“Sosial sığorta ehtiyatından istifadə Qaydası”nın və “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

12 sentyabr 2017, 19:05

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 10 mart tarixli 543-VQD nömrəli Qanununun tətbiqi və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 mart tarixli 377 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 1 may tarixli 1352 nömrəli Fərmanının 3.1-ci və 3.2-ci bəndlərinə uyğun olaraq qərara alıram:

1. “Sosial sığorta ehtiyatından istifadə Qaydası” təsdiq edilsin (əlavə olunur).

2. “Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası” təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

3.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aşağıdakı normativ hüquqi aktları bir ay müddətində təsdiq edib, onların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

4.1. bu Fərmanın 2-ci hissəsi ilə təsdiq edilmiş Qaydanın:

4.1.1. 2.1-ci bəndində nəzərdə tutulmuş ərizənin formasını;

4.1.2. 2.2-ci bəndində və 4-cü hissəsində nəzərdə tutulmuş məlumatların formasını;

4.1.3. 2.4-cü bəndində nəzərdə tutulmuş bildirişin formasını.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 sentyabr 2017-ci il.