29 sentyabr 2017, 12:00

Vasif Əliyevdən, Neftçala, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin diqqət və qayğınızla Azərbaycanın hər bölgəsi kimi, doğma Neftçalamız da böyük inkişaf yoluna qədəm qoyub. Rayonumuzda abadlıq-quruculuq işləri geniş vüsət alıb. Siz mütəmadi olaraq regionlara səfərlər edir, yerlərdə sadə insanlarla görüşür, mövcud problemlərlə yaxından maraqlanır və onların həlli üçün müvafiq göstərişlər verirsiniz. Bununla da xalqımıza olan sevginizi bariz şəkildə sübut edirsiniz.

Sizin rayonumuza hər səfəriniz Neftçala sakinləri üçün əsl toy-bayrama çevrilir. Bir neçə gün öncə Neftçalada keçirdiyiniz görüşlər insanların yaddaşında silinməz izlər buraxdı. Rayonumuzun sosial-iqtisadi inkişafı ilə bağlı imzaladığınız sərəncamlar isə rayon əhalisinin böyük sevincinə səbəb oldu. Neftçala Sənaye Məhəlləsinin yaradılması, burada mühüm istehsal sahələrinin istifadəyə verilməsi, yeni iş yerlərinin açılması, Mərkəzi Rayon Xəstəxanasının əsaslı təmiri, elektrik enerjisi sisteminin yaxşılaşdırılması, magistral su kanalının çəkilişi neftçalalılara olan ən böyük hədiyyədir.

Hörmətli cənab Prezident, hər bir rayon sakini kimi, mən də rayonumuza göstərdiyiniz bu diqqət və qayğıya görə Sizə dərin hörmət və ehtiramımı bildirir, müstəqil dövlətimizin, xalqımızın xoşbəxt gələcəyi naminə yorulmaz fəaliyyətinizdə Sizə daha böyük uğurlar arzulayıram.

Dərin hörmətlə,

Əliyev Vasif Vaqif oğlu.

Azərbaycan Respublikası, Neftçala rayonu.