21 mart 2018, 11:30

Dədəkişi Dövlətovdan, Sabirabad, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sabirabad rayonunun Moranlı, Sarxanbəyli, Ələnbəyli, Bala Həşimxanlı kəndlərində uzun illər suvarma suyu ilə bağlı problem olub. Muğan düzünün bərəkətli torpaqlarında əkinlərimiz bəzi hallarda susuzluqdan məhv olub, bağ-bostan becərib, yaşıllıq sala bilməmişik. Ancaq ümidimiz heç vaxt ölməyib. Çünki kəndli əməyini daim yüksək qiymətləndirən, torpaqda çalışan insanlara öz qayğı və diqqətini əsirgəməyən uzaqgörən, müdrik dövlət başçımız var, o, bizi darda qoymaz.

Möhtərəm Prezident, çox sağ olun, Sizin sayənizdə artıq su həsrətindən qurtulmaq üzrəyik. Öz mənbəyini Kür çayından götürüb bizim ərazimizə su gətirən və “H” adlanan kanalın yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinin başa çatdırılması ilə bağlı Sərəncamınız əsasında işlər sürətlə aparılır. İşlərin gedişi göstərir ki, kanalın çəkilişi tezliklə yekunlaşacaq, suvarma suyu sarıdan çətinliklərimizə nəhayət son qoyulacaq.

Hörmətli cənab Prezident, Moranlı, Sarxanbəyli, Ələnbəyli, Bala Həşimxanlı kəndlərinin fermerləri adından Sizə bir daha dərin təşəkkürümüzü bildirirəm. Aprelin 11-də keçiriləcək Prezident seçkilərində Sizə uğurlar arzulayırıq. Biz yekdilliklə Sizə - müasir Azərbaycanı dünyada tanıdan və sürətlə inkişaf etdirən müdrik liderimizə səs verəcəyik.

Hörmətlə,

Dövlətov Dədəkişi

Azərbaycan Respublikası,  Sabirabad rayonu.