22 noyabr 2017, 16:40

Ruhiyyə Hüseynovadan, Samux, Azərbaycan

Möhtərəm cənab Prezident,

Mən bir valideyn olaraq şəxsən öz adımdan və ailə üzvlərimin adından Sizə minnətdarlığımızı bildirirəm. Bu il “Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur-aksiyada mənim də övladım iştirak edib.  Onlar Vətənimizin cənub bölgəsi olan Lənkəran şəhərinə, Astara  və Masallı rayonlarına səfər edib, həmin bölgələrin tarixi, mədəniyyəti, adət-ənənəsi və təbiəti ilə yaxından tanış olublar. Hər bir uşağın vətənpərvər ruhda böyüməsi üçün ilk öncə öz ölkəsini tanıması lazımdır. Övladlarımız məhz bu tur-aksiya sayəsində yurdumuzu qarış-qarış gəzir, hər şeyi öz gözləri ilə görür və ölkələrinin tarixi-mədəni abidələrindən, sosial və iqtisadi inkişafından fəxrlə, ağızdolusu danışırlar.

Əziz Prezidentimiz, Sizin və respublikamızın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın yorulmaz fəaliyyəti və qayğısı nəticəsində bu gün övladlarımız müstəqil ölkəmizdə firavan yaşayır, müasir və zəngin maddi-texniki bazaya malik məktəblərdə təhsil alırlar. Mən bir valideyn olaraq övladlarımızın Azərbaycan dövlətinə və dövlətçiliyinə sadiq vətəndaş olmaları üçün yaratdığınız hər bir şəraitə görə Sizə və Mehriban xanıma bütün valideynlər adından dərin minnətdarlığımı bildirirəm. Nə yaxşı ki, ulu öndər Heydər Əliyev siyasətini uğurla davam etdirən, xalqımızı hər zaman qoruyan Sizin kimi Prezidentimiz var!

Hörmətlə,

Hüseynova Ruhiyyə Romik qızı.

Azərbaycan Respublikası, Samux  rayonu.