İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

03 mart 2020, 11:00
İlham Əliyev Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 3-də Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterinkin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz. Sizi görməyə çox şadam. Ümidvaram ki, səfəriniz çox məhsuldar keçəcək. Bildiyiniz kimi, Davos Forumu zamanı Prezident Çakrabarti ilə görüşmək, gələcək planlarımızı müzakirə etmək və görülən işləri bir qədər nəzərdən keçirmək imkanımız oldu. Əməkdaşlığın səviyyəsi bizi çox qane edir. Azərbaycan üçün portfolio 3,5 milyard dolları ötüb. Mənə verilən məlumata görə, bu, 170-dən çox layihədir. Yaxşı məqam ondadır ki, bunun yarısı özəl sektorun payına düşür. Düşünürəm ki, bu, həm də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin çox yaxşı göstəricisidir. Çünki Azərbaycanda özəl sektor bu sahədə cəmləşib. Biz onların rəqabətqabiliyyətli olmasına kömək etmək üçün işləyirik. Şadıq ki, qeyri-enerji ixracatımız artır. Bu, şaxələndirilmənin göstəricisidir. Əlbəttə ki, biz daha çox iş görməliyik. Biz, həmçinin lazım olan zaman infrastruktur layihələrimizə verdiyi güclü dəstəyə görə Avropa Yenidənqurma və İnkişaf Bankına minnətdarıq. Lakin indi onların əksəriyyəti uğurla tamamlanıb. Cənub Qaz Dəhlizinə dəstəyə görə sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Biz bu yaxınlarda Məşvərət Şurasının 6-cı toplantısı çərçivəsində il ərzində görülən işləri və gələcək planları nəzərdən keçirdik. Beləliklə, tərəfdaşlıq hər zaman çox müsbət olub və müxtəlif vaxtlarda biz diqqəti Azərbaycan iqtisadiyyatının praktiki ehtiyacları üzərində cəmlədik. Düşünürəm ki, bu, həmçinin çox çevik və yekun nəticəyə istiqamətlənmiş yanaşmanın yaxşı göstəricisidir. Sözsüz ki, əməkdaşlığımız ərzində Azərbaycan bütün sahələrdə, o cümlədən, iqtisadi sahədə çox dəyişib. Ona görə də, indi qarşımızda duran çağırışlar və məsələlər 10 il bundan əvvəl üzləşdiklərimizdən fərqlidir. Beləliklə, bizim əsas istiqamətimiz özəl sektor, qeyri-enerji iqtisadiyyatı, yaşıl iqtisadiyyat, sənaye istehsalının artırılmasıdır. Biz qeyri-enerji sektorunda sənaye istehsalında bəlkə də ən yüksək səviyyəyə nail olmuşuq. Ötən il bu 15 faizə yaxın olub. Bu ilin yanvarında rəqəmlər təxminən eynidir. Beləliklə, bu, onu göstərir ki, infrastruktur layihələri, eləcə də, sahibkarlığa olan dövlət dəstəyi çox müsbət investisiya mühiti yaradıb. Siz “Doing Business” hesabatından bizim islahatlarımız barədə bilirsiniz. Biz 20-yə yaxın ən islahatçı ölkə arasında yer almışıq. Lakin yenə də çox iş görülməlidir. Ona görə də mən düşünürəm ki, qarşıdan gələn dövrdə, - biz 2020-ni yaxşı nəticələrlə başlayırıq, - əvvəllər olduğu kimi yenə də Avropa Yenidənqurma və İnkişaf Bankından eyni dəstəyi almaq üçün qısa və uzunmüddətli addımlarımızı və strategiyamızı müvafiq şəkildə planlaşdırmalıyıq. Əminəm ki, sizin bütün əlaqələriniz bizə bu məqsədə çatmağa imkan verəcək. Bir daha xoş gəlmisiniz.

X X X

Avropa Yenidənqurma və İnkişaf Bankının birinci vitse-prezidenti Yurgen Riqterink təmsil etdiyi bankla Azərbaycan arasında uzun illərdir mövcud olan münasibətlərdən razılığını ifadə etdi. İndiyə kimi Bankın ölkəmizə 3,3 milyard dollardan çox investisiya yatırdığını bildirən Yurgen Riqterink hazırda 1,1 milyard dollar dəyərində investisiya portfelinin olduğunu da söylədi.

Avropa Yenidənqurma və İnkişaf Bankının icraçı direktoru ilə birlikdə Davosda Prezident İlham Əliyev ilə görüşünü xatırlayan qonaq Azərbaycan dövləti başçısının iqlim dəyişikliyi məsələləri və ölkədə xarici borcun azalması ilə bağlı görülən işlər barədə söylədiklərinin maraq doğurduğunu vurğuladı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda aparılan iqtisadi islahatları yüksək qiymətləndirən Yurgen Riqterink ölkəmizdə həyata keçiriləcək birgə layihələrin icrası və əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu bildirdi.

Söhbət zamanı bərpa olunan enerji, nəqliyyat, özəl sektorun inkişafı, meliorasiya və su təchizatı və digər sahələrdə əməkdaşlığın konkret istiqamətləri ilə bağlı müzakirələrin aparılmasının zəruriliyi qeyd edildi.

Görüşdə Azərbaycan ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında əməkdaşlığın genişləndirilməsi və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

gallery-photogallery-photo
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:06
“Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” 2011-ci il 20 iyul tarixli 472 nömrəli, “Sumqayıt şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2015-ci il 7 dekabr tarixli 704 nömrəli və “Gəncə şəhərində avtomobil nəqliyyatı ilə sərnişin daşınması sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2016-cı il 25 yanvar tarixli 750 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi və bəzi sərəncamlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi və Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının...

24 aprel 2024, 13:06
SƏNƏDLƏR Fərmanlar 24 aprel 2024
13:04
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 906-VIQD...

24 aprel 2024, 13:04