19 fevral 2018, 18:35

Hacı İsmayılovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident. 

Sizin “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamınız ömrünün ən mənalı illərini Azərbaycan kinosuna həsr etmiş bir aktyor kimi məni son dərəcə sevindirdi. Bu Sərəncamınız Sizin Azərbaycan kinosuna, kino xadimlərinə göstərdiyiniz böyük diqqət və qayğınızın bariz nümunəsidir. Fəxrlə bildirmək istəyirəm ki, həyatımın ən əziz günü möhtərəm Heydər Əliyevin 1980-ci ilin dekabr ayında “Ad günü” filmindəki Mustafa roluna görə mənə “Azərbaycan Respublikasının Dövlət mükafatı”nı şəxsən təqdim etdiyi gün olub. 

“Bəşəriyyət qarşısında kinonun xidməti böyükdür. Amma bizim xalqımızın inkişafı yolunda Azərbaycan kinosunun xidməti əvəzsizdir”. Ümummilli lider Heydər Əliyevin bu dahiyanə sözləri dahi rəhbərin milli kinomuza verdiyi ən böyük qiymətdir. Bu gün ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müstəqil Azərbaycanın mədəniyyət siyasəti Sizin tərəfinizdən uğurla davam etdirilir, zənginləşir və yüksəklərə qaldırılır. 
Möhtərəm cənab Prezident, milli kino sənətimizə verdiyiniz bu böyük qiymətə görə bir daha Sizə minnətdarlığımı bildirirəm. İnanıram ki, “Azərbaycan kinosunun 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncamınız milli kinomuzun möhtəşəm bayramına çevriləcək, unudulmaz bir mədəniyyət hadisəsi olacaq. 

Dərin hörmət və ehtiramla, 

İsmayılov Hacı Məcid oğlu, Azərbaycan Respublikasının Xalq Artisti, Dövlət Mükafatı laureatı. 

Azərbaycan Respublikası, Bakı şəhəri.