03 aprel 2020, 10:00

Elvin Umudov və başqalarından, Tərtər, Azərbaycan

Möhtərəm cənab Prezident.

Bütün dünyanı ağuşuna almış koronavirusa qarşı ölkəmizdə Sizin rəhbərliyinizlə aparılan mübarizə tədbirlərini ürəkdən alqışlayırıq. İnsanların ölüm virusu ilə üz-üzə qaldığı bir vaxtda Siz öz vətəndaşlarınızın yanında olduğunuzu bir daha göstərdiniz. Koronavirusla Mübarizəyə Dəstək Fondu yaratdınız, bir illik əmək haqqınızı həmin fonda ianə etdiniz, xəstəliyin geniş yayılmaması üçün qabaqlayıcı tədbirlər gördünüz, xalqa müraciət edərək bu çətin günlərdə hamını bir olmağa, karantin qaydalarına əməl etməyə çağırdınız. Sizin uşaqlara, yaşlılara, bir sözlə, hər kəsə göstərdiyiniz diqqət və qayğı biz vətəndaşları ürəkləndirdi. Bir daha əmin olduq ki, möhtərəm Prezidentimiz hər bir vətəndaşını fikirləşir, onun qayğısına qalır, sosial ehtiyaclarını qarşılamağı düşünür.

Cənab Prezident, biz azərbaycanlılar birlikdə çox sınaqlardan çıxmışıq. İnanırıq ki, bu çətinliyi də birlikdə dəf edəcək, tezliklə yenidən firavan həyata qovuşacağıq. Bu çətin günlərdə xalqa dəstək olduğunuza görə tərtərlilər adından Sizə minnətdarlığımızı bildiririk.

Dərin hörmət və ehtiramla,

Umudov Elvin

Qurbanov Emin

Pənahov Emin

Səfərov Murad.

Azərbaycan Respublikası, Tərtər rayonu.