Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

24 oktyabr 2011, 19:30
Nazirlər Kabinetinin 2011-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında İlham Əliyevin giriş nitqi

- Nazirlər Kabinetinin bugünkü iclasında biz ilin 9 ayının sosial və iqtisadi yekunlarını müzakirə edəcəyik, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq.

İlin sonuna iki ay qalır. Demək olar ki, 2011-ci il də ölkə iqtisadiyyatının inkişafı üçün uğurlu il olmuşdur. Bu il ərzində ölkə qarşısında duran əsas sosial və iqtisadi məsələlər öz həllini tapmışdır, bütün proqramlarımız uğurla icra edilmişdir.

Statistik göstəricilərə gəldikdə deyə bilərik ki, dinamik inkişaf davam edibdir. Baxmayaraq ki, ümumi daxili məhsul o qədər də böyük templərlə artmadı. Bunun da müəyyən səbəbləri vardır. Sevindirici hal ondan ibarətdir ki, əvvəlki dövrdə gördüyümüz işlər və düzgün siyasət nəticəsində ölkə iqtisadiyyatının çoxşaxəli şəkildə inkişafına nail ola bilmişik.

Ümumi daxili məhsul cəmi 0,5 faiz artsa da, qeyri-neft iqtisadiyyatımız 8,2 faiz artmışdır. Yenə də deyirəm, bu artım əvvəlki dövrdə görülmüş işlərin nəticəsidir. O ki qaldı, ümumi daxili məhsulun cəmi 0,5 faiz səviyyəsində artmasına bunun da səbəbi ondan ibarətdir ki, bu il neftin hasilatında azalma olmuşdur. Bunun nəticəsində bu azalma, demək olar, imkan vermədi ki, ümumi göstərici də böyük olsun. Ancaq qarşıya belə məqsəd də qoyulmur. Artıq iqtisadiyyatımız, iqtisadiyyatımızın strukturu müsbətə doğru böyük dərəcədə dəyişmişdir. Əvvəlki dövrdə görülmüş və bundan sonra görüləcək işlər nəticəsində iqtisadiyyatımız tam şəkildə çoxşaxəli iqtisadiyyat kimi özünü göstərəcəkdir.

Yəni, əvvəlki dövrdə başlanmış və bu gün icra edilən layihələr sözün əsl mənasında Azərbaycan iqtisadiyyatına çox böyük töhfə vermişdir.

Sənaye istehsalının inkişafına gəldikdə, yenə də neftin hasilatının aşağı düşməsi nəticəsində ümumi rəqəm mənfidir. Ancaq ölkə iqtisadiyyatının qeyri-neft sənayesində 9,2 faiz artım əldə edilmişdir. Bu artım iqtisadiyyatın real sektoruna qoyulmuş investisiyalar, sahibkarlığın inkişafı hesabına mümkün olmuşdur. Bu, verilən kreditlərin, sahibkarlığın inkişafı üçün qəbul edilmiş proqramların və dövlət siyasətinin çox uğurlu olmasının nəticəsidir.

Beləliklə, bir neçə il bundan əvvəl qarşıya qoyulan vəzifə, yəni, ölkədə güclü sənaye potensialının yaradılması üçün tədbirlərin görülməsi vəzifəsi uğurla icra edilir. Həm böyük müəssisələr yaradılır, böyük texnoparklar fəaliyyətə başlayır. Eyni zamanda, orta və kiçik həcmli müəssisələr də fəaliyyətini gücləndirir, onların sayı artır və yenə də deyirəm, bu artımın səbəbi ondan ibarətdir ki, dövlət tərəfindən özəl sektora çox böyük dəstək göstərilir, kreditlər verilir. Bu artımın səbəblərindən biri də ondan ibarətdir ki, dövlət şirkətlərini beynəlxalq şirkətlərə çevirmək üçün konkret tədbirlər görülür. İndi dövlət şirkətlərimiz həm peşəkarlıq, həm maddi–texniki bazanın gücləndirilməsi, həm də texnika təchizatı baxımından güclü şirkətlərə çevrilmişdir.

Doqquz ayda kənd təsərrüfatı da artmışdır. Bu da çox müsbət haldır. Çünki kənd təsərrüfatının inkişafı üçün konkret tədbirlər həyata keçirilir, proqramlar icra edilir və xüsusilə gələn il daha da böyük proqramlar icra ediləcəkdir. Bildiyiniz kimi, dövlət bu sektorun inkişafı üçün çox böyük vəsait ayırır, güzəştlər verilibdir. Texnikanın gətirilməsi, güzəştli şərtlərlə kreditlərin verilməsi, subsidiyalar – bütün bunlar kənd təsərrüfatının inkişafına xidmət göstərir. Təsadüfi deyildir ki, bu ilin 9 ayında kənd təsərrüfatı 7,6 faiz artmışdır. Bu sahə, eyni zamanda, böyük sosial məna daşıyır, çünki əhalinin təxminən yarısı aqrar bölgələrdə yaşayır. Beləliklə kənd təsərrüfatının inkişafı nəticəsində məhsuldarlıq artır, əkin sahələri çoxalır. Meliorativ tədbirlərin görülməsi nəticəsində biz növbəti illərdə daha da böyük həcmdə yeni torpaqların dövriyyəyə buraxılmasına nail olacağıq. Bundan sonra kənd təsərrüfatı ilə bağlı tədbirlər ardıcıllıqla aparılacaqdır. Bununla bərabər, biz gərək yeni bazarlara çıxış üçün indidən çox ciddi fikirləşək və işləyək. Bu işlər aparılır. Xüsusilə nəzərə alsaq ki, bizim üçün ənənəvi olmayan bazarlarda kənd təsərrüfatı məhsullarımızı, emal sənayemizin məhsullarını gözləyirlər, biz sadəcə olaraq siyasətimizi düzgün şəkildə aparmalıyıq, daxili istehsalla daxili istehlakı və xarici bazarlara çıxışımızı uzlaşdırmalıyıq ki, Azərbaycanda gələcəkdə daha da böyük həcmdə istehsal olunacaq kənd təsərrüfatı məhsulları öz müştərilərini tapa bilsin.

Deyə bilərəm ki, bu ilin 9 ayında maliyyə vəziyyətimiz də bütövlükdə böyük dərəcədə yaxşılaşıbdır. Bu il ərzində baxmayaraq ki, böyük infrastruktur layihələrini icra edirik, bizim valyuta ehtiyatlarımız azalmır, əksinə artır. Doqquz ayda ehtiyatlarımız təxminən 11 milyard dollar həcmində artmışdır. Hazırda Azərbaycanın valyuta ehtiyatları 40 milyard dolları ötübdür. Bu, çox böyük bir göstəricidir. İnkişaf etmiş ölkələrin göstəricilərinə nəzər salsaq görərik ki, Azərbaycan bu sahə üzrə heç kimdən geri qalmır, bir çox ölkələri qabaqlayır. Nəzərə alsaq ki, düzgün neft-qaz siyasətimiz, strategiyamız vardır və investisiya qoyuluşunu gözlənilən gəlirlərlə daim uzlaşdırırıq, şübhə yoxdur ki, növbəti illərdə də investisiya və sosial xərcləri azaltmadan valyuta ehtiyatlarımızı daha da artıracağıq. Bu, bizim böyük sərvətimizdir. Bu, həm bizə iqtisadi güc verir, investisiya layihələrini icra etməyə imkan yaradır, eyni zamanda, bizi istənilən çətinliklərdən, böhranlardan qoruyur və qoruyacaqdır. Bu həcmdə valyuta ehtiyatlarının yığılmasının başlıca səbəbi vaxtilə - 1999-cu ildə Azərbaycan Dövlət Neft Fondunun yaradılması və Fondun fəaliyyətinin şəffaflığı ilə bağlıdır.

Əldə olunan bütün gəlirlər şəffaf, etibarlı şəkildə qorunur, saxlanılır, idarə olunur və indiki mərhələdə ölkəmizin inkişafı ilə bağlı olan layihələrə yönəldilir. Gələcək mərhələdə, növbəti ildən başlayaraq maliyyə resurslarımızı şaxələndirmək üçün biz bu vəsaitdən müxtəlif ölkələrdə müxtəlif layihələrə investisiya şəklində də istifadə edəcəyik.

Bir sözlə, iqtisadi inkişafla bağlı məsələlər ölkəmizdə uğurla icra edilir. Təsadüfi deyil ki, beynəlxalq maliyyə qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə aparılan islahatları çox yüksək qiymətləndirir, Azərbaycanın kredit reytinqləri artır. Böhranlı illərdə inkişaf etmiş ölkələrin kredit reytinqləri azaldığı bir vaxtda Azərbaycanın kredit reytinqləri artmaqdadır. Dünyanın nüfuzlu təşkilatı - Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliliyi ilə bağlı növbəti hesablamalarda Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirərək 55-ci yerə layiq görmüşdür. Bütün MDB məkanında iqtisadiyyatın rəqabət qabiliyyətliliyinə görə Azərbaycan birinci yerdədir, liderdir. Bu liderliyi saxlayır və əminəm ki, saxlayacaqdır. Çünki uğurlarımızın təməlində düşünülmüş islahatlar, düzgün siyasət, müstəqil siyasət dayanır. Uğurlarımızın təməlində enerji amili artıq əsas rol oynamır. Bildiyiniz kimi son illərdə enerji amilindən asılılığımızı azaltmaq üçün biz çox böyük işlər görmüşük. Baxmayaraq ki, bu gün də, gələcəkdə də neft-qaz potensialımız həm siyasi, həm iqtisadi maraqlarımızı təmin edəcəkdir.

2011-ci ildə sosial sahədə də çox yaddaqalan hadisələr baş vermişdir. Bu hadisələr, bu addımlar bir də onu göstərir ki, siyasətimiz sosialyönümlüdür. Biz bazar iqtisadiyyatı prinsiplərinə sadiqik və sadiq qalacağıq. Ancaq biz bununla bərabər, aztəminatlı təbəqəni sosial cəhətdən daha da yaxşı müdafiə etmək üçün konkret addımlar atırıq. Bu addımlar sadəcə olaraq proqramların qəbulu, hansısa bəyanatların verilməsi ilə məhdudlaşmır, bu proqramlar konkret xarakter daşıyır.

Bu il 900 minə yaxın pensiyaçının pensiyası orta hesabla 40 faiz artmışdır. Bütövlükdə götürsək 9 ayda Azərbaycanda pensiyaların səviyyəsi 35 faiz artmışdır. Bu, çox böyük göstəricidir, çox böyük nailiyyətdir, çox ciddi addımdır və yaşlı nəslin maddi cəhətdən daha da yaxşı təminatı üçün vaxtında atılmış çox düzgün və ədalətli bir addımdır.

Bununla bərabər, orta maaşın həcmi də artmışdır. Hazırda Azərbaycanda orta pensiyanın səviyyəsi 190, orta maaşın səviyyəsi isə 450 dollar səviyyəsindədir. Bu, yaxşı göstəricidir, ancaq bundan da çox olmalıdır. Biz çalışacağıq növbəti illərdə sosial məsələlərin həlli üçün də əlavə tədbirlər görək ki, bundan sonra da pensiyalar, maaşlar daim artsın. İnsanların yaşayış səviyyəsi artsın və beləliklə, Azərbaycanda yoxsulluq kimi sosial bəla aradan qaldırılsın. Sosial cəhətdən ən az, müdafiə olunan vətəndaşlara dövlət Ünvanlı Sosial Yardımı Proqramını təşkil etmişdir. Hazırda bu proqram 113 min ailəni əhatə edir. 500 mindən bir qədər artıq insan dövlətdən hər ay vəsait alır. Orta hesabla hər bir ailə 102 manat, təqribən haradasa 130 dollar səviyyəsində dövlətdən bu yardımı alır.

Bu da çox düzgün addımdır. Bu çox ədalətli addımdır. Nə qədər ki, bu insanlar hələ də yoxsulluq şəraitində yaşayırlar, Azərbaycan dövləti öz yardımını onlardan əsirgəməyəcəkdir. Nə vaxt ki, onlar yoxsulluqdan çıxıb öz maddi vəziyyətini yaxşılaşdıracaqlar, təbii ki, o vaxt bu yardım da dayandırılacaqdır. Çünki əsas məsələ sosial ədalət prinsipidir. Biz 20 il ərzində bazar iqtisadiyyatı şəraitində yaşayırıq və iqtisadiyyatımız bu prinsiplər əsasında tənzimlənir. Yəni, bazar tələbatı da, təklifi də tənzimləyir. Ancaq elə hallar olur ki, insanların imkanı yoxdur, insanlar işsizdir, yaxud da ki, az təminat alırlar. Biz onların vəziyyətinə də gərək biganə qalmayaq. Ünvanlı Sosial Yardımı Proqramının əsas vəzifəsi məhz ondan ibarətdir ki, yoxsul təbəqənin maddi vəziyyətini yaxşılaşdırmaq üçün tədbirlər görülsün. İşsizliklə bağlı deyə bilərəm ki, bütövlükdə bu sahədə də Azərbaycanda çox böyük işlər görülmüşdür, hazırda işsizliyin səviyyəsi təqribən 5,5 faizdir. Əgər biz ətrafa, inkişaf etmiş ölkələrə baxsaq görərik ki, bu da çox gözəl göstəricidir. Bəzi inkişaf etmiş ölkələrdə işsizlik 20 faiz, 15 faiz səviyyəsindədir, 10 faiz səviyyəsindədir, bizdə isə 5,5 faizdir. Çox güman ki, bu da real vəziyyəti əks etdirmir. Çünki yaxşı bilirik, əfsuslar olsun ki, hələ də bizdə bu sahədə müfəssəl və dəqiq mexanizm tam işə düşməyib. Bəzi hallarda qeydiyyata almamaq halları da olur. Bəzi hallarda rəsmi yox, zərfdə maaş alanlar da vardır. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Deyə bilərəm ki, son illər ərzində bu sahədə vəziyyəti normallaşdırmaq üçün yaxşı tədbirlər görülmüşdür və davam etdirilməlidir. Ancaq əgər biz bu amili də nəzərə alsaq görərik ki, Azərbaycanda işsizliyin sayı da 5,5 faizdən aşağıdır. Çox güman ki, yoxsulluq şəraitində yaşayanların da sayı 9,1 faiz deyil, ondan aşağıdır. Ancaq əlbəttə biz növbəti illərdə həm konkret inzibati addımların və həm də institusional tədbirlərin nəticəsində iqtisadi vəziyyətin tam real mənzərəsini əldə edəcəyik. Hazırda tətbiq olunan yeniliklər, “elektron hökumət” prinsipləri və digər mütərəqqi təşəbbüslər imkan verəcək ki, real mənzərəni 100 faiz səviyyəsində əks etdirən vəziyyət ictimaiyyətə təqdim edilsin.

Bu il regionlarda da həmişə olduğu kimi, uğurlu investisiya layihələri icra edilmişdir və regionlarda iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlər görülmüşdür. İlin 9 ayında 74 min yeni iş yeri açılmışdır ki, onlardan 50 mini daimi iş yeridir. Beləliklə, son 8 il ərzində Azərbaycanda 950 minə yaxın yeni iş yeri açılmışdır.

Regional İnkişaf Proqramı uğurla icra edilir. Vaxtaşırı o proqrama əlavələr, dəyişikliklər edilir. Prezidentin Ehtiyat Fondundan bu il ərzində bölgələrə kifayət qədər vəsait ayrılmışdır, bu məbləğlər daha çox sosial-iqtisadi infrastruktur layihələrinin icrasına yönəldilmişdir. Xüsusilə biz son müddət ərzində kənd yollarının təmiri və tikintisi ilə çox ciddi məşğuluq. Böyük proqramlar artıq icra edilir. Növbəti illərdə bu sahəyə daha da böyük diqqət göstərilməlidir. Bir sözlə, Regional İnkişaf Proqramı icra edilir, burada heç bir narahatlıq yoxdur.

Bu il Bakının kənd və qəsəbələrinin inkişafı ilə bağlı çox geniş və konkret proqram qəbul edilmişdir. Deyə bilərəm ki, proqram çox qısa müddət ərzində icra edilməyə başlamışdır. Artıq biz o proqramın ilkin nəticələrini də görürük. Bundan əvvəlki dövrdə də - 2005-ci ildə Bakı qəsəbələrinin inkişafına dair üçillik proqram qəbul edilmişdi, o, başa çatdı. İndi yeni proqramın qəbuluna ehtiyac var idi. Biz bunu etmişik və demək olar ki, bütün qəsəbələrdə çox böyük quruculuq, abadlıq, bərpa işləri aparılır. Bütün infrastruktur yenilənir, yeni qaz, su, kanalizasiya xətləri çəkilir, elektrik enerjisi ilə təminat yaxşılaşdırılır, məktəblər, xəstəxanalar, tibb ocaqları, poliklinikalar tikilməkdədir. Yəni, hər bir qəsəbə üzrə konkret təklif var və bu təkliflər proqramda öz əksini tapıbdır.

Bu proqram mətbuatda dərc edilibdir. Proqramın formalaşmasında əlbəttə ki, biz əsas məlumat mənbəyini yerlərdən almışıq, yəni qəsəbə sakinləri öz təkliflərini vermişlər, sonra onlar ümumiləşdirilib və nəticədə proqram qəbul edilmişdir. Orada, eyni zamanda, qəsəbə sakinlərinin məşğulluğu ilə də bağlı konkret təkliflər vardır. Qəsəbələrə kreditlərin verilməsi də başlanmışdır və artıq bir neçə istiqamət üzrə konkret proqram və təkliflər vardır. Mən şadam ki, Bakı və ətraf qəsəbələrin inkişafı proqramı çox sürətlə icra edilməyə başlamışdır. Bu sürət deməyə əsas verir ki, qəsəbələrdə mövcud olan bütün sosial və iqtisadi məsələlər 2-3 il ərzində həllini tapacaqdır.

Bu ilin doqquz ayında biz bütün sahələr üzrə işimizi sistemli şəkildə qurmuşuq. Bu, artıq gözəl ənənədir. Hər bir sahə üzrə konkret proqramlar vardır. Azərbaycanda məqsədyönlü proqramların sayı təqribən 50-yə yaxındır və onların hamısının konkret maliyyə mənbəyi, icra mexanizmi, icra müddəti göstərilmişdir. Bizim bütün işlərimiz konkret xarakter daşıyır və uğurlarımızın da səbəbi məhz bundan ibarətdir.

Bizim üçün ən ağır olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində əfsuslar olsun ki, heç bir irəliləyiş yoxdur. Mən bu məsələ ilə bağlı ictimaiyyətə kifayət qədər geniş məlumatlar çatdırmışam. Müstəqilliyimizin 20 illik yubiley tədbirində də kifayət qədər geniş məlumat vermişəm, bəlkə də təkrara ehtiyac yoxdur. Sadəcə demək istəyirəm ki, Azərbaycanın prinsipial mövqeyi var, bu mövqe həm tarixi həqiqətə, həm beynəlxalq hüquq normalarına əsaslanır. Biz bu mövqedən kənara bir addım atmayacağıq. Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və olmayacaqdır. Çalışacağıq ki, bütün imkanlardan istifadə edib ərazi bütövlüyümüzü bərpa edək. Yenə də deyirəm, nəticə olmasa da son aylar ərzində beynəlxalq vasitəçilər tərəfindən səslənən fikirlər müəyyən ümidlər verir, xüsusilə status-kvonun qəbul edilməməsi ilə bağlı. Yəni, status-kvo qəbul edilə bilməz, dəyişdirilməlidir, münaqişə dondurulmuş münaqişə deyil və status-kvonun dəyişdirilməsi təbii ki, işğal edilmiş torpaqlardan işğalçı qüvvələrin çıxarılmasını tələb edir və münaqişənin həlli yolları məhz bundan keçir. İşğalçı qüvvələr işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Beynəlxalq hüquq normaları hər bir məsələnin həlli üçün əsas olmalıdır, xüsusilə münaqişələrlə bağlı olan məsələlərdə. Biz çalışacağıq ki, bütün imkanlardan istifadə edib bu məsələni tezliklə, ədalətli, öz xeyrimizə - yəni beynəlxalq hüquq normaları əsasında həll edək. Bununla bərabər, təbii ki, bu gün dediyim bütün bu rəqəmlər - iqtisadi inkişaf, iqtisadi potensial, demoqrafik durum və əlbəttə hərbi potensial məsələnin tezliklə ədalətli həll edilməsi üçün öz rolunu oynayır və oynayacaqdır.

Bu istiqamətdə də çox böyük tədbirlər görülmüşdür, dəqiq siyasət aparılır. Həm bu ilin, həm əvvəlki illərin iqtisadi göstəriciləri, həm hərbi imkanlarımız göstərir ki, Ermənistanla Azərbaycan arasındakı fərq böyüyür. Bu iki ölkə müqayisəedilməzdir, bizim aramızda yerlə-göy qədər fərq vardır. Bunu hamı bilir – həm beynəlxalq ictimaiyyət, həm bu məsələ ilə birbaşa məşğul olan tərəflər və qurumlar. Çox güman ki, status-kvo ilə bağlı, yəni status-kvonun dəyişdirilməsi ilə bağlı son bəyanatların təməlində də məhz bu reallıq dayanır. Çünki həm biz bilirik, həm hər bir qərəzsiz müşahidəçi bilir ki, Azərbaycan güclənir, Ermənistan zəifləyir, Azərbaycanın əhalisi artır, Ermənistanın əhalisi azalır.

O ki qaldı hərbi məsələlərə, iqtisadi sahədə bütün statistik göstəricilər əyani şəkildə kimin kim olduğunu göstərir. Sadəcə olaraq, şəhərlərə, necə deyərlər, qərəzsiz baxışlar zamanı reallığı hər kəs görə bilir ki, Azərbaycan nə qədər böyük yol keçmişdir və ölkəmiz gündən-günə güclənir. O ki qaldı hərbi balansa, deyə bilərəm ki, bu sahədə son vaxtlara qədər bəlkə də erməni təbliğatı nəticəsində bu fərq, – yəni bizim xeyrimizə olan fərq, – beynəlxalq qurumlar və müşahidəçilər tərəfindən o qədər də dərk edilmirdi. Ancaq son müddətdə həm Azərbaycanda, həm Ermənistanda keçirilən hərbi paradlar kimin kim olduğunu əyani şəkildə göstərdi. Mən hesab edirəm ki, Ermənistanda hərbi paradın keçirilməsi onların böyük səhvi idi. Çünki əgər o vaxta qədər onlar həmişə olduğu kimi, mifologiya hesabına, yaxud da ki, fantaziyalar hesabına kimi isə inandırmağa çalışırdılar ki, ən döyüşkən ordu Ermənistan ordusudur. Onların keçirdiyi dırnaqarası “hərbi parad”dan sonra hamı bildi ki, Ermənistan ordusu necə vəziyyətdədir, hansı acınacaqlı vəziyyətdədir. Mən, yəqin ki, siz də, bütün ictimaiyyət də ilk dəfə görmüşük ki, hərbi texnika özü yeriyə bilmir, onları qoşqular, yük maşınları üzərində paraddan keçirib nümayiş etdirirdilər. Bunun bir neçə səbəbi ola bilər. Ya o texnika işləmir, nasaz vəziyyətdədir, ya orada yanacaq yoxdur, ya da ki, hər ikisi. Çox güman ki, hər iki amil burada rol oynamışdır. Bu parad bir daha onu göstərdi ki, Ermənistan müstəqil ölkə deyil, forpostdur. Əgər bu barədə əvvəlki dövrdə də kifayət qədər yüksək rütbəli, vəzifəli şəxslər bəyanatlar vermişdilərsə, bu paradda gördüyümüz mənzərə bunu bir daha təsdiq edir ki, Ermənistan forpost olaraq qalır.

Bir də Ermənistanda keçirilmiş bu tədbir yəqin ki, tarixdə yeniliklə yadda qalacaqdır. Orada din xadimlərinin iştirakı da sadəcə olaraq, yumşaq desək, təəccüb doğurur. Özü də əsgər kimi addımlarla addımlayan keşişlər – buna söz tapmaq çətindir. Biz başa düşürük ki, Ermənistan işğalçı siyasəti nəticəsində demoqrafik fəlakətlə üzləşib. Amma bu dərəcədə təsəvvür etmirdik ki, artıq din xadimləri də orada həqiqi hərbi xidmətə cəlb edilirlər.

Bu, nə qədər gülməli səslənsə də, bir o qədər də faciəvidir. Hesab edirəm onlar tezliklə dərk etməlidirlər ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli onların maraqlarına xidmət edəcəkdir.

Nəhayət, ölkəmizin imkanlarını, beynəlxalq müstəvidə artan nüfuzunu bu yaxınlarda BMT-də keçirilən səsvermə də əyani şəkildə təsdiqləyir.

Bildiyiniz kimi, Azərbaycan BMT Təhlükəsizlik Şurasına üzv olmaq üçün müraciət etmişdir. Son aylar ərzində bu məqsədə çatmaq üçün diplomatiyamız böyük işlər görmüşdür. Bu səsvermənin tarixçəsi də maraqlıdır. Bəlkə Azərbaycan ictimaiyyəti bunu bilmir. Deyə bilərəm ki, ilkin mərhələdə Ermənistan da öz namizədliyini bizimlə bərabər vermişdi. Ancaq bir neçə ay bundan əvvəl yəqin ki, orada götür-qoy etdilər və anladılar ki, Azərbaycan ilə diplomatik sahədə də onlar rəqabət aparmaq iqtidarında deyillər və çox sakitcə, səs salmadan öz namizədliyini geri götürdülər. Yəni, bu, artıq özlüyündə göstərirdi ki, Azərbaycan qarşısında onlar acizdirlər və bunu etiraf edirlər. Bilirlər ki, onların işğalçı siyasəti, Azərbaycana qarşı aparılan işğalçı siyasət, onların çirkin əməlləri, məkrli planları dünya ictimaiyyəti tərəfindən heç vaxt dəstəklənə bilməz. Əksinə, dünya ictimaiyyəti bunu pisləyir və pisləyəcəkdir. Bunun nəticəsidir ki, Ermənistan öz namizədliyini geri götürmüşdür və yenə də demək istəyirəm çox sakit şəkildə ki, bu rüsvayçılığı çox adam, çox ölkə bilməsin.

Ümid edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində də onlar eyni yanaşmanı göstərəcəklər, yenə də götür-qoy edəcəklər. Nəhayət, anlayacaqlar ki, Azərbaycanla heç bir sahədə onlar rəqabət apara bilmirlər və bilməyəcəklər. Nə qədər tez bunu anlasalar, onlar üçün bir o qədər yaxşı olacaqdır. Çünki onların BMT Təhlükəsizlik Şurasına seçkilərdə siyasi və diplomatik iflası, uğursuzluğu istisna edilmir ki, təkcə diplomatik meydanla məhdudlaşmayacaqdır. Azərbaycan güclü dövlətdir və güclü dövlətlərlə qonşular adətən dost olmaq istəyirlər.

O ki qaldı seçkilərə, seçkilər hələ davam edir. Bir neçə tur artıq olmuşdur. Birinci turda Azərbaycan birinci yerdə idi. İkinci və ondan sonrakı turlarda da Azərbaycan böyük üstünlüklə irəlidədir. Bu gün, ayın 24-də növbəti turlar keçiriləcəkdir, ancaq indi də demək olar ki, bu, bizim böyük qələbəmizdir. Son nəticədən asılı olmayaraq tam qətiyyətlə deyə bilərəm və tam əminəm ki, bu nəticə tarixi nəticədir. 113 ölkə Azərbaycanı dəstəkləyir. Bu, tarixi nailiyyətdir. Bu, dünya ictimaiyyətinin Azərbaycana olan münasibətinin əlamətidir, ölkənin inkişafının təzahürüdür. Amma mən çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycan etibarlı tərəfdaşdır. Bu cümlədə çox böyük məna vardır. Bəlkə indi bunu eşidən o qədər də, necə deyərlər, tam həcmdə təsəvvür edə bilmir ki, bu fikirdə nə qədər böyük məna vardır. Etibarlı tərəfdaş olmaq çox böyük məsuliyyətdir və böyük nailiyyətdir. Biz doğrudan da etibarlı tərəfdaşıq. Siyasətimiz kiminsə xoşuna gələ də, gəlməyə də bilər. Biz çalışmırıq ki, hamının xoşuna gələk. Biz siyasətimizi aparırıq. Azərbaycan etibarlı tərəfdaşdır. Bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Bizim sözümüzlə imzamız arasında heç bir fərq yoxdur. Bu etibarı qazanmaq asan məsələ deyildir, xüsusilə gənc müstəqil dövlət üçün. Biz müstəqilliyimizin 20 illik yubileyini bu yaxınlarda qeyd etmişik, böyük uğurlar, gələcək planlar haqqında danışmışıq. Deyə bilərəm ki, 113 ölkənin Azərbaycana dəstək verməsi bu 20 ilin məntiqi nəticəsidir.

Bir sözlə, həm ölkə daxilindəki vəziyyətlə, daxildə aparılan islahatlarla, eyni zamanda, xarici siyasətimizin aparılması ilə bağlı, yenə də deyirəm, konkret proqramlarımız, planlarımız, siyasətimiz vardır. Bu siyasət imkan verir ki, ölkəmiz sürətlə, uğurla inkişaf etsin.