04 yanvar 2019, 12:30

Arif Babayevdən, Bakı, Azərbaycan

Hörmətli Mehriban xanım.

Elmin, incəsənətin və ictimai həyatın bütün sahələrinin inkişafında Sizin misilsiz rolunuz Azərbaycanın bugünkü həyatını aydın səciyyələndirən amildir. Məhz Sizin səyləriniz sayəsində Azərbaycan yüksək mədəniyyət və incəsənət mərkəzinə çevrilib.

Mədəniyyət və incəsənət sahəsində çalışan insanlara Sizin tərəfinizdən daim diqqət və qayğı göstərilir, onların çətin günlərində özlərinə, ailələrinə xüsusi həssaslıqla yanaşılır. Həmin ailələrdən biri də mənim ailəmdir. Buna görə də Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, varsınız! Çox sağ olun ki, diqqətinizi bizdən əsirgəmirsiniz!

Bir neçə dəfə əməliyyat olunmağıma baxmayaraq, səhhətimdə heç bir irəliləyiş olmurdu. Sizin qayğı və diqqətiniz sayəsində, tapşırığınızla məni müayinə etdilər və xaricdən dəvət edilmiş mütəxəssis tərəfindən yenidən əməliyyat olundum. Allaha şükürlər olsun ki, indi özümü yaxşı hiss edirəm. Müvafiq müalicə və reabilitasiyadan sonra səhhətimdə irəliləyişlər müşahidə olunur.

Göstərilən qayğı və diqqət qəlbimi qürur hissi ilə doldurur, xanəndəlik işində üzərimə daha böyük məsuliyyət qoyur. Sizi əmin etmək istəyirəm ki, xanəndə kimi harada çıxış edəcəyimdən asılı olmayaraq, əvvəlki kimi öz Vətənimi və xalqımı ləyaqətlə təmsil edəcəyəm. Qoy, məni dinləyən hər kəsdə muğam sənətinin incilərinə qulaq asmaqdan heyrət, sevinc və heyranlıq hissləri yaransın.

Tutduğunuz bu şərəfli yolda cənab Prezidentimizə və Sizə uzun ömür, tükənməz qüvvə arzu edirəm. Allah Sizləri qorusun.

Dərin hörmətlə,

Babayev Arif, Xalq Artisti.

Azərbaycan Respublikası, Bakı şəhəri.