Dövlət idarəçiliyində səmərəliliyin artırılması ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

17 mart 2020, 11:20

Dövlət idarəçiliyinin təkmilləşdirilməsi istiqamətində respublikada çoxşaxəli işlər görülməkdədir. Müasir dövrün çağırışlarından biri kimi, dövlət orqanları və qurumlarının fəaliyyətinin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi sisteminin mərhələlərlə işlənməsi və tətbiqi dövlətimizin diqqət mərkəzindədir.

Bu baxımdan, paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətinin müasir standartlara uyğun əsas səmərəlilik göstəriciləri əsasında qiymətləndirilməsi üçün zəruri sistem hazırlanmış və qəbul edilmişdir.

Aparılan sosial-iqtisadi islahatlar, regionların inkişafına dövlətin göstərdiyi qayğı və diqqət nəzərə alınaraq, regionlarda sosial-iqtisadi inkişafın tamamilə yeni mərhələyə qədəm qoyması məqsədilə digər əməli tədbirlərlə yanaşı, səmərəliliyin qiymətləndirilməsi sisteminin yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinə də şamil olunması imkanları təhlil edilməli və ən qabaqcıl dünya təcrübəsinin ölkəmizdə tətbiqinə başlanılmalıdır.

Eyni zamanda, dövlət nəzarətinin təşkili və icra intizamına əməl olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılmasına, bu sahədə daha əhatəli və çevik mexanizmlər yaradılmasına ehtiyac vardır.

Qeyd edilən hədəflərə nail olunması məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün yeni informasiya sistemi yaradılsın.

2. Yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyi mütərəqqi dünya təcrübəsinə uyğun əsas səmərəlilik göstəriciləri üzrə qiymətləndirilsin.

3. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası beynəlxalq məsləhətçi şirkət cəlb etməklə, aşağıdakılar barədə təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1. yerli icra hakimiyyəti orqanlarının fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsi mexanizminin yaradılması və tətbiqi;

3.2. Azərbaycan Respublikası Prezidentinin fərman, sərəncam və tapşırıqlarının icra vəziyyətinə nəzarətin elektron qaydada həyata keçirilməsi üçün səmərəli informasiya sisteminin iş qaydası.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti dövlət orqanları və qurumları tərəfindən icra intizamına əməl olunması vəziyyətini təhlil etsin və icra intizamının pozulması halları, onlara yol verən dövlət orqanları və qurumları barədə Azərbaycan Respublikasının Prezidentinə ildə iki dəfə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 17 mart 2020-ci il.

SƏNƏDLƏR Fərmanlar 28 mart 2024
14:39
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23...

28 mart 2024, 14:39
SƏNƏDLƏR Fərmanlar 27 mart 2024
14:10
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 1760 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 6 iyul...

27 mart 2024, 14:10