19 dekabr 2017, 15:10

Elnur Məmmədovdan, Göygöl, Azərbaycan

Çox hörmətli cənab Prezident,

Respublikamızın hərtərəfli inkişafı, iqtisadi tərəqqisi, abadlıq-quruculuq sahəsində gördüyünüz misilsiz işlər hamının ürəyindən xəbər verir. Xüsusən aqrar sahənin inkişafı və kənd təsərrüfatı ilə məşğul olanların suvarma suyu ilə təmin edilməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər hamının sevincinə, fərəhinə səbəb olur. Sizin Sərəncamınıza əsasən təkcə son bir ildə Göygöl rayonunun Quşqara, Qırıxlı, Yeni Qızılca, Bəhrəmbağ, Balçılı kəndlərinin hər birində subartezian quyuları qazılıb. Bu, yüzlərlə hektar sahənin suvarma suyu ilə təmin edilməsi deməkdir.

Cənab Prezident, ölkə həyatının digər sahələri kimi, kənd təsərrüfatının və sahibkarlığın inkişafına göstərdiyiniz tükənməz qayğı və diqqətinizə görə Sizə minnətdarlığımı bildirirəm.

Hörmətlə,

Məmmədov Elnur Fərrux oğlu.

Azərbaycan Respublikası, Göygöl rayonu.