Soçidə İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub

03 oktyabr 2019, 15:40
Soçidə İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub

Oktyabrın 3-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin görüşü olub.

Prezident Vladimir Putin Prezident İlham Əliyevi qarşıladı.

Dövlət başçıları birgə foto çəkdirdilər.

Sonra Prezident İlham Əliyev ilə Prezident Vladimir Putin arasında görüş oldu.

Rusiya Prezidenti Vladimir PUTİN dedi:

Hörmətli İlham Heydər oğlu.

Hörmətli dostlar.

İcazə verin, sizin hamınızı ürəkdən salamlayım.

Bu dəfə biz Soçidə beynəlxalq siyasi diskussiya klubu çərçivəsində görüşürük. Tədbir ilk dəfə Valdayda keçirildiyinə görə biz onu “Valday klubu” adlandırırıq.

Görüşümüzün əvvəlində qeyd etmək istərdim ki, Sizi görməyə çox şadam. Biz çoxdandır ki, görüşməmişik. Lakin şəxsi görüşlərimizdə, əlaqələrimizdə fasilə olmasına baxmayaraq, ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edir.

Ticari-iqtisadi əlaqələr möhkəmlənir. Keçən il əmtəə dövriyyəsinin həcmi 2,5 milyard dollar olub. Bu istiqamətdə yaxşı perspektivlərimiz var. Mən o planları nəzərdə tuturam ki, onların əsas müəllifi Azərbaycan Prezidentidir. Biz də öz tərəfimizdən, bu konkret, mənim fikrimcə iri layihələrin reallaşması üçün bizdən asılı olan hər şeyi edirik. Bunun üzərində hökumətlərarası komissiya işləyir və zənnimcə, kifayət qədər inamla işləyir.

Başqa istiqamətlər üzrə münasibətlərimizin vəziyyəti barədə də fikir mübadiləsinə ehtiyac var. Ümidvaram ki, bu gün biz bütün bunlara nail olacağıq. Ümid edirəm ki, Siz bu maraqlı ümumi diskussiyada iştirak edəcəksiniz.

Bu gün buraya gəldiyinizə görə çox sağ olun.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

Dəvətə görə çox sağ olun, Vladimir Vladimiroviç.

Valday diskussiya klubunun işində iştirak etmək mənim üçün böyük şərəfdir. Bu klub bu gün müasir dünya nizamının qlobal aktual məsələlərinin müzakirəsi üçün çox mühüm beynəlxalq məkandır. Əlbəttə ki, bu görüşə görə təşəkkür edirəm.

Sizin qeyd etdiyiniz kimi, biz müəyyən müddətdə, daha dəqiq desəm dörd aydır ki, görüşməmişik. Bizim əlaqələrin intensivliyini nəzərə alsaq, bu, yetərincə böyük müddətdir. Keçən il biz dörd dəfə görüşmüşdük. Bu görüşlər çox müsbət rol oynayır, strateji tərəfdaşların münasibətləri kimi səciyyələndirdiyimiz əlaqələrimizin inkişafına yaxşı təkan verir.

Ticari-iqtisadi sahədə müsbət dinamikanı da qeyd etmək istərdim. Əmtəə dövriyyəsi artır – keçən il də, bu il də. Bizdə olan məlumata görə, avqust ayına qədər artım 20 faizdən çox olub. Sizinlə bizim təsdiq etdiyimiz “Yol xəritələri”nin reallaşdırılması da əlbəttə, daha sıx qarşılıqlı fəaliyyətə, bütün sahələrdə inteqrasiyaya və əməkdaşlığa gətirib çıxaracaq.

Bizim üçün Rusiya ən mühüm tərəfdaş, dost, mehriban qonşudur. Biz bu münasibətləri çox qiymətləndiririk. Əminəm ki, bugünkü diskussiya əlaqələrimizin gələcək inkişafına yaxşı töhfə olacaq.

Dəvət üçün bir daha sağ olun.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, iqtisadi, investisiya qoyuluşu, hərbi və hərbi-texniki, kənd təsərrüfatı, turizm və humanitar sahələrində əməkdaşlıq barədə müzakirələr aparıldı.

Nümayəndə heyətlərinin geniş tərkibdə görüşündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin təkbətək söhbət etdilər.

gallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10