18 oktyabr 2017, 12:15

Vüsalə Məmmədovadan, Qobustan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Azərbaycan vətəndaşlarının firavan yaşamasını təmin etmək üçün gördüyünüz işlərin sayı-hesabı yoxdur. Sizin Qobustana səfər etdiyiniz gün həyatımın ən yaddaqalan, ən əziz günlərindən biri oldu. Sizin hər sözünüzü, hər kəlmənizi diqqətlə dinlədim və bir daha əmin oldum ki, Azərbaycan xalqı həqiqətən çox bəxtəvərdir. Dövlətimizin başçısının xalqa bu qədər yaxın olması, hər zaman onun rifahını düşünməsi insanlarda Sizə olan güvəni, etibarlı möhkəmləndirir. Ölkənin hər bir vətəndaşı Sizi özünə ən güclü dayaq bilir. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş etibarlı təməl əsasında Sizin apardığınız uğurlu daxili və xarici siyasətin yalnız bir amalı var: dövlətimiz öz qüdrəti ilə tanınsın, xalqımız azad, firavan yaşasın.

Sizin regionlara səfərləriniz yerlərdə yeni iş yerlərinin, insanların həyat şəraitinin yaxşılaşdırılması üçün obyektlərin, məktəb, xəstəxana və digər yeni tikililərin açılması, yeni infrastrukturun yaradılması ilə yadda qalır. Qobustana hər səfərinizdə də biz bunun şahidi olmuşuq. Yollar çəkilib, yeni binalar əhalinin ixtiyarına verilib. Sizin qayğınız nəticəsində içməli su layihəsi istifadəyə verildi. İndi bütün həyətlərə, evlərə gələn sudan rahatlıqla istifadə olunur. İçməli su sarıdan uzun illər əziyyət çəkən sakinlərin sevinci yerə-göyə sığmır. “Su qədər ömrünüz olsun, möhtərəm Prezidentimiz!”, – deyən insanlar Sizə dualar edirlər. Bundan başqa, Cəngi-Bədəlli yolunun, yeni uşaq bağçasının açılışı qobustanlılara böyük töhfə oldu.

Möhtərəm Prezidentimiz, işlədiyim Qobustan şəhər 3 saylı məktəbin kollektivi adından Sizə möhkəm cansağlığı arzulayıram. Bütün Azərbaycan xalqı Sizə inanır, Sizinlə fəxr edir və hər zaman Sizinlə birlikdədir. Allah Sizi qorusun.

Hörmətlə,

Məmmədova Vüsalə.

Azərbaycan Respublikası, Qobustan rayonu.