03 oktyabr 2017, 15:45

Lazım Əliyevdən, Mingəçevir, Azərbaycan

Hörmətli cənab Prezident,

BMT Baş Assambleyasının 72-ci sessiyasının açılışındakı nitqinizdə Dağlıq Qarabağ probleminə geniş yer ayırmağınız bizi çox sevindirdi. Siz dünyaya bir daha bəyan etdiniz ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin, eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

Sizin rəhbərliyinizlə Azərbaycan qüdrətli, hüquqi, demokratik, tolerant və davamlı inkişafda olan bir ölkəyə çevrilib. Sizin qeyd etdiyiniz kimi, Azərbaycan xalqının ən böyük xoşbəxtliyi ondan ibarətdir ki, biz xalqın milli maraqlarına əsaslanan, müstəqil siyasət aparan müstəqil ölkədə yaşayırıq.

Möhtərəm Prezident, bütün bu uğurların təməlində ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin, dövlətçilik ənənələrinin Sizin tərəfinizdən uğurla davam etdirilməsi dayanır. Yolunuz hər zaman açıq, addımlarınız uğurlu olsun.

Hörmətlə,

Əliyev Lazım.

Azərbaycan Respublikası, Mingəçevir şəhəri.