İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib

15 dekabr 2017, 11:45
İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sumqayıtda Bayraq Muzeyinin açılışında iştirak edib.

Prezident İlham Əliyev muzeyin rəmzi açılışını bildirən lenti kəsdi.

Muzeylə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, binanın inşasına 2017-ci ilin fevralında başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. İnşaat işləri yüksək keyfiyyətlə aparılıb. Ümumi ərazisi 10 min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərəcək. Burada Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri əks etdirən manikenlər nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-in və müstəqil Azərbaycan Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.

Bayraq Muzeyi Sumqayıt Dənizkənarı Bulvarın ərazisində yerləşir. Muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə yanaşı, qonaqların da buradakı eksponatlarla tanış olmalarına imkan yaradır.

Prezident İlham Əliyevə məlumat verildi ki, bulvarın sahilində gəmilərin yanalması üçün uzunluğu 800 metr olan körpü inşa edilib. Burada 10 metr hündürlüyündə estakada salınıb. Ərazidə müasir işıqlandırma sistemi və oturacaqlar quraşdırılıb.

Qeyd edək ki, bu cür muzeylərin yaradılması gənc nəsildə vətənpərvərlik hisslərinin aşılanması, onların Vətənə, dövlətə məhəbbət ruhunda yetişməsi və bir şəxsiyyət kimi formalaşması məsələsində mühüm rol oynayır.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo