Gerb

26 sentyabr 2017, 17:15

Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası nəticəsində Salyan rayonunda əsas kapitala yönəldilmiş vəsait 44,2 dəfə, tikinti quraşdırma işlərinin həcmi 79,2 dəfə artmış, bir sıra mühüm sosialyönümlü infrastruktur layihələri həyata keçirilmiş, Olimpiya İdman Kompleksi, Bayraq Meydanı və Bayraq Muzeyi Kompleksi, Uşaq Texniki Yaradıcılıq Mərkəzi, əlil və şəhid ailələri üçün ümumilikdə 40 mənzilli 3 yaşayış binası inşa edilmiş, Rayon Mərkəzi Xəstəxanası, Tarix-Diyarşünaslıq Muzeyi əsaslı təmir olunmuş, təhsil ocaqları və digər obyektlər istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, 48 kənddə modul tipli sutəmizləyici qurğular quraşdırılmış, iri istehsal və emal müəssisələri yaradılmış, 17 mindən çox yeni iş yeri açılmış, genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüşdür.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Salyan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi məqsədi ilə qərara alıram:

1. Salyan şəhərində 34 çoxmənzilli binanın fasad hissəsinin və kommunikasiya xətlərinin əsaslı təmiri üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Salyan Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 sentyabr 2017-ci il.