18 dekabr 2017, 16:35

Şahin Cəfərovdan, Sabirabad, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Mən neçə illərdir ki, Sabirabad Mərkəzi Rayon Xəstəxanasında cərrah işləyirəm. Son illər məzuniyyət dövründə Avropada, habelə bir çox qonşu ölkələrdə olmuşam. Həkim olduğum üçün getdiyim ölkələrin əyalət xəstəxanalarının xarici görünüşünə nəzər yetirmişəm, daxili təchizatı ilə maraqlanmışam. Tam səmimiyyətimlə deyirəm ki, Sabirabad əhalisinə böyük töhfəniz olan və ötən ay Sizin açılışını etdiyiniz yeni xəstəxana həmin ölkələrdəki səhiyyə ocaqlarından heç də geri qalmır, əksinə, bəzilərini üstələyir. Belə xəstəxanada işləyib xalqa xidmət etdiyim üçün qürur duyuram.

Möhtərəm cənab Prezident, bu xəstəxananın tikilib istifadəyə verilməsinə görə Sizə şəxsən öz adımdan, işlədiyim kollektiv adından və ümumilikdə, Sabirabad əhalisi adından təşəkkürmü bildirirəm. Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və işlərinizdə sonsuz müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Cəfərov Şahin Hüseynağa oğlu.

Azərbaycan Respublikası, Sabirabad rayonu.