13 noyabr 2019, 12:55

Ceyran Pirəliyevadan, Abşeron, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizin tərəfinizdən həyata keçirilən siyasi, iqtisadi, sosial və mədəni islahatlar öz bəhrələrini verir, paytaxt və bölgələrimiz sürətlə inkişaf edir. İnkişaf edən sahələr arasında səhiyyə də özünəməxsus yer tutur. Yeni tikilən və təmir olunan səhiyyə ocaqları, onların müasir texnologiyalara əsaslanan avadanlıqla təchiz olunması, dərman preparatları ilə təminat, tibbi müayinə və müalicənin səviyyəsinin yaxşılaşdırılması biz vətəndaşları çox sevindirir, insanlarda yüksək əhval-ruhiyyə yaradır. Bütün bunlara görə Sizə dərin minnətdarlığımı bildirir və apardığınız siyasi kursu dəstəklədiyimi bəyan edirəm.

Bu yaxınlarda Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında müayinə və müalicə olundum. Tibbi personalın göstərdiyi diqqət və qayğı, həmçinin həkim və tibb bacılarının yüksək peşəkarlığı aldığım müalicəni daha da səmərəli etdi. Sağlamlığımda olan problemlər qısa müddətdə aradan qaldırıldı, evimə daha gümrah və daha sağlam qayıtdım.

Səhiyyə sahəsinə göstərdiyiniz diqqət Azərbaycan əhalisinin sağlamlığının qorunmasına olan qayğıdır. Görülən işlər gələcək nəsillərinin daha sağlam, daha gümrah olacağından xəbər verir. Bu sahədə gördüyünüz işlərə görə çox sağ olun. Sizə cansağlığı və bütün işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

Hörmətlə,

Pirəliyeva Ceyran Veydəddin qızı.

Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.