İlham Əliyevin “Qarabağ” futbol klubunun heyətinin qəbulunda nitqi

24 avqust 2017, 15:35
İlham Əliyevin “Qarabağ” futbol klubunun heyətinin qəbulunda nitqi

Dünən ölkəmizin futbol tarixinin yeni səhifəsi açılmışdır. “Qarabağ” futbol klubu UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır. Bu tarixi qələbə münasibətilə sizin hamınızı ürəkdən təbrik edirəm. Siz Azərbaycan xalqına qələbə sevinci bəxş etdiniz. Siz gərgin mübarizədə bir daha göstərdiniz ki, Azərbaycan idmançısı, Azərbaycan vətəndaşı öz xalqına, dövlətinə bağlıdır, güclüdür, peşəkardır və ölkəmizi beynəlxalq müstəvidə ləyaqətlə təmsil edir.

Bu tarixi qələbə, eyni zamanda, ona görə önəmlidir ki, bu qələbəni hamımız üçün doğma və əziz olan “Qarabağ” komandası qazanıb. “Qarabağ” komandası Qarabağın adını daşıyır. “Qarabağ” komandası işğal altında olan Ağdam şəhərini təmsil edir. Ona görə sizin qələbənizin çox böyük əhəmiyyəti, mənası var. Bu, sadəcə olaraq, idman qələbəsi deyil, bu, dövlətimizin, Azərbaycan gəncliyinin, vətənpərvər insanların qələbəsidir. Biz döyüş meydanlarında da, idman meydançalarında da qələbələr qazanırıq. Necə ki, keçən ilin aprel ayında qəhrəman Azərbaycan hərbçiləri şücaət göstərərək torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdilər. O torpaqlarda indi həyat qaynayır. Vətəndaşlar işğaldan azad edilmiş torpaqlara qayıdıblar, indi orada yaşayırlar, qururlar, yaradırlar. O torpaqlarda indi Azərbaycan bayrağı dalğalanır.

Siz də dünən Azərbaycan bayrağını futbol sahəsində yüksəklərə qaldırmısınız. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı və xaricdə yaşayan milyonlarla azərbaycanlı sizin qələbənizə ürəkdən sevinirdi, fəxr edirdi ki, Azərbaycan komandası, xüsusilə “Qarabağ” adını daşıyan komanda bu gün dünyanın, Avropanın ən güclü komandaları arasında yer tutub.

Bu qələbə, eyni zamanda, Azərbaycanda futbolun inkişafının təzahürüdür. Mən çox şadam ki, dünyanın ən populyar idman növü – futbol Azərbaycanda inkişaf edir. Biz bu inkişafı çoxdan gözləyirdik. Futbolçularımızın qələbələrini səbirsizliklə gözləyirdik. Bu gün hesab edirəm ki, bunun şahidiyik. Çünki həm klublar, həm milli yığma komandamız yaxşı nəticələr, ləyaqətli oyun, əzmkarlıq, iradə və vətənpərvərlik göstərir. Ona görə mən hesab edirəm ki, Azərbaycan futbolu gələcəkdə daha da sürətlə inkişaf edəcək, həm klublar, eyni zamanda, yığma komandamız ölkəmizi ləyaqətlə təmsil edəcək.

Əlbəttə ki, bu qələbə son illər ərzində ölkəmizdə idman sahəsində görülən işlərin nəticəsidir. Çünki idman Azərbaycanda dövlət siyasətidir. Bu gün Azərbaycan dünya miqyasında idman dövləti kimi tanınır. İstər Avropa və dünya çempionatlarında, istərsə də Olimpiya Oyunlarında idmançılarımız yüksək nəticələr göstərirlər. Bakıda keçirilmiş birinci Avropa və IV İslam Həmrəyliyi oyunları bir daha Azərbaycan idmançılarının gücünü göstərdi. Biz komanda hesabında Avropa Oyunlarında ikinci, İslam Həmrəyliyi Oyunlarında isə birinci yerə layiq görüldük. Bu, tarixi qələbədir. Eyni zamanda, keçən il Rio Yay Olimpiya Oyunlarında Azərbaycan idmançıları 18 medal qazanmışlar və medalların sayına görə dünya miqyasında 14-cü yeri tutmuşlar.

Bu, gənc müstəqil dövlət üçün tarixi nailiyyətdir. Çox şadam və bir daha qeyd etmək istəyirəm ki, ən məşhur, ən populyar idman növü olan futbol da Azərbaycanda inkişaf edir. Yeni stadionlar yaradılır, bizim tarixi Tofiq Bəhramov adına stadionumuz bir neçə il bundan əvvəl əsaslı təmir olunmuşdur. Dünyanın ən gözəl stadionlarından biri olan, təxminən 70 min tamaşaçı tutan Bakı Olimpiya Stadionu tikilmişdir. Digər stadionlar, bölgələrdə stadionlar, idman qurğuları tikilir. Çünki idmanın inkişafı, əlbəttə, idman infrastrukturunun mövcudluğuna bağlıdır. Bu istiqamətdə həm bölgələrdə, həm Bakıda ən müasir idman infrastrukturu yaradılmışdır.

Əminəm ki, bu qələbədən sonra futbol bölmələrinə uşaqların axını daha da güclənəcək, futbolçu olmaq, sizə oxşamaq istəyənlərin sayı artacaq. Əlbəttə ki, bu, sizin üzərinizə əlavə məsuliyyət qoyur. Çünki sizi indi Azərbaycanda demək olar ki, tanımayan yoxdur. Sizə diqqət artacaq və necə ki, siz bu günə qədər həm idmanda, həm məişətdə özünüzü ləyaqətlə aparmısınız, əminəm ki, gələcəkdə də gənclər, gənc idmançılar üçün nümunə olacaqsınız.

Onu da qeyd etmək istəyirəm ki, dünənki qələbə təsadüfi qələbə deyildi. Siz bu qələbəyə doğru neçə ildir ki, gedirdiniz. Həm daxili çempionatda bir neçə dəfə çempion olmusunuz, neçə il Avropa Liqasının qrup mərhələsində iştirak etmisiniz. Mən sizinlə əvvəlki görüşümü xatırlayıram. O vaxt hakimin ədalətsizliyi ucbatından siz qələbədən məhrum edilmişdiniz. Onu da xatırlayıram ki, - o vaxt da mən bunu qeyd etdim, - ədalətsizliyə baxmayaraq, özünüzü çox ləyaqətlə, təmkinlə aparmısınız və ədalət öz yerini tapdı. Siz bu gərgin, çox açıq, ədalətli mübarizədə sübut etdiniz ki, Azərbaycan futbolu inkişaf edir və böyük qələbələr qazana bilər. Ona görə sizin qələbəniz təbiidir və ədalətlidir.

Mən bu münasibətlə, ilk növbədə, klubun rəhbərliyini təbrik etmək istəyirəm, xüsusilə, klubun rəhbəri Tahir Gözəli. Mən bilirəm ki, Tahir bu məsələyə çox böyük sevgi ilə, ürəklə yanaşır. Bəlkə də bu gün ən çox sevinən elə Tahirdir. Səni təbrik edirəm, Tahir. Sənin bütün köməkçilərini, mütəxəssisləri təbrik edirəm. Komandanın baş məşqçisi Qurban Qurbanovu təbrik edirəm. Qurban Qurbanov özünü futbolda həm peşəkar futbolçu, həm bilikli məşqçi, həm də vətənpərvər insan kimi təsdiqlədi.

Eyni zamanda, - yəqin ki, tamaşaçılar da mənim fikrimə şərik olarlar, - Qurban Qurbanov özünü oyunlar zamanı çox ləyaqətlə aparır. Əminəm ki, onun davranışı, əminliyi və təmkinliyi futbolçulara da əlavə güc verir. Əlbəttə ki, futbolçuları təbrik etmək istəyirəm. Çünki bu qələbəni futbolçular qazanıblar. Futbolçu olmaq, idmançı olmaq çox böyük zəhmət, fədakarlıq tələb edir. Futbolçular, əfsuslar olsun ki, gənc yaşlarından zədələrlə üzləşirlər, əməliyyat olunurlar. Ağır işdir, ağır peşədir. Futbolçular göstəriblər ki, onlar böyük qələbələr qazanmağa qadirdirlər.

Bu gün “Qarabağ” futbol klubu Avropanın aparıcı klubları ilə yarışır və yarışacaq. İndi bütün xarici kütləvi informasiya vasitələrinin xəbərlərində artıq Azərbaycanın “Qarabağ” klubu haqqında verilişlər gedir. Bu, əlbəttə ki, ölkəmizin təbliğində çox önəmli hadisədir. Yenə də bütün dünya görür ki, Qarabağ Azərbaycan torpağıdır. Yenə də görürlər ki, baxmayaraq Ağdam şəhəri işğal altındadır, ancaq onun təmsilçiləri Avropanı fəth edirlər. Bu, yenə də göstərir ki, Azərbaycan xalqı bu işğalla heç vaxt barışmayacaq. Onu göstərir ki, biz öz torpağımızda yaşayırıq və hamımız arzu ilə yaşayırıq ki, torpaqlarımız işğaldan azad olunsun. Hər bir qələbə, hər bir uğurumuz, istənilən sahədə uğurumuz o günü yaxınlaşdırır.

Keçən ilin aprel döyüşləri onu göstərdi ki, Azərbaycan istənilən vaxtda öz ərazi bütövlüyünü bərpa edə bilər. Bu gün hərbi potensialımız imkan verir ki, biz döyüş bölgəsində bütün vəziyyətə nəzarət edək və öz iradəmizi diktə edək. İdmanda da belədir və idman sevincini bizə idmançılar bəxş edir.

Mən sizin qələbənizi çox yüksək qiymətləndirirəm. Bu, tarixi qələbədir. Bu qələbə tarixə yazılıbdır və çox ədalətlidir ki, məhz “Qarabağ” klubu bu qələbəyə imza atdı. Mən sizi bir daha təbrik edirəm, gələcək uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, siz qrup mərhələsində də ölkəmizi layiqincə təmsil edəcəksiniz. Sağ olun.

SƏNƏDLƏR Sərəncamlar 17 aprel 2024
16:55
Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

2023-cü il noyabrın 10-da Türkiyə Respublikasının İstanbul şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam...

17 aprel 2024, 16:55
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:55
“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə–Azərbaycan Universitetinin (TAU) yaradılmasına dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanmış “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə...

16 aprel 2024, 13:55
SƏNƏDLƏR Qanunlar 16 aprel 2024
13:53
“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alır:

“Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi...

16 aprel 2024, 13:53
SƏNƏDLƏR Fərmanlar 16 aprel 2024
13:51
“Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 5 aprel tarixli 1129-VIQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 27 iyul tarixli 162 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının...

16 aprel 2024, 13:51
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:48
F.Ə.Adıgözəlovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                             

Fərhad Əsgər oğlu Adıgözəlov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə...

16 aprel 2024, 13:48
SƏNƏDLƏR Sərəncamlar 16 aprel 2024
13:46
A.M.İbadovun Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                               

Aydın Münsüf oğlu İbadov Azərbaycan Respublikası Dövlət Reklam Agentliyinin İdarə Heyətinin...

16 aprel 2024, 13:46
SƏNƏDLƏR Fərmanlar 15 aprel 2024
14:35
“Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və “Təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1099-VIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 3 may tarixli 1361 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan...

15 aprel 2024, 14:35