Əliyevin və Avropa Komissiyasının sədri Jose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin və Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun birgə mətbuat konfransı olmuşdur.

Xose Manuel Barrozu və Prezident İlham Əliyev əvvəlcə mətbuata bəyanatlarla çıxış etdilər.

Avropa Komissiyasının sədri Xose Manuel Barrozunun bəyanatı

- Hər vaxtınız xeyir, xanımlar və cənablar!

İlk növbədə bildirmək istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevi bu gün Brüsseldə salamlamaqdan böyük məmnunluq duyuram. Mənim Bakıya səfərim xatirimdədir. Bu səfər zamanı mən böyük qonaqpərvərliyin şahidi oldum. Prezident Əliyev ilə çox yaxşı fikir mübadiləmiz oldu.

Bu gün Siz Brüsselə gəldiyiniz üçün çox məmnunam. Çünki bizim çox açıq və səmərəli danışıqlarımız oldu. Biz mənim bu ilin yanvarında Bakıya səfərim zamanı müzakirə etdiyimiz müxtəlif məsələləri yenidən nəzərdən keçirdik. Nəinki mənim səfərim, o cümlədən digər komissarların və müxtəlif səviyyəli səfər mübadilələri Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxşı ruhunu əks etdirir. Bu gün biz əlaqələrimizin müxtəlif istiqamətlərində əldə etdiyimiz nailiyyətləri qeyd etdik, o cümlədən Assosiativ razılaşmaya dair danışıqların ötən il başlanmasını. Lakin inanıram ki, biz bu danışıqları sürətləndirə və güclü razılaşmanın əldə olunmasına doğru irəliləyə bilərik. Bu barədə bizim çox səmimi və açıq danışıqlarımız oldu. Assosiativ razılaşma ilə bağlı irəliləyiş əldə olunması üçün məsələlərin nə yerdə olduğunu, hansı sahələrə daha çox diqqətin yetirilməsini müzakirə etdik. Onu da deyə bilərəm ki, bu il biz viza rejiminin sadələşdirilməsi və yenidən qoşulma razılaşmaları ətrafında müzakirələrə başlaya bilərik. Bizim üçün tərəfdaş ölkələrlə əməkdaşlıq “Şərq tərəfdaşlığı” Proqramının vacib məqsədi kimi qalmaqdadır.

Sentyabrda Varşavada keçiriləcək “Şərq tərəfdaşlığı” Sammitinə hazırlıq işləri davam etdirilir. Bu gün biz son iki il ərzində bu tərəfdaşlığın icrasına və gələcəkdə onun gücləndirilməsinə dair fikir mübadiləsi apardıq. Bizim qonşularla keçirilən tədbirlər Avropanın daxili təhlükəsizliyinin və çiçəklənməsinin qonşu ölkələrin eyni məsələləri ilə nə qədər bağlı olduğunu göstərir. Bu səbəbdən strateji vəzifəmiz demokratiyanı gücləndirmək, həm Şərqdə, həm Cənubda inkişafı təmin etməkdir. Bu mənada mən siyasi sahədə modernləşdirilmənin, siyasi islahatların aparılmasının, qanunun aliliyinə hörmət edilməsinin əlaqələrimiz üçün nə qədər vacib olduğunu vurğuladım. İnanırıq ki, söz və sərbəst toplaşma azadlığı xüsusi əhəmiyyət kəsb edir və onlara əlaqələrimizin bu konteksti çərçivəsində baxılmalıdır.

Mən bu həssas, lakin vacib məsələləri açıq və səmimi şəkildə müzakirə etdiyimiz üçün Prezident İlham Əliyevə təşəkkürümü bildirmək istəyirəm. Ümumi dəyərlərə dair bölüşdüyümüz öhdəliklər - demokratiya, qanunun aliliyi, insan haqları əlaqələrimizin əsas hissəsini təşkil edir və düşünürəm ki, bu, nailiyyət üçün vacibdir.

Mən Bakıda olarkən ölkənin iqtisadi cəhətdən cəlbedici şəkildə müasirləşdiyinin şahidi oldum. Bu gün Prezident İlham Əliyev bütün sahələrdə bu müasirləşməyə sadiq olduğunu mənə bir daha dedi.

Xanımlar və cənablar, enerji məsələsi danışıqlarımızın digər bir əsas mövzusu idi. Bildiyiniz kimi, bu ilin yanvarında mən Prezident Əliyev ilə birgə “Cənub” qaz dəhlizinin yaradılmasına dair birgə bəyannamə imzaladıq. Bu, enerji təchizatı və tələbatımızın təhlükəsizliyi və şaxələndirilməsi üçün çox vacibdir. Bu dəhliz strateji məqsədimizdir, Azərbaycan üçün strateji məsələdir. Çünki bu, dünyanın ən iri və deyərdim ki, ən etibarlı bazarına, Avropa bazarına ölkənin birbaşa çıxışını təmin edəcəkdir. Bu, eyni zamanda, Avropa İttifaqı üçün də strateji məsələdir. Çünki bununla biz Xəzər hövzəsindən alternativ təchizat marşrutu əldə etməyə imkan yaradacağıq.

Bu gün biz bu işlərin davam etdirilməsinə və dəhlizin reallığa çevrilməsinə dair razılığa gəldik. Nəhayət, biz qonşu regiondakı və Cənubi Qafqazdakı vəziyyəti də müzakirə etdik. Mən vurğuladım ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını güclü şəkildə dəstəkləyir. “Əsas prinsiplər” adlandırılan razılaşmanın yekunlaşdırılması üçün əlavə səylərin göstərilməsinin vaxtıdır. Münaqişənin həlli istiqamətində danışıqlar iki gündən sonra davam etdiriləcəkdir. Ümid edirəm ki, hər iki tərəf irəliyə doğru gedə biləcəkdir. Öncə qeyd etdiyim kimi, status-kvo bir variant deyildir.

Cənab Prezident, Brüsselə gəldiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Həqiqətən də bizim birgə görəcəyimiz işlər çoxdur. Avropa İttifaqı ilə Azərbaycanın daha da yaxınlaşdırılması üçün əməkdaşlığımızı davam etdirəcəyimizə ümid edirəm. Düşünürəm ki, ötən ay Azərbaycanın “Eurovision” mahnı müsabiqəsindəki parlaq qələbəsi bu istiqamətdə ilk addım oldu. Əksər avropalıların bu Avropa müsabiqəsində Azərbaycana səs verməsi faktı Avropanın Azərbaycana dair nə qədər səmimi olduğunu nümayiş etdirdi. Bilirəm ki, bir ildən sonra bu mötəbər beynəlxalq tədbir ölkənizdə keçiriləcəkdir. Əminəm ki, Siz bu fürsətdən istifadə edərək ölkənizin modernləşməyə və Avropanın ümumi dəyərlərinə nə qədər sadiq olduğunu nümayiş etdirəcəksiniz.

Təşəkkür edirəm.

Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı

- Təşəkkür edirəm, cənab sədr.

Xanımlar və cənablar!

İlk növbədə cənab sədrə məni Brüsselə dəvət etdiyinə və fəal dialoqumuzu davam etdirmək imkanına görə minnətdarlığımı bildirirəm. Bu dialoqun artıq yaxşı tarixi vardır. Bizim görüşlərimiz Avropa təsisatları ilə Azərbaycanın əlaqələrinin gələcək inkişafı üçün çox vacibdir. Mən, eyni zamanda, təbriklərinizə görə minnətdarlığımı bildirirəm və burada, Avropanın mərkəzində dünyanın ən mötəbər musiqi yarışmasında avropalıların gənc müğənnilərimizə qələbəni bəxş etdiklərinə görə azərbaycanlıların onlara nə qədər minnətdar olduqlarını bildirmək istəyirəm. Bu, Azərbaycanda sevincli və eyni zamanda, qürurlu bir gün idi. Bəlkə də ən önəmlisi o idi ki, bu, avropalıların, Avropa cəmiyyətinin, Avropanın müxtəlif hissələrindən olan insanların ölkəmizə, mədəniyyətimizə münasibəti idi. Hesab edirəm ki, bizim üçün bu vacib qələbə bir-birimizə nə qədər yaxın olduğumuzu bir daha nümayiş etdirdi.

Bu gün burada, Brüsseldə ikitərəfli gündəliyimizin mühüm məsələlərini müzakirə edərkən biz nə qədər yaxın olduğumuzu bir daha görürük. Hesab edirəm ki, üzərində birgə işlədiyimiz sənədlər imzalandıqdan sonra Avropa təsisatları ilə Azərbaycan arasında əlaqələrin daha da yaxınlaşmasına gətirib çıxaracaqdır. Biz bu münasibətlərdə maraqlıyıq, siyasətimizin Avropa hissəsi prioritet xarakter daşıyır. Əlaqələrimizin çox geniş gündəliyi vardır. Təbii ki, siyasi dialoq, modernləşdirmə siyasəti və Azərbaycanda demokratik islahatlar daim danışıqlarımızın bir hissəsidir. Biz Azərbaycanda demokratikləşdirmə prosesinin davam etdirilməsinə, qanunun aliliyinin və bütün demokratik azadlıqların təmin edilməsinə sadiqik. Hesab edirəm ki, Azərbaycan müstəqillik dövrü ərzində çox böyük səylər göstərmiş və ölkədə demokratikləşdirmə prosesində uğurlara imza atmışdır. Avropanın ən inkişaf etmiş ölkələrinin ən gözəl təcrübəsi təbii ki, bizə iqtisadi islahatlara söykənən siyasi islahatları davam etdirmək üçün yeni imkanlar açır. Son illər ərzində Azərbaycanın iqtisadi göstəriciləri çox böyük təsir bağışlayır. Biz artıq iqtisadiyyatımızı şaxələndirməyə və sahibkarlığa dəstək verməyə nail ola bilmişik. Bu gün ümumi daxili məhsulun 80 faizdən çoxu özəl sektorun payına düşür. Bu onu göstərir ki, iqtisadi sahədə aparılan liberal islahatlar nəticəyə gətirib çıxarır. Təbii ki, siyasi islahatlar olmadan iqtisadi sahə qaneedici ola bilməz. Biz bu islahatlar prosesini irəliyə doğru aparırıq. Əminəm ki, Avropa təsisatları ilə sıx əlaqələr bizə bu istiqamətlərdə daha çox uğur qazanmağa kömək edəcəkdir.

Bu gün biz cənab sədrin qeyd etdiyi kimi, regional təhlükəsizlik məsələlərini də müzakirə etdik. Bizim üçün ən önəmlisi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Biz ərazilərimizin işğalına son qoymaq istəyirik. Cənab Barrozunun bu gün səsləndirdiyi bəyanatlar bizi daha da ürəkləndirir və bu yaxınlarda ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin - ABŞ, Rusiya və Fransa rəhbərlərinin bəyanatları status-kvonun qəbuledilməz olduğunu göstərir. Status-kvo dəyişilməlidir. Bu bəyanatlar bizi daha da ruhlandırır, çünki status-kvonun dəyişilməsi işğalın sonu deməkdir. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü bərpa olunmalıdır. Əsas prinsiplərin qəbul edilməsi və danışıqlar prosesi zamanı səmimi münasibətin göstərilməsi münaqişənin tezliklə həll olunmasına gətirib çıxaracaqdır. Xalqlarımız artıq yorulub, artıq 20 ildir ki, torpaqlarımız işğal altındadır. Biz istəyirik ki, insanlarımız öz doğma torpaqlarına qayıda bilsinlər.

Enerji təhlükəsizliyi daim əlaqələrimizin gündəliyində duran məsələdir. Cənab Barrozunun bu ilin yanvarında Bakı səfərindən sonra biz bu istiqamətdə daha sürətlə irəliyə doğru gedirik. Səfərdən əvvəl də bizim yaxşı ünsiyyətimiz olub. Lakin səfər və “Cənub” qaz dəhlizi ilə bağlı imzalanan birgə bəyannamə bu məsələdə böyük bir təməl daşı idi.

Eyni zamanda, onu demək istəyirəm ki, cənab Barrozunun Bakıya səfəri zamanı Avropa İttifaqı ilə Azərbaycan arasında birgə işçi qrupu yaradılmışdır. Bu qrup səmərəli fəaliyyət göstərir və mühüm məsələləri müzakirə edir. Biz “Cənub” qaz dəhlizini dəstəkləyirik və ümid edirəm, ilin sonunadək bütün tranzit ölkələr və potensial istehlakçılarla danışıqlar yekunlaşacaq ki, bu nəhəng qaz layihəsinin icrasına start verilsin. Bu layihə Azərbaycana bütün ehtiyatlarını reallaşdırmağa imkan verəcək, eyni zamanda, Avropa istehlakçıları üçün alternativ və etibarlı bir təchizat marşrutu olacaqdır. Bizim külli miqdarda qaz ehtiyatlarımız vardır. Bu, bizə və istehlakçılarımıza 100 ildən artıq bir müddətə kifayətdir. Bu gün biz bu istiqamətdə vacib qərarların verilməsi ərəfəsindəyik.

Mən bir daha Sizə, cənab sədr, göstərdiyiniz qonaqpərvərliyə görə minnətdarlığımı bildirirəm. Bizim həmişəki kimi çox səmimi, faydalı və səmərəli danışıqlarımız oldu. Mən fürsətdən istifadə edərək Sizi bir daha gələcəkdə ölkəmizə dəvət etmək istəyirəm, Sizə və bütün avropalılara ən xoş arzularımı çatdırıram. Yekunda çıxışımın əvvəlində toxunduğum məsələyə qayıtmaq istərdim. “Eurovision” mahnı müsabiqəsindəki dəstəyə görə bütün avropalılara təşəkkürümü bildirirəm.

Sonra jurnalistlərin sualları cavablandırıldı.

X X X

Nəsib MUXTAROV (Azərbaycan Televiziyası): Sualım Prezident Əliyevə və cənab Barrozuyadır. Bugünkü görüş zamanı viza rejiminin sadələşdirilməsi məsələlərini müzakirə etmisinizmi?

Prezident İlham ƏLİYEV: Bəli, müzakirə olundu və cənab sədr bu haqda artıq dedi. Ümid edirik ki, bu məsələ ilə bağlı aparılan danışıqlar bir sıra kateqoriyalardan olan Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə daha asan çıxış əldə etməsinə gətirib çıxaracaqdır. Hesab edirəm ki, Avropa İttifaqına üzv ölkələrin Azərbaycan ilə bugünkü əməkdaşlığı çox yüksək səviyyədədir. Avropa İttifaqına üzv ölkələr bizim əsas ticarət tərəfdaşlarımızdır. Yeri gəlmişkən, Avropa İttifaqına üzv ölkələrlə çox fəal ikitərəfli əlaqələrimiz vardır və təbii ki, Azərbaycan vətəndaşlarının Avropa ölkələrinə asanlıqla səyahət etmək imkanı da Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaxınlaşmasına səbəb olacaqdır. Çünki insanların bir-biri ilə ünsiyyəti siyasi dialoq qədər vacibdir.

Avropa Komissiyasının sədri Xose Manuel BARROZU: Cənab Prezident dediyi kimi, bu məsələ müzakirə olundu və hazırda komissiya razılaşma üçün danışıqların əsaslanması üzərində çalışır. Həmin razılaşmanın sentyabrın əvvəllərində qəbul edilməsi gözlənilir. Avropa İttifaqı və üzv ölkələr bu məsələ ilə bağlı çalışır. İnanıram ki, bu qərar Avropa İttifaqı ilə Azərbaycanı indikindən də daha yaxın edəcəkdir.

Riçard YOZYEK (Avropa radiosu): Sualım Prezident Əliyevədir. Cənab Prezident, Ermənistandan olan həmkarınız bu gün Avropa Şurasına müraciət edərək bəyan etmişdir ki, Azərbaycanda ermənifobiyanın artması və Azərbaycanın Madrid prinsiplərinə müəmmalı yanaşması iki gün sonra Kazanda keçiriləcək görüşdə problem yarada bilər. Bu məsələ ilə bağlı mövqeyinizi bilmək maraqlı olardı.

Prezident İlham ƏLİYEV: Mən bu barədə eşitməmişdim. Bunu sizdən eşidirəm. Əgər belə deyilibsə, çox təəssüf. Əgər Xocalı şəhərində dinc azərbaycanlılara qarşı hərbi əməliyyatlarda şəxsən iştirak edən bir şəxs Azərbaycanda ermənifobiyadan danışırsa, bu, çox gülməlidir. Azərbaycanlılar təcavüzün qurbanlarıdır. Torpaqlarımız işğal altındadır. Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini yürüdür, 700 min azərbaycanlı Dağlıq Qarabağın inzibati sərhədlərindən kənar torpaqlardan didərgin salınıb. Təbii ki, bu insanlar öz torpaqlarına qayıtmaq istəyir və bu, onların fundamental hüququdur. Azərbaycanın ərazi bütövlüyü heç bir ölkə tərəfindən sual altına qoyulmur. BMT Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təbii ki, Ermənistanın və Azərbaycanın münaqişəyə münasibəti fərqlidir. Çünki ərazisinin 20 faizi işğal altında olan Azərbaycan Ermənistanın heç bir santimetr belə ərazisini zəbt etməyib. Biz bu təcavüzün qurbanıyıq. Bu səbəbdən cəmiyyətimizdəki əhval-ruhiyyə Ermənistandakı ab-havadan fərqlənir.

Biz həm cənab Barrozudan, həm həmsədr ölkələrin rəhbərlərindən “status-kvo dəyişdirilməlidir” bəyanatlarını eşidəndə ruhlanırıq. Status-kvonun dəyişdirilməsi vəziyyətin dəyişməsi, işğala son qoyulması deməkdir.

Madrid prinsiplərinə gəldikdə isə, iki il əvvəl Azərbaycan bəyan etdi ki, Madrid prinsiplərini danışıqların əsası kimi qəbul edir. Biz ümid edirik ki, Ermənistan da eyni addımı atacaqdır. Bu prinsiplər bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasını, digər tərəfdən isə Dağlıq Qarabağda yaşayan insanlara ən yüksək səviyyədə özünüidarəetmə statusunun verilməsini nəzərdə tutur. Əgər qəbul olunarsa bu, sülhə aparan yol ola bilər. Biz regionumuzda sülh istəyirik. İstəyirik ki, insanlarımız fundamental hüquqlarından istifadə edərək doğma yurdlarına qayıda bilsinlər. Bundan sonra Cənubi Qafqazda vəziyyət dəyişəcək, tamamilə müsbət, dinamik vəziyyət yaranacaq və Qafqazın bütün ölkə və xalqlarının çiçəklənməsinə gətirib çıxaracaqdır.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10