Gerb

08 fevral 2018, 16:45

Möhtərəm cənab Prezident.

Siz ümummilli liderimiz Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycanın bugünkü inkişafının memarı, ölkəmizin əldə etdiyi çoxsaylı qələbələrinin səbəbkarsınız. Azərbaycanın inkişafı və xalqımızın xoşbəxt gələcəyi naminə həyata keçirdiyiniz taleyüklü işlərdə, qarşıya qoyduğunuz böyük hədəflərə nail olmaq yolunda göstərdiyiniz əzmkar fəaliyyətdə biz kəlbəcərli gənclər Sizi dəstəkləyir və daim yanınızda olduğumuzu bildiririk.

Biz məcburi köçkün gənclər də Sizin daim diqqət və qayğınızı hiss edir, bununla üzərimizə düşən məsuliyyətin böyüklüyünü daha dərindən anlayırıq. Bu gün Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars kimi transmilli layihələrin reallaşması, gənclərimizin təhsilinə, qeyri-neft sektorunun inkişafına göstərdiyiniz diqqət Azərbaycanın gələcəyi olan biz gənclərə indidən qoyduğunuz sərmayədir.

Cənab Ali Baş Komandan, biz gənclər Azərbaycanın ən böyük problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Sizin qətiyyətiniz və zəkanızın gücü ilə həll ediləcəyinə, dövlətimizin ərazi bütövlüyünü bərpa olunacağına, məcburi köçkünlərin öz doğma yurdlarına qayıdacaqlarına inanırıq. Bu yolda daim Sizin əsgəriniz olan biz gənclər əminik ki, aprel döyüşlərində Ali Baş Komandan kimi qazandığınız qələbəni ən yaxın zamanda bütün Qarabağda, doğma yurdumuz olan Kəlbəcərdə də qazanacaqsınız.

Siz öz çıxışlarınızda bildirirsiniz ki, müstəqilliyimizin möhkəmlənməsi və inkişafı naminə gərək hərə öz payını versin, səy göstərsin, nəyə qadirdirsə, onu etsin. Biz gənclər də bundan nəticə çıxararaq ölkəmizdə sabitliyin qorunmasında və dövlətçiliyimizin möhkəmləndirilməsində, torpaqlarımızın azad olunmasında Sizinlə həmrəy olmağı özümüzün müqəddəs vəzifəsi elan edərək Sizin daxili və xarici siyasətinizi dəstəkləyir, bu siyasətə qarşı çıxanlara sərt mövqeyimizi bildiririk.

Əziz Prezidentimiz, gənclər adından bildirirəm ki, bu il ölkəmizdə keçiriləcək prezident seçkilərində Sizin namizədliyinizi dəstəkləyəcəyik. Çünki Sizin siyasətiniz Azərbaycanın, onun gələcəyi olan biz gənclərin tərəqqisinə xidmət edir.

Hörmətlə,

Misirov Həbib.

Azərbaycan Respublikası, Kəlbəcər rayonu.