31 avqust 2017, 14:00

Vüqar Nəcəfov və başqalarından, Mingəçevir, Azərbaycan

Möhtərəm cənab Prezident,

Biz – Mingəçevir şəhərindəki Vaqif Abdullayev küçəsindəki çoxmənzilli binaların, İxtiyar Qasımov küçəsindəki fərdi yaşayış evlərinin sakinləri Vətənimizin tərəqqisi, inkişafı naminə apardığınız uğurlu daxili və xarici siyasətinizi dəstəkləyir, regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarına əsasən həyata keçirilən bütün tədbirləri ürəkdən bəyənirik. Məhz bu tədbirlərin nəticəsidir ki, ölkəmiz gündən-günə inkişaf edir, Azərbaycan dünyaya bir pəncərə kimi açılır. Sizin diqqət və qayğınızın bəhrəsidir ki, son illərdə Mingəçevir şəhəri tamamilə müasirləşib, ölkənin ən gözəl şəhərlərindən birinə çevrilib. Şəhərdə görülən abadlıq-quruculuq işlərinin həcmi xeyli genişlənib.

İndi Mingəçevirimiz yolları, küçələri, meydan və parkları, yaşıllıqları ilə zəngin bir şəhərə çevrilib. Əhalinin rahat və firavan yaşaması üçün küçələr xüsusi zövqlə əsaslı təmir edilib. Sakini olduğumuz Vaqif Abdullayev və İxtiyar Qasımov küçələrində, eləcə də onların kəsişməsində görülən yenidənqurma işləri fərəh hissimizi daha da artırır.

Cənab Prezident, bütün bu işlərə görə Sizə minnətdarıq. Ömrünüz uzun olsun.

Hörmətlə,

Nəcəfov Vüqar

 Ağakişiyev Elxan

Əkbərzadə Türkan

Mirzəyeva Arzu və başqaları (cəmi 29 nəfər).