08 sentyabr 2017, 16:30

Bəylər Nuriyev və başqalarından, Cəlilabad, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə qeyri-neft sektorunun inkişaf etdirilməsi və regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün həyata keçirdiyiniz genişmiqyaslı tədbirlər ölkənin bütün vətəndaşları kimi, Cəlilabad rayon ictimaiyyəti tərəfindən də razılıq və minnətdarlıq hissi ilə qarşılanır. Sizin diqqət və qayğınız nəticəsində Cəlilabad inkişaf edib, rayonumuzda tikinti-abadlıq və quruculuq işləri genişləndirilib, yeni təhsil, səhiyyə, mədəniyyət obyektləri tikilib istifadəyə verilib, elektrik, qaz, su təsərrüfatı yenidən qurulub və rayonun bütün kəndlərinə asfalt yollar çəkilib.

Bu il sentyabrın 2-də rayonumuza növbəti səfəriniz zamanı həyata keçirilən işlərə yüksək qiymət verməyiniz rayon ictimaiyyətini hədsiz dərəcədə sevindirdi və yeni-yeni nailiyyətlərə ruhlandırdı. 

Hörmətli cənab Prezident, Cəlilabad-Yardımlı avtomobil yolunun tikintisinin davam etdirilməsi üçün vəsaitin ayrılması barədə 2017-ci il 4 sentyabr tarixli Sərəncamınız, sözün əsl mənasında, bizlərə sevinc bəxş etdi. Həmin yolun tikintisinin davam etdirilməsi əhalini uzun müddətdən bəri narahat edən problemin aradan qaldırılmasında, nəqliyyat vasitələrinin gediş-gəlişinin asanlaşdırılmasında mühüm rol oynayacaq.

Sizi ürəkdən sevən Cəlilabad rayonunun əhalisinə göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə bir daha hədsiz minnətdarlığımızı, dərin ehtiramımızı və ən xoş arzularımızı bildiririk. Sizə və ailənizə uzun ömür, möhkəm cansağlığı arzulayırıq.

Hörmətlə,

 

Nuriyev Bəylər

Ağayev Tofiq

Bədirov Miryaqub

Tağıyev Yavər və başqaları.

Azərbaycan Respublikası, Cəlilabad rayonu.