11 oktyabr 2018, 17:20

Natiq Abbasovdan, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsi nəticəsində ailəmiz 1993-cü ildə Ağdam rayonundan məcburi köçkün düşərək Bakı şəhərində yerləşən yataqxanaların birində məskunlaşıb.

Qardaşım Abbasov Vahid Muxtar oğlu Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. Ümummilli lider Heydər Əliyev qardaşımı “Hərbi xidmətlərə görə” medalı ilə təltif etmişdir. Özüm isə onurğa beyninin zədələnməsinə görə I qrup əliləm. Hərəkət-dayaq sistemim pozulduğuna görə əlil arabasında hərəkət edirəm. Bacım Abbasova Qönçə Muxtar qızı II qrup əlildir, onkoloji xəstədir.

Ailə vəziyyətimin çətinliyinə, fiziki vəziyyətimin ağırlığına baxmayaraq, Milli Paraolimpiya Hərəkatına qoşuldum, kamandan oxatma idman növü üzrə paraolimpiyaçıyam. 2018-ci ilin avqust ayında Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki “Qobu Park” yaşayış kompleksində ikiotaqlı mənzillə təmin olundum.

Siz xüsusi qayğıya ehtiyacı olan vətəndaşlarımızın – qaçqın, məcburi köçkün, əlil və şəhid ailələrinin qayğısına daim qalmısınız. Təsadüfi deyil ki, Sizin övladınız Leyla xanım Azərbaycan Boccia İdman Federasiyasının prezidentidir. Bu idman növü ilə məşğul olan əlillər fiziki cəhətdən çox ağır vəziyyətdə olan insanlardır.

Mən məcburi köçkün, şəhid ailəsi, əlil və paraolimpiyaçı kimi, ilk növbədə, cənab Prezidentimizə, Sizə və Leyla xanıma minnətdarlığımı bildirirəm. Allah Sizlərdən razı olsun.

Dərin hörmət və ehtiramla,

Abbasov Natiq.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.