26 yanvar 2018, 12:25

Şamxal Həsənlidən, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Demokratik inkişafı şərtləndirən mühüm dəyərlərdən biri KİV-lərin müstəqilliyinin, o cümlədən mətbuat, söz və fikir azadlıqlarının yüksək səviyyədə təminatıdır.

Cənab Prezident, mətbuatın müstəqilliyinin dəstəklənməsi, redaksiyalara yardım mexanizminin təkmilləşdirilməsi, müasir texnologiyaların tətbiqi, cəmiyyət-mətbuat əməkdaşlığının gücləndirilməsi, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılması, sosial təminatının yaxşılaşdırılması və əməyinin qiymətləndirilməsi istiqamətində atdığınız addımlar bizim də fəaliyyətimizə əlavə stimul verir.

Sizin imzaladığınız “Azərbaycan Respublikasında özəl ümumölkə teleradio yayımçılarına birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamınız Azərbaycan mətbuatının inkişafına verdiyiniz əhəmiyyətin növbəti bariz nümunəsidir. Biz də özəl teleradio yayım şirkəti olaraq Sizə minnətdarıq. Əminliklə bildiririk ki, bundan sonra da fəaliyyətimizlə dövlətçiliyə daim sadiq qalaraq milli maraqları hər şeydən üstün tutacaq, Azərbaycan həqiqətlərini ölkə daxilində, eləcə də xaricdə obyektiv və operativ şəkildə yaymaq üçün imkanlarımızdan maksimum istifadə edəcəyik.

Dərin hörmət və ehtiramla,

Həsənli Şamxal Əli oğlu, “Xəzər TV” MMC-nin prezidenti. 

Azərbaycan Respublikası, Bakı şəhəri.