09 aprel 2019, 14:00

Şura Əliyeva və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin müdrik və uzaqgörən siyasətiniz sayəsində Azərbaycanda sabitlik bərqərar olub və ölkəmiz sosial-iqtisadi baxımdan dinamik inkişaf edir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, imtiyazlı kateqoriyalardan olan insanlara dövlət dəstəyinin artırılması üçün böyük işlər görülür.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi barədə bu ilin fevral ayında imzaladığınız sərəncamda uşağın anadan olmasına görə, çoxuşaqlı qadınlara, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına verilən sosial müavinətlərin məbləğinin artırılması da öz əksini tapmışdır.

Sosial-iqtisadi sahədə atılan uğurlu addımlar ölkəmizdə demoqrafik vəziyyətin yaxşılaşmasına öz müsbət təsirini göstərməkdədir. Artıq, 10 milyonuncu vətəndaşımız dünyaya gəlmişdir. Özü də bu körpə məcburi köçkün ailəsində doğulub. Əhalimizin sayının artması həm də düşmənə mənəvi zərbədir. İnanırıq ki, torpaqlarımız tezliklə işğaldan azad olunacaq və yeni doğulan 10 milyonuncu Azərbaycan vətəndaşı öz ata-baba yurdunda böyüyəcək, orada məskən salacaqdır. Bütün Azərbaycan xalqı inanır ki, həmin gün uzaqda deyil.

Əziz Prezidentimiz, fürsətdən yararlanaraq, 10 milyonuncu vətəndaşımızın dünyaya gəlməsi münasibətilə Sizi və bütün Azərbaycan xalqını tərtərlilər adından səmimi qəlbdən təbrik edirik.

Hörmətlə,

Əliyeva Şura,

Əzizov Zaur,

Qasımov İlqar,

Hümbətov Xalıq.

Azərbaycan Respublikası, Tərtər rayonu.