16 mart 2018, 13:05

Yaqut Ələsgərova və başqalarından, Salyan, Azərbaycan

Hörmətli cənab Prezident.

Bu günlərdə Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında xidmətlərinə və yüksək peşə ustalığına görə fəxri adlara layiq görülmüş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə fəxri adlara görə aylıq təqaüdlərin və Prezident fərdi təqaüdünün məbləğinin artırılması ilə bağlı aldığımız xoş xəbər Sizin təhsil işçilərinə göstərdiyiniz qayğının daha bir təzahürü oldu, səxavətinizi, səmimiyyətinizi, nəcibliyinizi nümayiş etdirdi.

Sizin rəhbərliyiniz ilə həyata keçirilən tədbirlər və qəbul edilən sənədlər deməyə əsas verir ki, bütün sahələrdə olduğu kimi, elm və təhsil sahəsində də qazanılan yüksək nailiyyətlər gündən-günə inkişaf edən ölkəmizin parlaq gələcəyinin müjdəçisidir.

Hörmətli cənab Prezident, bütün bunlara görə Salyan rayonunun Əməkdar müəllimləri adından Sizə dərin minnətdarlığımızı bildirir, qarşıdan gələn prezident seçkilərində uğurlar arzulayır və səmimi qəlbdən Sizi dəstəklədiyimizi bildiririk.

İnanırıq ki, müstəqil Azərbaycanın parlaq sabahları üçün ən dəyərli namizəd olaraq Siz bu seçkilərdə xalqımızın böyük sevgisi ilə bir daha qələbə qazanacaqsınız.

Sizə möhkəm cansağlığı, gündən-günə çiçəklənən Azərbaycanımızın inkişafı yolunda yorulmaz fəaliyyətinizdə uğurlar arzulayırıq.

Dərin hörmətlə,

Ələsgərova Yaqut

Piriyev Allahverdi

Rzayeva Sehranə

Səlimli Səlimağa və başqaları, Əməkdar müəllimlər.

Azərbaycan Respublikası, Salyan rayonu.