Azərbaycan və Avstriya Prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

12 oktyabr 2011, 11:45
Azərbaycan və Avstriya Prezidentlərinin geniş tərkibdə görüşü olmuşdur

Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avstriya Respublikasının Federal Prezidenti Haynts Fişerin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.

Azərbaycan dövlətinin başçısı İlham ƏLİYEV görüş iştirakçılarına müraciətlə dedi:

- Hörmətli cənab Prezident!

Hörmətli qonaqlar!

Sizi bir daha Azərbaycanda salamlayıram. Ölkəmizə xoş gəlmisiniz. Sizin səfəriniz bizim üçün, ölkələrimiz arasında əlaqələrin inkişafı üçün çox əhəmiyyətlidir. Əminəm ki, səfərin nəticələri çox uğurlu olacaqdır.

Biz bir sıra mühüm sənədləri imzalamağı və bir sıra müxtəlif məsələləri ətraflı müzakirə etməyi planlaşdırırıq. İkitərəfli münasibətlərin gündəliyi kifayət qədər genişdir. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli də daxil olmaqla enerji əməkdaşlığı, iqtisadi fəaliyyət sahələrində qarşılıqlı maraq doğuran bir sıra məsələləri müzakirə etməyə hazırıq. Biz sürətlə inkişaf edən ikitərəfli münasibətlərimizdə yeni mərhələyə qədəm qoyuruq.

Mən bilirəm ki, iqtisadi sahədə qarşılıqlı maraqlar vardır. İşgüzar dairələr arasında görüşlər keçiriləcəkdir. Mədəniyyət sahəsində də bizim yaxşı nəticələrimiz vardır. Mən düşünürəm ki, əməkdaşlığımızın səviyyəsindən qane ola bilərik. Əlbəttdə ki, Sizin səfəriniz bu əlaqələri daha da gücləndirir və əminəm ki, bu da çox yaxşı nəticələr verəcəkdir.

Bir daha Azərbaycana xoş gəlmisiniz.

X X X

Avstriya Respublikasının Federal Prezidenti Haynts FİŞER
səmimi qəbul üçün minnətdarlığını bildirərək dedi:

- Çox sağ olun, cənab Prezident!

Mən Sizin atanızın 2000-ci ildə Avstriyaya səfərini xatırlayıram. O vaxtdan on bir il keçmişdir, bir çox dəyişikliklər baş vermişdir. Böyük inkişaf vardır. Ölkəniz inkişaf tempi baxımından böyük addımlar atmışdır. Bu, çox təqdirəlayiqdir. Bu münasibətlə təbriklərimi bildirirəm.

Mənə və məni müşayiət edən nümayəndə heyətinə səfərə dəvətinizə görə minnətdarlığımı bildirirəm. Sizin dəvətinizi böyük məmnuniyyətlə qəbul etdim. Nümayəndə heyətimizin tərkibi təkcə siyasətçilər və diplomatlardan ibarət deyildir. Bura, həmçinin işgüzar dairələrdən, elm, turizm və digər sahələrdən nümayəndələr daxildir.