06 fevral 2018, 14:10

Həsən Günəşlidən, Quba, Azərbaycan

Möhtərəm cənab Prezident.

İyirmi dörd il bundan əvvəl “Əsrin müqaviləsi” imzalanarkən dünyanın bəzi dövlətləri bu layihənin reallaşacağına ciddi yanaşmırdı. Həm xarici, həm də daxili qüvvələr arasında layihənin həyata keçirilməsinə əngəl törətmək istəyənlər var idi. Lakin ümummilli liderimiz Heydər Əliyevin möhkəm iradəsi, əzmkarlığı, uzaqgörən siyasəti nəticəsində bu layihə həyata keçirildi.

Ötən il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu isə Azərbaycanımızın uğurlu inkişafının daha bir bariz nümunəsi oldu. Dünya mətbuatında yer alan məqalələrdə də belə bir layihənin gerçəkləşməsi yüksək qiymətləndirilərək, bu açılışın regional səviyyədə tarixi hadisə olduğu vurğulanıb, Bakı-Tbilisi-Qars dəmir yolu Avropa ilə Asiya arasında yeni körpü adlandırılıb. 

Əziz Prezidentimiz, müasir dünyada bir ölkəni lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən qorumaq, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır. Xalqımız üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə Sizin kimi dərin zəkaya, analitik təfəkkürə malik, dünyada gedən siyasi-iqtisadi prosesləri yaxşı bilən dövlət xadimi rəhbərlik edir. Sizin düşünülmüş siyasətiniz və müdrik ideyalarınız nəticəsində sosial-iqtisadi, siyasi həyatımız beynəlxalq miqyasda nümunəyə çevrilib, ölkəmiz sübut edib ki, ən çətin layihələri belə reallaşdırmaq mümkündür.

Sizin rəhbərliyiniz altında ölkədə şəffaf mühitin yaradılması, vətəndaşların problemlərinin həlli, o cümlədən sosial xidmət səviyyəsinin yüksəldilməsi, eləcə də insanların rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlər, respublikamızın sürətli inkişafı ilə bağlı atılan addımlar, aparılan uğurlu iqtisadi islahatlar və ardıcıllıqla reallaşdırılan irimiqyaslı layihələr rayonumuzun əhalisi tərəfindən bəyənilir və alqışlanır.

Hörmətli cənab Prezident, 2017-ci ili “İslam Həmrəyliyi İli” elan etməyiniz islami dəyərlərə dərin hörmətinizin, 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməyiniz isə dövlətçilik tariximizə, keçmişimizə, bu günümüzə və gələcəyimizə yüksək diqqət və qayğınızın bariz nümunələridir. Bizim arzumuz odur ki, heç vaxt uca Allahın nəzərindən kənar qalmayasınız. Sizə, Azərbaycanımızı dünyada tanıdan ailənizə, xüsusilə xalqın cəfakeşi, çox hörmətli Birinci vitse-prezidentimiz xanım Mehriban Əliyevaya möhkəm cansağlığı, uzun ömür, xalqımıza Sizin rəhbərliyiniz ilə səadət dolu günlər arzulayırıq.

Allah Sizi qorusun.

Hörmətlə,

Günəşli Həsən

Quba rayon Ağsaqqallar Şurasının sədri.

Azərbaycan Respublikası, Quba rayonu.