25 yanvar 2019, 19:00

Azər Paşa Nemətovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Xalq artisti, görkəmli teatr və kino xadimi Hacı İsmayılovu 75 illik yubileyi münasibətilə “Şöhrət” ordeni ilə təltif etməyiniz mədəni ictimaiyyətin böyük sevincinə səbəb olub. Bu, Sizin Azərbaycanın incəsənətinə, o cümlədən teatr sənətinə göstərdiyiniz böyük diqqət və qayğının növbəti bariz nümunəsidir.

Teatr xadimləri illərdir Sizin qayğıkeş münasibətinizi öz həyat və yaradıcılıqlarında dərindən hiss edirlər. Onları təqaüd və mükafatlarla, fəxri adlarla təltif edib, mənzillər bağışlamısınız. Böyük şəxsiyyətlərimizdən miras qalan teatr sənətinin ağırlığını çiynində daşıyan və bundan qürur duyan teatr xadimləri Sizin simanızda müasir teatrımızın böyük dostunu görürlər.

Hörmətli cənab Prezident, sənətkarlara olan böyük sevginizə, o cümlədən Hacı İsmayılovu “Şöhrət” ordeni ilə təltif etdiyinizə görə teatr ictimaiyyətinin, Azərbaycan Teatr Xadimləri İttifaqının və Akademik Milli Dram Teatrının kollektivi adından Sizə dərin minnətdarlığımızı bildirir, ölkəmizin rifahı və xoşbəxtliyi yolundan apardığınız müdrik siyasətinizdə bol-bol uğurlar arzulayıram.

Hörmət və ehtiram hissi ilə,

Nemətov Azər Paşa,

Azərbaycan Teatr Xadimləri İttifaqının sədri,

Akademik Milli Dram Teatrının bədii-rəhbər direktoru,

Xalq artisti, professor.

Azərbaycan Respublikası, Bakı şəhəri.