İlham Əliyev Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri ilə görüşüb

05 aprel 2018, 11:35
İlham Əliyev Venesuelanın xarici işlər üzrə xalq hakimiyyəti naziri ilə görüşüb

Prezident İlham Əliyev Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserratın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dövlət başçısı Azərbaycan ilə Venesuela arasında ikitərəfli münasibətlərin uğurlu inkişafından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev Venesuela Prezidenti Nikolas Maduronun ölkəmizə səfərini və beynəlxalq təşkilatlar çərçivəsində keçirdikləri görüşləri xatırladaraq səmərəli müzakirələrin aparıldığını vurğuladı.

Dövlət başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu bildirdi, ticarət və investisiya qoyuluşu sahələrində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd etdi. Prezident İlham Əliyev Azərbaycanın və Venesuelanın həm BMT-də, həm də Qoşulmama Hərəkatı çərçivəsində də uğurla əməkdaşlıq etdiklərini vurğuladı.

Venesuela Bolivar Respublikasının xarici işlər üzrə xalq hakimiyyəti naziri Xorxe Arreasa Monserrat Prezident Nikolas Maduronun salamlarını dövlətimizin başçısına çatdırdı. O, Venesuelanın Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlı olduğunu deyərək ölkəsinin Azərbaycanda səfirliyinin açılmasının planlaşdırılmasını bu niyyətin göstəricisi kimi dəyərləndirdi.

Dövlət başçısı Prezident Nikolas Maduronun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamını Venesuela dövlətinin başçısına çatdırmağı xahiş etdi.

gallery-photo