Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə İlham Əliyevin nitqi

28 noyabr 2017, 18:30
Sabirabad rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə İlham Əliyevin  nitqi

Şadam ki, sizinlə yenidən görüşürəm. Mən Sabirabadda dəfələrlə olmuşam. Bu, mənim Prezident kimi sayca səkkizinci səfərimdir. Bu səfərlər zamanı biz bir çox obyektlərin açılışında bərabər iştirak etmişik. Bu gün də gözəl səhiyyə ocağının açılışını bir yerdə qeyd edirik. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm.

Həm xarici görünüşü, həm də daxili şəraiti baxımından zövq oxşayan 205 çarpayılıq Sabirabad Rayon Mərkəzi Xəstəxanası ən yüksək standartlara cavab verir. Bu, çox gözəl memarlıq abidəsidir. Burada dünyanın aparıcı şirkətlərinin ən qabaqcıl avadanlığı quraşdırılıb, bütün şərait yaradılıb. Burada bütün şöbələr, o cümlədən cərrahiyyə, dializ, reanimasiya, terapiya şöbələri fəaliyyət göstərir. Bir sözlə, Sabirabad şəhərində açılan bu xəstəxana dünya səviyyəsində seçilən xəstəxanalardan biri olacaq.

Bu, onu göstərir ki, ölkəmizin bütün bölgələrində gözəl imkanlar var. Bu, onu göstərir ki, Azərbaycan bundan sonra da sosial sahədə böyük uğurlara imza atacaq. Çünki belə xəstəxanaların tikintisi, əlbəttə ki, maliyyə vəsaiti tələb edir və bu, təmin olunur. Azərbaycan iqtisadiyyatı inkişaf edir, maliyyə vəziyyətimiz sabitdir, siyasətimiz sosialyönümlüdür və sosial sahənin inkişafı bizim prioritetimizdir. Ölkəmizin bütün bölgələrində müasir xəstəxanalar istifadəyə verilib. Hesab edirəm, 2019-cu ildə bir dənə də şəhər qalmayacaq ki, orada müasir tibb ocağı olmasın. Gələn il təqribən altı yeni mərkəzi rayon xəstəxanası açılacaqdır. 2019-cu ildə qalan xəstəxanalar da istifadəyə veriləcək və beləliklə, Azərbaycanın hər bir şəhərində ən müasir tibbi xidmət göstəriləcək.

Səhiyyə sahəsində görülmüş işlər öz nəticəsini verir. Çünki bizim bütün göstəricilərimiz müsbətə doğru dəyişir, insanların ömrünün uzunluğu artır, həyat keyfiyyəti yaxşılaşır, ana və uşaq ölümü azalır. Bütün bunlar beynəlxalq səhiyyə təşkilatları tərəfindən də qiymətləndirilir. Bu gün Azərbaycan səhiyyə infrastrukturu baxımından dünya miqyasında qabaqcıl yerlərdədir. Bununla paralel olaraq, Azərbaycan, hesab edirəm, yeganə ölkədir ki, burada hər bir vətəndaş dövlət hesabına ildə bir dəfə pulsuz müayinədən keçir. Biz bu layihəyə bir neçə il bundan əvvəl başlamışıq. Hər il beş milyondan çox Azərbaycan vətəndaşı müayinədən keçir və artıq öz sağlamlığı, səhhəti ilə bağlı bütün bilgiləri alır. Bu, bizə imkan verir ki, xəstəliklər vaxtında müəyyən edilsin və lazımi müalicə də təyin olunsun. Hər il beş milyondan çox insan dövlət hesabına pulsuz müayinədən keçir. Belə gözəl tibb ocaqlarının yaradılması, əlbəttə ki, bizə bu təşəbbüsü irəli sürməyə imkan verdi. Çünki əgər şərait olmasaydı, biz bu proqramı icra edə bilməzdik.

Bir sözlə, Bakı şəhərində, bütün rayonlarda yeni səhiyyə ocaqlarının tikintisi prosesi, demək olar ki, başa çatır. Biz bu işlərə 2004-cü ildən başlamışıq. O vaxt birinci növbədə müalicə-diaqnostika mərkəzləri, ondan sonra mərkəzi rayon xəstəxanaları, ixtisaslaşmış xəstəxanalar yaradıldı. Bu gün səhiyyə sisteminin maddi-texniki bazası yüksək standartlara tam cavab verir.

Əvvəlki dövrlərdə də Sabirabad rayonunda sosial məsələlərin həllinə həmişə böyük diqqət göstərilmişdir. Son illər ərzində burada 30-a yaxın məktəb tikilib və təmir olunub, Olimpiya İdman Kompleksi, Gənclər Mərkəzi, “ASAN xidmət” mərkəzi istifadəyə verilib. Bölgələr üzrə ilk rayonlardan biri də Sabirabad idi ki, “ASAN xidmət” mərkəzi yaradılmışdır. Yəni, biz bütün bu işləri ona görə görürük ki, burada insanlar daha da yaxşı yaşasınlar, daha da yaxşı xidmətlərə malik olsunlar, həmçinin səhiyyə, təhsil, idman, ictimai xidmətlər yüksək səviyyədə təmin edilsin və biz buna nail oluruq.

Sabirabad rayonunda infrastruktur layihələri də icra edilir. Mənə verilən məlumata görə, qazlaşdırma artıq 90 faizə çatıbdır. Ümid edirəm ki, gələn il Sabirabadda qazlaşdırma 100 faizə çatacaqdır. Elektrik enerjisi ilə bağlı məsələlər öz həllini tapıb. Biz içməli su layihəsini sizinlə birlikdə üç il bundan əvvəl istifadəyə vermişik, kənd yollarının tikintisi uğurla gedir. Bu gün mən iki böyük layihənin açılışını qeyd edəcəyəm, gələn il də yeni kənd yolları layihəsi icra olunacaq. Beləliklə, hesab edirəm ki, gələn il Sabirabad rayonunun əksər kəndlərinin yolları tam təmirli olacaqdır. Çünki bu günə qədər dörd layihə icra edilibdir. Bu layihələr 100 mindən çox əhalini əhatə edir. Rayon əhalisinin sayı təqribən 180 minə yaxındır. Növbəti layihə də bir neçə min insanı əhatə edəcək və beləliklə, biz kənd yolları məsələlərini də həll etmiş olacağıq.

Yadımdadır, səfərlərimin birində vətəndaşlar körpü tikintisi ilə bağlı müraciət etmişdilər. Biz onu da vaxtında icra etdik və mən də açılışa gəlmişdim. Yəni, biz Sabirabad üçün nə lazımdırsa, artıqlaması ilə edirik. Çünki yeni təşəbbüslər də irəli sürülür. Onlardan biri də bu yaxınlarda mənim tərəfimdən irəli sürülüb. Bu təşəbbüs ondan ibarətdir ki, Sabirabadda böyük sənaye məhəlləsi yaradılsın. Bu gün mən o məhəllənin təməlini qoymuşam və əminəm ki, yaxın gələcəkdə Sabirabad böyük sənaye mərkəzinə çevriləcəkdir.

Sənaye məhəllələrinin yaradılması prosesi bir neçə il bundan əvvəl başlamışdır. Biz birinci məhəlləni Neftçala rayonunda yaratdıq və bu yaxınlarda onun açılışını etdik. Ondan sonra daha iki rayonda – Masallı və Hacıqabulda sənaye məhəllələrinin yaradılması istiqamətində işlər başlamışdır. Dördüncü sənaye məhəlləsi Sabirabadda yaradılacaqdır. Çünki burada çox böyük insan potensialı, təcrübəli mütəxəssislər var.

Azərbaycanın gələcək inkişafı kənd təsərrüfatının və sənayenin inkişafı ilə bağlıdır. Ona görə bu gün mənə Sabirabad Sənaye Məhəlləsinin layihəsi təqdim olundu. Mən fürsətdən istifadə edərək sabirabadlı iş adamlarına müraciət edirəm ki, onlar öz təkliflərini versinlər. Sənaye məhəlləsində bütün işlər, o cümlədən tikinti, istehsalat sahələrinin inşası, rabitə, infrastruktur, kommunikasiyalar, işıq, qaz, yollar, müəssisələrin yaradılması dövlət vəsaiti hesabına təmin ediləcək. Qaldı ki, sahibkarlara, onlar öz təkliflərini versinlər, avadanlıq alsınlar. Bu məsələdə də dövlət onlara kömək göstərəcək, güzəştli kreditlər, investisiya təşviqi sənədi verəcək və tezliklə burada böyük sənaye məhəlləsinin fəaliyyəti təmin ediləcəkdir.

Gələn il Sabirabadın inkişafı ilə bağlı infrastruktur layihələrinin - xüsusilə yeni kanal layihəsinin icrası nəzərdə tutulur. Bilirəm ki, bu məsələ Sabirabad zəhmətkeşlərini çox narahat edir. Bu layihə başlanmışdı, sonra yarımçıq qaldı. Mən göstəriş verdim, maliyyə vəsaiti nəzərdə tutulacaq və gələn il bu layihə tam başa çatacaq. Beləliklə, ən azı 11 min hektar torpağın suvarılması ilə bağlı heç bir problem olmayacaq.

Beləliklə, yeni əkin sahələri dövriyyəyə cəlb ediləcək. Zəhmətkeşlər, fermerlər, yerli icra orqanları birlikdə baxsınlar ki, burada hansı kənd təsərrüfatı məhsulları yetişdirilməlidir. Sabirabadın çox böyük potensialı var. Əlbəttə ki, ənənəvi kənd təsərrüfatı sahələri var, o cümlədən pambıqçılıq. Biz pambıqçılığın bərpasını da Sabirabaddan başladıq. Uzun fasilədən sonra birinci müşavirə Sabirabadda keçirildi. Biz ulu öndər Heydər Əliyevin ənənələrini bərpa etdik. Birinci tanış olduğum tarla Fatma xanımın tarlası idi. Orada zəhmətkeşlərlə yaxşı görüş oldu, sonra müşavirə keçirildi. Beləliklə, iki il ərzində biz pambıq tədarükünü 8 dəfə artıra bilmişik. 2015-ci ildə cəmi 35 min ton pambıq yığılmışdısa, bu il biz artıq 190 min tona çatmışıq. Təqribən 200 min ton, bəlkə ondan da çox pambıq tədarük edəcəyik. Texnika alınır, gübrələr verilir, suvarma işləri təmin olunur, vəsait ayrılır. Dövlət bu sahəni tam nəzarətə götürüb. Beləliklə, pambıqçılığın inkişafı sürətlə gedir və bilirsiniz ki, bu, məşğulluğu da artırır. Mənə verilən məlumata görə, indi 20 min insan pambıqçılıq sahəsində işləyir, hər gün əməkhaqqı alır, evinə pul aparır, həm dövlətə, həm özünə xeyir verir və ölkəmiz də inkişaf edir.

Ona görə növbəti illərdə həm Sabirabadda, həm də bütün başqa rayonlarda suvarma ilə bağlı nə lazımdırsa, biz onu da edəcəyik. İndi bütün layihələr təhlil edilir. Biz bu il qarşıya hədəf qoymuşuq ki, bu vaxta qədər suvarılmayan 150 min hektar torpaqda suvarmanı təmin edək. Biz bu hədəfə yaxınlaşırıq. Gələn il isə qarşıya məqsəd qoyulub ki, ən azı əlavə 100 min hektarda suvarma işləri təmin edilsin. Görün, məhsuldarlıq, iş yerləri, ölkəmizin ümumi daxili məhsulu nə qədər artacaq.

Planlarımız çoxdur. Gələn il fəal işləməliyik. Bu il də uğurla başa çatır. Baxmayaraq ki, son illər ölkə iqtisadiyyatı üçün o qədər də asan illər olmamışdır. Təbii ki, neftin qiymətinin aşağı düşməsi, dünyada gedən iqtisadi-maliyyə böhranı bizə də təsir etdi. Ancaq hesab edirəm ki, biz bu sınaqdan şərəflə çıxdıq. Heç bir sosial proqramı ixtisar etmədik, nəzərdə tutulmuş bütün məsələlər öz həllini tapdı. Biz hətta böhranlı illərdə xəstəxanalar açırıq. Bu gün Ağcabədidə böyük Olimpiya mərkəzi, Tərtərdə 1170 ailə üçün 34 binadan ibarət köçkün şəhərciyi açılıbdır. Ancaq bir gündə. Mən hələ yolları, hərbi hissələri demirəm. İndi quşçuluq fabriki açılacaq. Yəni, bir gündə baxın, nə qədər böyük işlər görülür və biz bu açılışlarda bərabər iştirak edirik. Əminəm ki, 2018-ci il də ölkəmiz üçün uğurlu olacaq və biz gələn ili də uğurla başa vuracağıq. Sizi bir daha təbrik edirəm.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10