16 fevral 2018, 14:30

Elmar Rüstəmovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Həyatını Azərbaycan xalqının və dövlətinin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə və idarəetmə bacarığına malik olan ümummilli liderimiz Heydər Əliyevin uca şəxsiyyəti hər birimiz üçün nümunədir. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı, ölkədəki dağıdıcı proseslərə, anarxiyaya son qoyması, siyasi, iqtisadi islahatlara start verməsi və respublikamızı sürətli inkişaf yoluna çıxarması Azərbaycan xalqının böyük xoşbəxtliyidir. Bu gün xalqımız Sizin simanızda o dahi şəxsiyyətin siyasətinin uğurla davam etdirildiyinin şahididir. Ən çətin anlarda Siz xalqın yanında olmuş, ölkəmizi dünyada cərəyan edən iqtisadi və siyasi böhranlardan qoruyaraq dövlətçiliyimizin xilaskarına çevrilmisiniz. Bütün Azərbaycan xalqı kimi, Pirallahı rayonunun sakinləri də görülən titanik işlərə xüsusi dəyər verərək Sizin siyasətinizi dəstəkləyirlər. Bir Pirallahı sakini kimi insanlarla ünsiyyətdə mən bunun əyani şahidi oluram.

Cənab Prezident, Pirallahı rayonu yarandığı gündən şəxsən Sizin diqqət və qayğınız sayəsində başdan-başa yenidən qurulmağa başladı. Magistral və qəsəbədaxili yollar təmir olundu, müasir dayanacaqlar, işıqlandırma sistemləri quraşdırıldı, qaz, elektrik, istilik təchizatı sistemləri tamamilə yeniləndi. Yeni, müasir körpünün tikilib istifadəyə verilməsini xüsusi qeyd etmək istərdim. Son illər rayonumuzda yüzlərlə yeni iş yeri açılıb, məktəblər təmir edilib, çörək kombinatı və günəş elektrik stansiyası istifadəyə verilib, turizmin inkişafı üçün önəmli addımlar atılıb. Uzun illərdən bəri problem olaraq qalmış içməli su məsələsi birdəfəlik öz həllini tapıb. İndi Pirallahı sakinləri fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunurlar.

Möhtərəm cənab Prezident, rayonumuzun inkişafına göstərdiyiniz xüsusi diqqət və qayğıya görə Sizə, eyni zamanda, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildiririk. Biz qarşıdan gələn prezident seçkilərində Sizə - öz qayğıkeş və müdrik liderimizə səs verəcəyik.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Rüstəmov Elmar Yunis oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Pirallahı rayonu.