13 dekabr 2017, 18:05

Dilbər Süleymanovadan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Biz - İsmayıllı rayonunun Soltankənd və Uştal kəndlərinin sakinləri 1988-ci ildə Ermənistandan deportasiya olunmuşuq. Bu gün biz dövlətimizin gücünü və qüdrətini görərək qürur hissi duyuruq. Fəxr edirik ki, Sizin kimi qətiyyətli Prezidentimiz, Azərbaycan kimi güclü dövlətimiz var.

Biz dövlətimizin gücünü Sizin bizə olan qayğınızda görürük. Sizin sərəncamlarınızla kəndlərimizdə onlarla fərdi yaşayış evi tikilib istifadəyə verilib, yollar yenidən qurulub, su problemimiz həll olunub, ən müasir standartlara uyğun məktəb binası tikilib.

Möhtərəm cənab Prezidentimiz, ölkəmizin bütün regionları kimi, İsmayıllı da Sizin rəhbərliyinizlə sürətlə inkişaf edir. Son 5 ildə rayonumuzda neçə-neçə yollar təmir olunub, parklar salınıb, sosial obyektlər, zavodlar, fabriklər tikilib istifadəyə verilib. Bütün bu obyektlərin açılışını Siz İsmayıllıya səfərləriniz zamanı etmisiniz.

Cənab Prezident, Azərbaycanın, o cümlədən İsmayıllının inkişafı bizi çox sevindirir. Bu sevinci bizə bəxş etdiyiniz üçün Allah Sizi sevindirsin.

Hörmətlə,

Süleymanova Dilbər Allahverdi qızı.

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Soltankənd kəndi.