İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

12 noyabr 2019, 18:10
İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Birləşmiş Ərəb Əmirliklərinin İqtisadiyyat naziri Sultan bin Səid əl-Mansurinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətinin üzvlərini salamlayan Prezident İlham Əliyev dedi:

-Xoş gəlmisiniz. Sizi yenidən görməyə şadam.

Sultan bin Səid əl-Mansuri dedi:

-Mən burada olmaqdan çox məmnunam. Burada özümüzü evimizdəki kimi hiss edirik.

Prezident İlham Əliyev: Doğrudur. Ümidvaram ki, səfəriniz çox yaxşı, çox uğurlu və səmərəli keçəcək. Sabah Birgə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Ümidvaram ki, o, çox uğurlu olacaq, çünki fəaliyyətimizin əhatə dairəsi artır.

Sultan bin Səid əl-Mansuri: Tamamilə doğrudur.

Prezident İlham Əliyev: Əlaqələr olduqca müsbət məcrada inkişaf edir. Siyasi əlaqələr çox güclüdür. Bizim aramızda çox yaxşı qarşılıqlı anlaşma və qarşılıqlı dəstək var. Mən, həmçinin sizin Qoşulmama Hərəkatının Zirvə Görüşündə iştirak edən Xarici İşlər nazirinizi görməyə çox şad oldum. Bu mühüm tədbirə verdiyiniz töhfəyə görə sizə təşəkkür edirəm. Bildiyiniz kimi, hazırda Azərbaycan bu mühüm təşkilata sədrlik edir. Biz üç il ərzində buna məsuliyyət daşıyacağıq. Biz sözsüz ki, dost ölkələrimizi dəstəkləyəcəyik. Bizim beynəlxalq təşkilatlarda çox yaxşı qarşılıqlı dəstəyimiz var, biz hər zaman bir-birimizi dəstəkləyirik. Ticarət dövriyyəmizdə yaxşı nəticələr var. Əlbəttə ki, turizm artır, indi hər iki istiqamətdə.

Sultan bin Səid əl-Mansuri: Bəli, çox əla.

Prezident İlham Əliyev: Ölkəmizə səfər edən Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının sayı artır və əlbəttə ki, Azərbaycan vətəndaşları sizin gözəl ölkənizə səfər etməkdən çox məmnundurlar. Əminəm ki, komissiya çərçivəsində siz əməkdaşlığın yeni sahələrini müəyyənləşdirəcəksiniz, ənənəvi sahələrdə əməkdaşlığı intensivləşdirmək üçün addımlar atacaqsınız və biz gələcəkdə dostluğumuzu gücləndirəcəyik.

Sultan bin Səid əl-Mansuri: Cənab Prezident, bizi qəbul etdiyinizə görə təşəkkür edirik. Mən bilirəm ki, Siz Birləşmiş Ərəb Əmirliklərinin ən böyük dostlarından birisiniz. Mən Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və qardaşınız Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarını çatdırmaq istəyirəm. Cənab Prezident, bildiyiniz kimi, Azərbaycan bizim qəlbimizdə xüsusi yer tutur. Biz görüşəndə dərhal bunu hiss edirik. Bu gün mən hava limanından şəhərə otelə gələndə ətrafı seyr etdim. Azərbaycanda möhtəşəm dəyişikliklər baş verib. Zati-aliləri, ikinci məsələ ondan ibarətdir ki, biz Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında iqtisadi əlaqələrə çox sadiqik.

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Xəlifə bin Zayed Al Nəhyanın və Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş Naziri, Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid Al Məktumun salamlarına görə təşəkkürünü bildirdi, onun da salamlarını Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə və ölkənin vitse-prezidenti və Baş Nazirinə çatdırmağı xahiş etdi.

Görüşdə ölkələrimiz arasında iqtisadi əlaqələrin inkişaf dinamikasının önəmi vurğulandı, sərmayə qoyuluşu, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edildi, sabah Bakıda keçiriləcək Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi, ticarət və texniki əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın növbəti iclasının bu əməkdaşlığın daha da genişləndirilməsi işinə töhfə verəcəyinə əminlik ifadə olundu.

gallery-photogallery-photogallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04