Gerb

26 dekabr 2011, 23:00
W1siziisijiwmtuvmdyvmtuvmwhqdwq4ndzhcl85nzizlmpwzyjdlfsiccisinrodw1iiiwinju0edmynymixv0?sha=35ac83d637391867

Prezident İlham Əliyev İTAR-TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana İTAR-TASS agentliyi və “Rossiya 24” telekanalı üçün müsahibə vermişdir. 

-Cənab Prezident, Sizinlə görüşmək imkanına görə çox sağ olun.

İcazə versəniz, söhbətimizi adətən bizim “Hakimiyyət formulu” adlanan proqramın sonunda verilən sual ilə - hakimiyyət haqqında sual ilə başlamaq istərdim. Siz səkkiz ildir ki, hakimiyyətdəsiniz. Hakimiyyətin ləzzətini və onun bütün cəhətlərini artıq bilirsiniz. Bu gün, Prezident vəzifəsində səkkiz il işlədikdən sonra Sizin üçün hakimiyyət nədir və Sizin fikrinizcə, hakimiyyətin hansı alətləri daha vacibdir?

-İlk növbədə deməliyəm ki, mən Prezident hakimiyyətini və gördüyüm işləri xalq qarşısında böyük məsuliyyət və ölkənin taleyi üçün məsuliyyət kimi qəbul edirəm. Prezident respublikalarında bu hakimiyyət yəqin ki, ikiqat məsuliyyətli olmalıdır. Bundan əlavə, hakimiyyət, əlbəttə dövləti qurmaq və yaratmaq, möhkəmlətmək, siyasi təsisatları inkişaf etdirmək, insanların günbəgün daha yaxşı yaşaması üçün şərait yaratmaq imkanı verir. Mən xalqın mənə verdiyi səlahiyyətləri məhz bu baxımdan – böyük məsuliyyət kimi və öz ölkəsi üçün bəlkə hər kəsdən artıq iş görmək imkanı kimi qəbul edirəm. Deməliyəm ki, bu vəzifədə olduğum səkkiz ildə mənim hakimiyyət haqqında təsəvvürlərim dəyişməmişdir. Deyim ki, mən bu qiymətləri özümün prezidentliyimin ilk dövrlərində də söyləmişəm. Bu gün hakimiyyət haqqında bu anlayış məndə yalnız möhkəmlənmişdir.

-Amma hər halda yada salmağa çalışın, bu səkkiz ildə hansı qərarları qəbul etmək Sizin üçün daha çətin olmuşdur, belə qərarlar isə yəqin ki, olmuşdur. Məsələn, hansı qərarların qəbul edilməsi Prezident İlham Əliyevə yuxusuz gecələr bahasına başa gəlmişdir?

-Deməliyəm ki, yuxusuz gecələrim olmamışdır. Dövlətimizin inkişafında mürəkkəb dövrlər olmuşdur. Xüsusən mən Prezident vəzifəsinə seçiləndə mürəkkəb dövr idi, müəyyən qüvvələr şəraitin sabitliyini pozmağa cəhdlər göstərirdi. Prezident seçkilərindən sonra, 2005-ci ildə keçirilən ilk parlament seçkiləri və istər ölkənin daxilində, istərsə də onun hüdudlarından kənarda müəyyən dairələrin sabitliyi pozmağa cəhdləri. Bu iki mürəkkəb dövrdən başqa tarixi prosesin qalan hissəsi kifayət qədər sakit, rəvan keçmişdir. Buna görə də mən elə bir mürəkkəblik hiss etməmişəm.

Qəbul edilmiş mühüm qərarlara gəldikdə isə, mən onların arasında Azərbaycanın strateji inkişafına təsir göstərənləri qeyd etmək istərdim. Bu, ilk növbədə ölkənin regional inkişafı proqramıdır. Bu, mənim ilk ciddi siyasi addımlarımdan, təşəbbüslərimdən biri idi. Çünki aydın idi ki, paytaxt ilə regionlar arasında qeyri-mütənasibliyi azaltmaq və tamamilə aradan qaldırmaq zəruridir. Bu proqram konkret maliyyə resursları ilə, əlbəttə, qəbul edilmiş qərarların icrasının idarə edilməsi və onlara nəzarət üzrə çox səmərəli siyasətlə dəstəklənmişdi. Lakin bu proqram dövlətin ümumi inkişafı, Azərbaycanın artıq postsovet ölkəsindən gələcək üçün çox böyük perspektivləri olan, dinamik inkişaf edən ölkəyə rəvan transformasiyasının və strateji inkişafının proqramına çevrildi. Əslində Azərbaycanın bütün gələcək inkişafı məhz 2004-cü ildə qəbul edilmiş bu proqramla müəyyən olunmuşdur.

Əlbəttə, həyat bir yerdə dayanmır və bu gün biz elə layihələr haqqında düşünürük ki, səkkiz il bundan əvvəl onları bəlkə heç xəyala da gətirmək mümkün deyildi. Bu, onu göstərir ki, ölkə irəliyə doğru inkişaf edir. Beləliklə, keçən dövrü mən belə səciyyələndirərdim. Əlbəttə, həm daxili həyatda, həm də xarici siyasət sahəsində qəbul edilməli qərarlar çox idi. Bu illərdə Azərbaycan öz müstəqil fəaliyyət xəttini həyata keçirən ölkə kimi möhkəmlənmişdir. Bu, çox xoşdur, lakin heç də həmişə asan deyil. Buna görə də xarici siyasi təşəbbüslər, ətrafımızda baş vermiş və baş verən hadisələrə münasibət, əlbəttə, dürüst ölçülüb-biçilmiş xarici siyasət kursu, habelə bizim milli mənafelərin qorunmasında kifayət qədər cəsarət tələb edir. 

-Siz dəf edilməli çətinliklərdən danışdınız. Amma hər halda hamı etiraf edir ki, Azərbaycanın uğurları çox güclü təsir bağışlayır – sənayedə, iqtisadiyyatda, kənd təsərrüfatında, beynəlxalq aləmdə. Sizin fikrinizcə, bu uğurların rəhni, əsas amili nə olmuşdur? Siz necə hesab edirsiniz, bu uğuru təmin edərkən nəyə güvənirdiniz?

-Şübhəsiz, bu uğurun və bütövlükdə Azərbaycanın bu uğurlu tarixinin rəhni, ilk növbədə siyasi kursun varisliyidir. Mən prezident vəzifəsində işə başlayanda və hətta ondan əvvəl, seçkiqabağı dövrdə elan etmişdim ki, mənə etimad göstəriləcəyi təqdirdə atamın siyasətini davam etdirəcəyəm. Zaman sübut etmişdir ki, bu, yeganə düzgün siyasətdir. Bu siyasət Azərbaycanı hərc-mərclik, nizamsızlıq və faktiki parçalanma dövründən çıxarmışdır. Bu siyasətə sadiqlik yeganə düzgün seçim idi və Azərbaycan xalqı, o cümlədən 2003-cü ildə də bu seçimi dəstəklədi.

Bununla yanaşı, hakimiyyətin varisliyi və rəvan tərzdə keçməsi faktı Azərbaycan xalqının böyük əksəriyyəti tərəfindən dəstəkləndi və həm də bu fakt müasir Azərbaycanın tarixində yeni məqam oldu. Buna görə də bu, uğurun əsas rəhni idi. Lakin təbii ki, həyat bir yerdə dayanmır. Yerində saymaq və yalnız bugünkü günlə yaşamaq olmazdı. Buna görə də Azərbaycanın hərtərəfli inkişafı strategiyası işlənib hazırlandı. Qarşıya olduqca iddialı məqsədlər qoyuldu. Birinci mərhələdə onlar bəlkə də həyata keçirilməsi mümkün olmayan, hətta qeyri-real və vaxtından əvvəl müəyyənləşdirilmiş məqsədlər kimi görünürdü. Mən isə belə hesab edirdim ki, məhz əlçatmaz görünən hədəfə daha asanlıqla nail olmaq mümkündür. Ölkənin inkişafının düzgün seçilmiş strategiyası, əlbəttə, Azərbaycandakı şəraitin bütün müsbət və mənfi cəhətləri ilə bərabər, düzgün təhlilinə, habelə dövlətin səmərəli idarə edilməsinə və qəbul olunmuş qərarların həyata keçirilməsinə çox təsirli nəzarətə əsaslanırdı. Əlbəttə, gizli deyil, çox vaxt elə olur ki, düzgün qərarlar qəbul edilir, sonra onlar unudulur, ya da bürokratiya onları bir növ pərdələyir. Buna görə də qərarların qəbul edilməsi, onların yerinə yetirilməsi, nəzarət mexanizmi, ən başlıcası, bizim bütün proqramlar və qərarlar həm maliyyə bazası ilə, həm də reallaşdırılma mexanizmi ilə möhkəmləndirilmişdi. Uğurlu inkişaf üçün imkan yaradan da bunlar olmuşdu. Güclü artım prosesi başlanan kimi inersiya qüvvəsi işə düşdü. Yəni, artıq yerlərdən yeni təşəbbüslər irəli sürülməyə başlandı, onlar bizim proqramları tamamlayır, gücləndirirdi. Cəmiyyətdə tamamilə nadir quruculuq ruhu yaranmışdı, hər bir vətəndaş öz sahəsində, öz həyətində, öz küçəsində həyatı daha yaxşı və daha gözəl etməyə çalışır. Bax, bu cür ictimai ruh yüksəkliyi bizə çox kömək edir. Əvvələn, biz bütün təşəbbüslərimizin dəstəklənməsini hiss edirik, digər tərəfdən, bu proseslərdə bütün cəmiyyətin iştirakı olmadan uğur qazanmaq mümkün deyil. Düşünürəm ki, mənim qeyd etdiyim bu strateji istiqamətlər bu gün belə deməyə imkan verir ki, Azərbaycan həqiqətən çox dinamik və səmərəli inkişaf edir.

-Siz Azərbaycanın beynəlxalq aləmdə uğurunu xatırlatdınız. Bu yaxınlarda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilmişdir. Bu, çox böyük nailiyyətdir. Özü də çox dramatik, bir neçə turdan ibarət mübarizə gedirdi – məncə 16 tur oldu. Azərbaycana azarkeşlik edənlərin hamısı bu mübarizəni onlayn rejimdə izləyirdi. Lakin reputasiya hissəsindən əlavə, praktiki baxımdan Siz Azərbaycanın Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi vəzifələrini, imkanlarını nədə görürsünüz?

-Əvvələn, deməliyəm ki, bu qələbə müstəqil Azərbaycanın bütün tarixi ərzində bəlkə də ən vacib, ən əhəmiyyətli və sanballı qələbədir. Bu qələbə bizim həm ölkə daxilində, həm də beynəlxalq aləmdə gördüyümüz bütün işləri əks etdirir. Müstəqilliyin 20 ili ərzində biz buna nail olmuşuq ki, 155 ölkə, sizin dediyiniz kimi, gərgin mübarizədə bizim namizədliyimizi dəstəkləmişdir. Lakin deməliyəm ki, Azərbaycan bu mübarizədə ilk turdan başlayaraq liderlik edirdi və bütün mərhələlərdə böyük fərqlə irəlidə gedirdi. Nəticədə biz beynəlxalq birliyin çox böyük dəstəyini qazandıq. Məhz beynəlxalq birliyin - çünki yalnız bu cür format elə dünya birliyi, beynəlxalq birlik deməkdir. Bu, çox böyük siyasi qələbə, diplomatik qələbə, çox böyük məsuliyyət, həm də ölkəmizə, siyasətimizə hörmətin ifadəsidir.

Açığını deyim ki, bu 155 ölkənin heç də hamısı ilə bizim çox fəal münasibətlərimiz yoxdur. Əksəriyyəti ilə var, lakin bəzi ölkələr sadəcə olaraq bizə inanmış və etimad göstərmişdir. Onlar inanmışlar ki, Azərbaycan Təhlükəsizlik Şurasında və bütövlükdə xarici siyasətdə müstəqil xətt yeridəcəkdir. Onlar inanmışlar ki, biz orada ədalət ideallarını müdafiə edəcəyik. Mənim fikrimcə, ilk növbədə buna çox böyük zərurət var – bugünkü aləmdə ədalət və beynəlxalq hüquq ideallarını müdafiə etmək lazımdır. Əlbəttə, bu məsuliyyət bizim üzərimizə yeni funksiyalar qoyur. Bu, ilk təcrübədir, biz hələ başlamamışıq, biz yenicə hazırlaşırıq. Əminəm ki, sizin dediyiniz kimi, reputasiya, imic xarakterindən əlavə, bizim Təhlükəsizlik Şurasında üzvlüyümüzün praktiki səmərəsi olacaqdır. Özü də təkcə ölkəmizin maraqlarını təmin etmək üçün yox. Hərçənd, əlbəttə, biz çalışırıq ki, qarşıdakı iki ildən maksimum səmərə ilə istifadə edək, maraqlarımızı, o cümlədən bizim üçün ən mürəkkəb və çətin məsələdə - Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində maraqlarımızı təmin edək. Əlbəttə, biz bu mövzunu daim Təhlükəsizlik Şurasının diqqət mərkəzində saxlayacağıq. Lakin biz həm də qlobal miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsi işinə töhfəmizi verməyə çalışacağıq. Bu gün beynəlxalq birliyin bu yeri bizə etibar etməsi faktının özü ona dəlalət edir ki, Azərbaycan dünyada baş verən qlobal proseslərə töhfə verən və daha çox töhfə verə biləcək bir ölkə kimi qəbul edilir. 

-Siz, mənim başa düşdüyümə görə, ən ağrılı problemə - Dağlıq Qarabağ probleminə toxundunuz. Siyasi problemlərin, əlbəttə, həlli tələb olunan mürəkkəb düyününə. Sizin fikrinizcə, bu, ipləri bir-bir dartmaqla açmaq mümkün olan düyündür, yaxud kəsib doğramaq mümkün olan qordi düyünüdür?

-Siz öz sualınızda diqqəti məhz mövcud yollar üzərində çox düzgün cəmləşdirdiniz. Doğrudan da yalnız iki yol vardır. Sizin dediyiniz yol beynəlxalq hüquqa əsaslanan qarşılıqlı məqbul həll tapmaq cəhdidir. Ya da yenə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində başqa vasitələrdən istifadə edilməlidir. Azərbaycan buna çox ciddi tərəfdardır. Üçüncü yol yoxdur və bunu hamı başa düşməlidir – həm qarşı tərəf, həm də, əlbəttə, əminəm ki, vasitəçilər də bunu başa düşürlər. Üçüncü yol – staqnasiya, konservasiya, dondurulma yoludur. Bu, mümkün deyil və elə şey yoxdur. Bu gün biz Minsk qrupunun həmsədr ölkələrinin, – bunlar isə Təhlükəsizlik Şurasının üç daimi üzvüdür, – rəhbərlərinin ən yüksək tribunalardan çıxışlarında eşitdiyimiz status-kvonun qəbuledilməz olması və onun dəyişdirilməməsi barədə fikirlər belə ümid doğurur ki, siyasi tənzimləmə yolları vardır. Biz bu yolun tərəfdarıyıq. Əks halda Azərbaycan 20 ilə yaxın müddətdə, 1992-ci ildən danışıqlar prosesində olmazdı. Münaqişənin tənzimlənməsi yolları beynəlxalq hüquq müstəvisindədir. Bizim indi iştirak edəcəyimiz BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsi təmin edilməlidir. Bu cür dörd qətnamə vardır. Onlar Ermənistanın işğalçı qüvvələrinin işğal edilmiş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Avropa Şurasının, Avropa Parlamentinin qətnamələri, ATƏT-in qərarları, İslam Əməkdaşlıq Təşkilatının, digər təşkilatların qətnamələri vardır. Onların hamısı eyni şeyi tələb edir – Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bu, bizim suveren hüququmuzdur, dövlətimizin ərazi bütövlüyünün siyasi vasitələrlə deyil, açıq deyək, hərbi vasitələrlə bərpa edilməsi də bizim suveren hüququmuzdur. BMT Nizamnaməsinə uyğun olaraq bizim belə hüququmuz vardır. Biz sadəcə olaraq bundan istifadə etmək istəmirik. Ümid edirik ki, sağlam düşüncə qalib gələcək, Ermənistan tərəfi, nəhayət qəti başa düşəcəkdir ki, münaqişə tənzimlənməsə onların bu regionda olması getdikcə mürəkkəbləşəcəkdir. Biz həm də vasitəçilərin – Minsk qrupunun, həmsədrlərin səylərinin fəallaşacağına, münaqişənin mümkün qədər tezliklə həll edilməsinə və vətəndaşlarımızın öz torpaqlarına qayıda biləcəyinə ümid edirik.

-Siz dediniz ki, lap əvvəldən öz siyasətinizin əsas xətlərindən biri olan regional siyasəti seçmisiniz. Siz ölkədə çox səfərdə olursunuz. Mənim fikrimcə, Siz hər həftə regionların birində, uzaq kəndlərdə, sənaye obyektlərində, humanitar sahəyə aid obyektlərdə olursunuz. Bunu hamı görür. Mən başa düşürəm ki, bu regional siyasətə neft rentası kömək edir. Bu, aşkardır. Amma hər halda indiki mərhələdə, regionların diqqətə ehtiyacı olduğu, qarşıda isə yeni məqsədlər durduğu bir vaxtda magistral hədəf, strateji xətt nədən ibarətdir?

-Çox qısa desək, bu, Azərbaycanı tam transformasiya etmək və onu inkişaf etmiş ölkəyə çevirməkdir. Yəni, bizim qarşımızda duran məqsəd budur. O, olduqca çoxşaxəlidir, bütün sahələri əhatə edir. Bizim həyata keçirdiyimiz modernləşmə də məhz bütün sahələri əhatə edir. İqtisadiyyat öz yerində, Azərbaycan iqtisadi inkişaf üzrə böyük uğurlar qazanmışdır və bütün aparıcı beynəlxalq iqtisadi qurumlar bunu etiraf edir. Siyasi transformasiya da belədir. Əgər siyasi islahatlar iqtisadi islahatlardan geri qalarsa, biz inkişaf etmiş ölkə ola bilmərik. Buna görə də məqsədimiz siyasi və iqtisadi islahatları paralel olaraq həyata keçirmək, regionda, habelə qlobal miqyasda, dünyada qonşularımızla əlaqələri möhkəmlətməkdir.

Bunun üçün bizim imkanlarımız vardır. Son səkkiz ildə biz iqtisadiyyatı üç dəfə artıra bilmişik, ÜDM 300 faiz artmışdır. Bunlar onu göstərir ki, potensial vardır. Bu gün bizim qarşımızda başqa məsələlər durur. Əlbəttə, neft amili bizə çox kömək etmişdir. Lakin bu da bizim xidmətimizdir. Axı, çox ölkələrin nefti vardır. Nefti bizdəkindən qat-qat çox olan ölkələr də çoxdur. Lakin resurslardan düzgün istifadə edilməsi, xalqın sərvətinin ədalətli bölgüsü, habelə vəsaitlərin xərclənməsində və akkumulyasiyasında maksimum şəffaflıq elə vəziyyətə nail olmağa imkan vermişdir ki, valyuta ehtiyatlarımız ilbəil artır və 8 ildə yoxsulluq səviyyəsi 5 dəfə azalaraq 49 faizdən 9 faizə düşmüşdür. Yəni, neft amili bu gün sabitləşdirici amildir, lakin artıq, məsələn, beş il əvvəl olduğu dərəcədə əhəmiyyətli deyildir. Bu gün müasir texnologiyaların inkişafı, informasiya-kommunikasiya texnologiyaları sahəsi prioritetdir. Gələn il biz Azərbaycanın ilk telekommunikasiya peykini buraxacağıq. Biz kosmik sənaye yaradırıq. Yəni, biz bəzilərinin fikrincə, Azərbaycanın baxmalı olduğundan çox-çox uzağa baxırıq. Bizim planlarımız kimlərinsə düşünə biləcəyi kimi Azərbaycanın malik olduğu imkanlardan bəlkə də qat-qat geniş və əhatəlidir. Qlobal mənada bu, yüksək həyat səviyyəsinə, inkişaf etmiş sənayeyə və regionda daha da möhkəmlənmiş mövqelərə malik olan müasir, dinamik inkişaf etmiş ölkədir. 

- Zənnimcə, ölkənin uğurla inkişaf etməsi üçün daxili aləm çox vacibdir. Azərbaycan ənənəvi olaraq multimilli, multimədəni ölkədir. Hərçənd multikulturalizm mövzusunun özü siyasi lüğətdə 25 il əvvəl yer almışdır. Elə bu yaxınlarda Sizin həmkarlarınız Kansler Merkel, Prezident Sarkozi, - bir az əvvəl Hollandiyanın Baş naziri Ryutte ilə söhbət etmişəm, - onların hamısı əlbir olub multikulturalizm anlayışının özünü “dəfn” etməyə başladılar. Sizcə, bu anlayışdan imtina etməyin vaxtı nə dərəcədə çatmışdır? Ümumiyyətlə, multikulturalizm Azərbaycana nə dərəcədə xasdır?

- Bizim üçün bu, yüz illər, min illər boyu təşəkkül tapmış təbii mühitdir. Müasir Azərbaycanın ərazisində həmişə müxtəlif dinlərə etiqad edən müxtəlif etnik mənşəli insanlar yaşamışlar. Bütün tariximiz ərzində ictimai-siyasi vəziyyətdən və ya yaşadığımız quruluşdan asılı olmayaraq ölkəmizdə məskunlaşan xalqlar arasında həmişə sülh olmuşdur. Bu, Azərbaycan Rusiya imperiyasının bir hissəsi olmamışdan əvvəl də, həmin dövrdə də, Sovet İttifaqı zamanında da belə idi və müasir dillə desək, multikulturalizmin həmin ənənələri müstəqillik dövründə daha da möhkəmlənmişdir. Yəni bu, bizim üçün təbii həyat tərzidir və biz bunu başqa cür təsəvvür etmirik. Sadəcə, müəyyən mərhələdə başa düşdük ki, bu, heç də hər yerdə belə deyildir və çox təəccübləndik. Yəqin ki, elə bu məqsədlə, bunun mümkünlüyünü göstərmək üçün biz müxtəlif beynəlxalq tədbirlər təşəbbüsü ilə çıxış etdik. Azərbaycanda dünya dinlərinin liderlərinin zirvə görüşü böyük müvəffəqiyyətlə keçdi. Rusiya-Azərbaycan Humanitar Forumu çox böyük uğurla keçdi və bu yaxınlarda keçirilən Beynəlxalq Humanitar Foruma çevrildi. Bütün bu tədbirlər gözdən pərdə asmaq üçün keçirilmir, onların böyük praktiki əhəmiyyəti və mütərəqqi ictimaiyyətin multikulturalizmə təbii yaşayış mühiti kimi baxan hissəsinin səylərini birləşdirmək əhəmiyyəti vardır.

Əgər Azərbaycan tarixinə nəzər salsaq, - dünyada belə ölkələr az deyildir, - birmənalı şəkildə deyə bilərəm ki, multikulturalizm yaşayır. Belə hesab edirəm ki, Azərbaycan yalnız onun daha məşhur ünvanlarından biridir. Digər tərəfdən, bu prosesləri və sizin danışdığınız məsələni – Avropa ictimaiyyətinin həmin proseslərdə iştirakının müəyyən məyusluq doğurduğunu təhlil edərkən soruşmaq lazımdır ki, “bəs alternativ nədir?”. Multikulturalizmin alternativi varmı? Əgər onu “dəfn” edirlərsə, deməli, alternativ olmalıdır. Bəs bu hansı alternativdir? Əgər bu, multikulturalizm deyilsə, bəs nədir? Əgər məntiqi düşünsək, deməli, özünütəcriddir. Deməli, ictimaiyyətin qəbul etmədiyi müxtəlif dinlərin, xalqların nümayəndələrinin deportasiyası, rədd edilməsidir. Bu, heç bir yerə aparmayan yoldur. Bu yol çox təhlükəlidir. Təəssüf ki, bəşəriyyət tarix boyu, o cümlədən XX əsrdə belə səhv siyasətin və mən deyərdim ki, cinayətkar diqqətsizliyin, yaxud da irqi, etnik və dini zəmində ədavət toxumlarının şüurlu şəkildə səpilməsinin nəticələri ilə üzləşmişdir. Bu, çox təhlükəli meyildir. Hesab edirəm ki, humanitar xarakterli beynəlxalq tədbirlərin məhz Bakıda və əlbəttə ki, digər yerlərdə keçirilməsi ona gətirib çıxaracaqdır ki, bizim kimi multikulturalizmin yaşadığını, onu qorumaq, müdafiə və çox təbliğ etmək lazım gəldiyini düşünən insanların siyasi elitada çox olmasına və bunun ictimai şüurda üstünlük təşkil etməsinə kömək edəcəkdir. Ona görə də bəzən, deyək ki, multikulturalizmin qəbul edilməməsi üzrə siyasi təşəbbüslər ictimaiyyət tərəfindən qəbul edilməmək kimi inspirasiya olunur. İctimaiyyət tərəfindən qəbul edilməmə öz növbəsində bəzi kütləvi informasiya vasitələri tərəfindən təbliğ olunur. Həmin KİV-lər xeyirxahlığı təbliğ etmək əvəzinə, irqi dözümsüzlüyü, nifrəti, müxtəlif fobiyaları təbliğ edir. Bu, çox təhlükəli yoldur. Tarixən, əsrlər boyu təşəkkül tapmış multimədəni, çoxmillətli, çoxkonfessiyalı bir ölkə olan Azərbaycan üçün belə təhlükəli meyillər, sadəcə, milli təhlükəsizliyimizə təhdiddir. Əlbəttə, dünyada nələr baş verdiyinə baxmayaraq, biz həm öz siyasətimiz, həm də təşəbbüslərimizlə həmin proseslərdə Azərbaycanda multikulturalizmi möhkəmləndirəcəyik. Çalışacağıq ki, ölkəmizdə bütün dinlərin və etnik qrupların nümayəndələri bundan sonra da özlərini vahid ailə kimi hiss etsinlər, mehribanlıq, qardaşlıq və qarşılıqlı anlaşma şəraitində yaşasınlar. Yenə də təkrar edirəm ki, bizim üçün bu, təbii yaşayış mühitidir və qoruyacağımız dəyərlərimizdir.

- Müstəqil Azərbaycanın 20 illiyidir. Bu, çox böyük hadisədir. Bütün ölkə tərəfindən təntənə ilə qeyd edilmişdir. Lakin tarixi planda, əlbəttə, bir göz qırpımıdır. Sizcə, müstəqil Azərbaycanın hansı dövlət təsisatlarını möhkəmləndirmək, inkişaf etdirmək tələb olunur. Sirr deyildir ki, kimsə bir dövlət mexanizmində, fərz edək, korrupsiyanın, digərində süründürməçiliyin baş alıb getməsindən şikayətlənir. Bütün bunlar gənc dövlət üçün bir növ normal haldır. Ölkədə real dövlət hakimiyyəti təsisatlarının möhkəmləndirilməsi vasitələri, yolları haradadır?

- Hər şey siyasi iradədən və qəbul edilən qərarların düzgünlüyündən asılıdır. Əgər siyasi iradə varsa, hər şeyə nail olmaq mümkündür. Ölkəmizə gəldikdə isə axı, 20 il əvvəl Azərbaycanın inkişaf yollarını əvvəlcədən görmək mümkün deyildi. 

- Xaotik idi.

- Tamamilə doğrudur. Müstəqilliyin ilk illəri hamımızın yaddaşında faciəli illər, itkilər, müəyyən mənada milli rüsvayçılıq illəri kimi qalmışdır. Yəni, müstəqilliyimizin ilk iki ilində, təəssüf ki, hakimiyyətdə olanlar bütün bu məsuliyyəti başa düşməmiş və bəlkə də başa düşmək istəməmişlər, əslində, ölkəmizi fəlakətə, demək olar, parçalanmaya doğru sürükləmişlər. Heydər Əliyevin ölkəyə başçılıq etdiyi 1993-cü ildən Azərbaycanın davamlı inkişafı başlanmışdır. Lakin elə o vaxt da ölkənin necə inkişaf edəcəyi əhalinin böyük əksəriyyətinə bəlkə də aydın deyildi. Onda yollar və seçimlər olduqca çox idi. Azərbaycan hansı yolla gedəcəkdir? Azərbaycan necə bir ölkəyə çevriləcəkdir? Məhz siyasi təsisatların təşəkkülünə, siyasi sistemin yaradılmasına, demokratik təsisatların, bazar iqtisadiyyatının möhkəmləndirilməsinə söykənən düzgün strateji seçim və müasir inkişaf, əslində, bu gün ona gətirib çıxarmışdır ki, Azərbaycan artıq dünyada daha dinamik inkişaf edən ölkə kimi qəbul edilir. Növbəti 20 il üçün qarşıda duran vəzifələr bundan ibarət olacaqdır ki, dediyim kimi, bu müsbət təcrübəyə əsaslanan inkişaf etmiş dövlət yaradaq. Demokratikləşmə, şəffaflıq, qanunun aliliyi olmadan inkişaf etmiş ölkə yaratmaq qeyri-mümkün olacaqdır. Əlbəttə, Azərbaycanın iqtisadi potensialı, təbii ehtiyatları, insan potensialı və coğrafi vəziyyəti elədir ki, siyasi yolun seçimindən asılı olmayaraq, Azərbaycan həmişə inkişaf edəcəkdir. Buna heç bir şübhəm yoxdur. Lakin məsələ bundadır ki, necə? Hansı sürətlə? Biz bu inkişafın nəticəsində nə əldə edəcəyik? Mən ölkəmizi qanunun aliliyinin bərqərar olduğu, çox güclü sosial siyasəti, inkişaf etmiş iqtisadiyyatı və regionda möhkəm mövqeləri olan müasir və demokratik bir ölkə kimi görürəm. Dediklərimin böyük hissəsi artıq əldə edilmişdir. Lakin, necə deyərlər, təkmilləşmə sərhəd tanımır. Gözümüzün qarşısında inkişaf etmiş ölkələrin müsbət təcrübəsi vardır və əlbəttə, biz bu təcrübəni öyrənirik, lazım gəldikdə tətbiq edirik. Açığını deyim ki, kor-koranə istifadə etmirik, məhz bizə uyğun gələni və doğru saydığımızı tətbiq edirik. Buna görə də əminəm ki, yaxın perspektivdə qarşıya qoyduğumuz məqsəd və vəzifələr həyata keçiriləcəkdir. Əgər 8 ildə ümumi daxili məhsulun üç dəfə artırılmasına nail olmuşuqsa, indi artıq üçqat artırılmış ÜDM-i 2013-2023-cü illərdə iki dəfə artırmaq vəzifəsini qarşımıza qoyur və ona hazırlaşırıq. Yəni, bu vəzifə artıq qarşıya qoyulmuşdur. Hazırda hökumətdə həmin vəzifənin konsepsiyasının hazırlanması və həyata keçirilməsi istiqamətində iş gedir. Əgər üçqat artırılmış ÜDM-i iki dəfə artırmaq kimi iddialı bir vəzifə qarşıya qoyulursa, onda həm ehtiyatlar, həm vasitələr, həm elmi fikir, həm də intellektual potensial – hər şey bu vəzifəyə uyğun səfərbərliyə alınır. Odur ki, belə gözəl iqtisadi göstəricilərə malik olduğumuz halda, biz siyasi sistemin transformasiya edilməməsini özümüzə rəva görə bilmərik və biz bunu edirik. Axı, Azərbaycan 10 il əvvəl Avropa Şurasına təsadüfən daxil olmamışdır. Axı, həmin quruma daxil olanda başa düşürdük ki, bu, üzərimizə böyük məsuliyyət qoyur və biz sərt tənqid atəşinə məruz qalacağıq.

- Avropa baxışı altında...

- Bəli, monitorinq ilə və bu tənqid heç də həmişə xoş, heç də həmişə ədalətli deyildir. Biz buna şüurlu surətdə getdik. Bu təşkilatın üzvü olmayan çox ölkələr vardır, lakin bu, onların seçimidir. Biz ölkəmizi transformasiya etmək istəyirik. İstəyirik ki, həm ictimai şüurun səviyyəsi, həm də mövcud tarixi təcrübə siyasi sistemin bizim düşündüyümüz meyarlarına cavab versin. Çünki Azərbaycan müsəlman Şərqində demokratik respublika qurmuş, demokratik parlament yaratmış, bir çox Avropa ölkələrindən xeyli əvvəl qadınlara seçmək hüququ vermiş ilk ölkədir. Yəni ölkəmizdə müasirlik və maarifçilik ənənələrinin dərin kökləri vardır. Biz müasir dövlətimizi bu baza üzərində qururuq və onu mütləq quracağıq. 

-Azərbaycan müstəqilliyinin 20 illiyini “Eurovision”da qazandığı böyük uğurla bayram etdi. Bu, həqiqətən böyük qələbə idi. Həmin gecə, demək olar, bütün gənclərin küçəyə axışdığını müşahidə etmək olardı. Yeri gəlmişkən, elə Moskvada da gənclər - Azərbaycandan olan tələbələr bayram edirdilər. Əlbəttə, belə hadisələr cəmiyyəti çox birləşdirir. Onlar ölkəyə bayram gətirir və bir növ əhval-ruhiyyəni daha da yaxşılaşdırır. Belə hadisələr nə dərəcədə vacibdir. Axı, prinsipcə, heç nə göydən düşmür, bu, böyük zəhmətin nəticəsidir. İnsanları birləşdirən belə bayramları, hadisələri yaratmaq üçün hazırda hansı istiqamətlərdə işlər aparılır?

- Bilirsiniz ki, bu, həqiqətən də böyük qələbədir. Bu, ilk növbədə Azərbaycanın tanınmasıdır. Mənə çox xoşdur ki, ictimai səsvermənin nəticələri bizim üçün daha əlverişli olmuşdur. Çünki bildiyiniz kimi, “Eurovision”da qələbə iki komponentdən – münsiflər heyətinin səs verməsindən və ...

- Demək olar, bütün tamaşaçıların səs verməsindən asılıdır.

- Bəli. Yəni, bütün Avropa bizə səs vermişdir. Demək olar, bütün Avropa. Biz böyük fərqlə qalib gəldik. Bu, olduqca vacib məqamdır. Əlbəttə, bu, bizim ifaçıların qələbəsidir. Gözəl mahnı, gözəl ifa və ifaçılarımızın obrazı – məhz gənc, müasir dövlətimiz kimi müasir, gənc obraz. Lakin eyni zamanda, həmin qələbə burada, əlbəttə, daha geniş mənada qələbə kimi qəbul edilir. Heç şübhəsiz, belə qələbələr birləşdirir.

Deməliyəm ki, biz, əslində, hər ay qələbələr əldə edirik. Lakin bəzən onlar görünmür, çünki cüzi və ya quru, cansıxıcı statistik məlumatların arxasında gündəlik həyatımızda ölkənin inkişafında nail olduğumuz böyük qələbələr dayanır. Lakin elə qələbələr də var ki, onları hamı görür. İndiki halda musiqi müsabiqələrində qələbələrin, əlbəttə, xüsusi əhəmiyyəti vardır. Mən, həmçinin idmandakı qələbələri qeyd edərdim. Burada idmançılarımızın hər bir qələbəsi böyük milli bayrama çevrilir. Bizim Olimpiya çempionlarımız, dünya çempionlarımız vardır. Bizdə hər bir idman qələbəsi cəmiyyətdə müsbət emosional təkan yaradır. Həmçinin BMT-nin Təhlükəsizlik Şurasına seçilməyi qeyd edərdim. Çünki iqrisadiyyatdakı qələbələri də təbii ki, idmandakı kimi olmasa da, amma hər halda həm görmək və toxunmaq, həm də ailə büdcəsində hiss etmək olar. Lakin xarici siyasətdə bu, gözdən sanki daha uzaqdır. Mən həmişə deyirəm ki, Azərbaycan milli mənafeyə söykənən olduqca səmərəli, çevik xarici siyasət yeridir. Təbii ki, bunlar arxasında çox işlərin dayandığı sözlərdir. Lakin Təhlükəsizlik Şurasına seçilmək həm ölkə daxilində, həm də xaricdə hamıya göstərdi ki, bu, bizim layiq olduğumuz qələbədir. Təhlükəsizlik Şurasına seçilmək Azərbaycanın necə bir ölkə olduğu barədə bütün dünyaya siqnaldır. Bir çoxları üçün bu qələbə gözlənilməz oldu. Ancaq bizim üçün yox. Biz buna inanırdıq və əmin idik. Odur ki, belə əlamətdar hadisələr, heç şübhəsiz, birləşdirir, müsbət enerji verir. Lakin həyatda olduğu kimi, belə enerjinin ömrü də çox qısadır. Onu vaxt məhdudlaşdırır. 

- Yeni qələbələr tələb olunur.

- Əlbəttə, dünya çempionatında və ya Olimpiya oyunlarında qələbədən sonra bir-iki həftə, bəlkə də bir ay ərzində eyforiya yaşanır, sonra hər şey normal həyata qayıdır. Belə qələbələr cəmiyyətin birləşməsi üçün vacibdir, lakin barəsində danışdığım qələbələr heç də az əhəmiyyətli deyildir. Bu, gündəlik, həftəlik, aylıq zəhmətdir. Yeni yol, yeni məktəb, süni peyk, yeni qaz kəməri və sair və ilaxır. Yəni, əslinə baxanda, elə bu qələbələr haqqında danışdığımız görünən, necə deyərlər, əks-sədalı, əlamətdar qələbələrə aparır.

- Cənab Prezident, Sizə bir neçə şəxsi sual da vermək istərdim. Burada bir qovluq var. Düşünürəm ki, Siz bunu heç vaxt görməmisiniz, halbuki bütünlüklə Sizə həsr olunub. Bu, tələbə Əliyev İlham Heydər oğlunun şəxsi işidir.

- Bəli, maraqlıdır.

- Düşünmürəm ki, Siz bunu nə vaxtsa görmüsünüz.

- Bu, məxfi sənəddir?

- Məxfi deyildir. Mən onu söhbətimiz üçün Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun (MDBMİ) rektoru Vasili Torkunovdan iki günlüyə xahiş edib götürmüşəm. O, bunu mənə verdi. Mən onunla tanış olmuşam. Burada Sizin barənizdə maraqlı, bütövlükdə müsbət olan çox şeylər vardır. Qəbul olunmaq haqqında əmrdən tutmuş Sizə MDBMİ-nin məzununun müvafiq ixtisasının verilməsi barədə əmrədək. Maraqlı sənədlər, arayışlar, şərhlər çoxdur. Siz bilirsiniz ki, MDBMİ-də hər bir kursdan sonra xüsusi attestasiya verirdilər. Ümumiyyətlə, Sizi həmişə tərifləyirlər, tərifləmişlər. Açıq deyirəm. Burada diqqət yetirdim ki, birinci kursda müəllimləriniz Sizin dərslərdən qaçdığınızdan şikayətlənirlər. Bununla belə, qiymətlər yaxşıdır, dərslərdən isə qaçırdınız. Ona görə də Sizə belə bir sadə sualım vardır. Tələbə İlham Əliyev Moskvada MDBMİ-nin hələ köhnə binasından hara qaçırdı? Birinci kurs tələbəsinin qaçıb getdiyi o sirli yerlər hara idi?

-Lakin qeyd etdiyiniz kimi, bu, yalnız birinci kursda olmuşdur.

- İkinci kursda daha yaxşıdır. Düzünü deyirəm, burada hər şey yazılmışdır. Burada rəsmi sənədlər, möhürlər, imzalar, müəllimlərin soyadları vardır.

- Özünüz düşünün. Bakıda, məktəbdə oxuyan gənc üçün...

- 6 nömrəli məktəbdə. Burada, yeri gəlmişkən, Sizin attestatınız vardır. Orada yalnız fizikadan dörddür, qalanları beşdir.

- Mən yaxşı oxuyurdum.

- Yaxşı, şikayətlənmək günahdır. Çünki əgər bu sənədlər pedaqoji sənədlər olmasaydı, mən sadəcə gülərdim. Lakin bunlar əsl pedaqoji sənədlərdir və oradakı qiymətlərin hamısı yaxşıdır...

- Baxın, indi mən əsaslandırmaq istəyirəm. Hərçənd düzünü desəm, tez-tez qaçdığımı bir o qədər də xatırlamıram. Lakin...

-Yox, burada var. Rəsmi surətdə, açıq-aydın. Hətta rəy də vardır. Bir neçə dərs buraxmısınız.

- O vaxt deyildiyi kimi, fakt toplamaq.

- Lakin yaxşı sözlər danışırlar. Xasiyyətcə şən, yumor hissinə malik, ünsiyyətcildir, qrupun hörmətini və məhəbbətini qazanmışdır, ictimai işləri yaxşı yerinə yetirir. Burada hər şey yazılmışdır.

- Zənnimcə, 10 il Bakıda, 6 nömrəli doğma məktəbdə oxuyan, atası Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan gənc insanın Moskva kimi gözəl və böyük bir şəhərdə yeni mühitə düşərək, xüsusən, birinci kursda görməli yerlərlə tanışlıq üçün öz vaxtından maksimum istifadə etməsi tamamilə təbiidir.

-Yeri gəlmişkən, bir detalı qeyd etmək istəyirəm. Burada Sizin əlinizlə doldurulmuş bir anket var. Siz doğru dediniz ki, o vaxt Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi idi. Lakin Siz onun birinci katib olduğunu yazmırsınız. Siz yazırsınız: Azərbaycan KP MK-da işləyir. Onun MK-da birinci şəxs olmasını heç xatırlatmırsınız.

-Elədir, ümumiyyətlə, mən həmişə bu məsələni qabartmamağa və özümü maksimum sadə aparmağa çalışmışam. Lakin sizin qeyd etdiyinizdən belə başa düşdüm ki, bu hadisə MDBMİ-nin köhnə binasında olmuşdur...

-Bəli, Moskvanın mərkəzində.

-Yəqin onda başa düşmək çətin deyil mən hara qaçırdım. Bilirsiniz ki, Qorki adına mədəniyyət və istirahət parkı yolun o tərəfində yerləşir. Biz də oraya....

-Yəni, ora Moskvada sevimli yer idi.

-Bəli, bu, instituta ən yaxın yer idi...

-Oraya qaçmaq olardı.

-Oraya qaçmaq və qayıtmaq olardı. Buna görə sağ olun.

-Lakin bu, hədiyyə deyil. Mən onu qaytarmalıyam, qol çəkib götürmüşəm.

-Başa düşürəm ki, siz bunu qaytaracaqsınız, amma heç olmasa verin baxım. 

-Burada ciddi şərhlər var. Burada hətta Sizin fotoşəkilləriniz də var. Bilirsinizmi, mən bu sualı Sizə hədər yerə vermədim. Bilirdim ki, gənclik illəriniz yaddaşdan silinməyib. Əlbəttə, bu gün gənc nəsil başqadır. O, kompyuter gəncliyi, internet gəncliyidir - başqadır. Siz kifayət qədər gəncsiniz, bu mənada ki, həmin gənc nəsli yaxşı xatırlayırsınız, bugünkü gənc nəsli də görürsünüz. Sizin fikrinizcə, bugünkü gənc nəsli Sizin gənclik illərinizlə müqayisə etsək, onun müsbət və mənfi cəhətləri nədədir?

-Əvvələn, deməliyəm ki, müqayisə etmək mənim üçün yəqin çətin olacaqdır. Ona görə ki, bu gün verdiyim qiymət artıq mənim təcrübəmə əsaslanır. O vaxt baş verənlərə gəldikdə isə, təbii ki, mən özüm indi haqqında nəsə deməli olduğum həmin gəncliyin bir hissəsi idim. Lakin çalışaram ki, maksimum obyektiv olum. Mən belə hesab edirəm ki, indiki gənclik, əlbəttə, daha müstəqil, daha motivasiyalı və daha peşəkardır. Bizim ölkədə baş verənlərə əsasən görürəm ki, indiki gənclərin uğur qazanmaq arzusu çox böyükdür. Onlar tamamilə başa düşürlər ki, bu, yalnız yaxşı təhsil olduqda mümkündür. Artıq diplom, yaxud hansısa sertifikat, yaxud hansısa qohumluq əlaqələri həmişə kömək edə bilmir. Yəni, əgər sənin potensialın yoxdursa, əgər sən peşəkar deyilsənsə həyatda çətin olacaqdır. Əgər sən istedadlısansa, yaxşı qabiliyyətlərin, vərdişlərin vardırsa, yaxşı oxumusansa, onda təbii ki, yerini tapacaqsan və yaxşı yaşayacaqsan. Zənnimcə, bu anlayış hələ o vaxt bizim gənclərdə yox idi. Əlbəttə, o vaxt da oxumaq istəyənlər vardı. Lakin elələri də vardı ki, onlar sadəcə diploma sahib olmaq istəyirdilər ki, anketlərində bu yazılsın. Sonrası isə artıq heç kəsi maraqlandırmırdı.

Həm də düşünürəm ki, indiki gənclər daha vətənpərvərdir. Bu, təbiidir, çünki Azərbaycanın indiki gəncləri müstəqillik şəraitində yaşayır və böyüyür, onlar müstəqil Azərbaycan dövlətinin bir hissəsidir. Mənə çox xoşdur ki, bu belədir. Bu da mənə çox xoşdur ki, qloballaşmaya, bütün yeni fikirlərə baxmayaraq, bizim gənclər öz köklərinə çox bağlıdır. Mənə xoşdur ki, bizim gənclərin əsas hissəsi, böyük əksəriyyəti Azərbaycan musiqisini dinləyir. Yəqin ki, bu çox mühüm göstəricidir. Bu gənclər Azərbaycan xalqının ənənələri, mənəvi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz əsasında tərbiyə olunmuşlar. Yəni, mən deyərdim ki, bizim gənclərin milli ruhu çox güclüdür. Bu mənə çox xoşdur və mən Prezident olaraq bu milli ruhun daha da möhkəmlənməsi üçün hər şeyi etməyə çalışıram. Əlbəttə, qlobal dünyada yaşamağımızı, bizim bu dünyanın bir hissəsi olduğumuzu başa düşməli, təbii ki, ən yaxşı nə varsa hamısını və ən mütərəqqi texnologiyaları Azərbaycana gətirməliyik. Ümumiyyətlə, biz bunu edirik. Buna görə də mən bugünkü gəncləri ideallaşdırmadan bu amilləri qeyd edərdim. Bundan əlavə, bugünkü gənclər bizim nəsil ilə müqayisədə daha çox risklərə, təhdidlərə məruz qalır və ümumiyyətlə bəşəriyyətin müasir coşqun inkişafının mənfi cəhətləri yəqin ki, bunlardır. Lakin keyfiyyət baxımından, bir daha demək istəyirəm, mənə belə gəlir ki, indiki gənclər bizim nəsli qabaqlayır. Yəqin ki, belə də olmalıdır. Lakin növbəti nəsil...

-Dialektika, yəqin ki, Siz onu öyrənmisiniz...


-İndiki nəsli qabaqlamalıdır.

-Mən yenə Sizin şəxsi işinizə qayıtmaq istəyirəm. Burada çox maraqlı məsələlər var. İlham Heydər oğlu, Siz qəbul imtahanında yazdığınız inşanın mövzusunu xatırlayırsınızmı?


-Yox, xatırlamıram.

-Mən yadınıza salaram. “Puşkinin “Yevgeni Onegin” poemasında rus zadəganlığı və onun nümayəndələri” mövzusu. Beş. Əla yazılmışdır. Burada Siz Aleksandr Sergeyeviçdən bütöv bəndləri əzbərdən sitat gətirirsiniz.

-O vaxt hər şeyi əzbərləməyə məcbur edirdilər. 


-Bəli, bəli, əla inşadır. Özü də şifrlənmişdir, yəni onu yoxlayan müəllim müəllifin kim olduğunu bilmirdi. Bəs zadəganlıq nədir? Mən belə başa düşürəm ki, zadəganlıq cəmiyyətin elitasıdır. Bilmirəm, təsadüfdür, yoxsa nəyi rəhbər tutaraq Siz “Rus cəmiyyətində elitanın rolu” mövzusunu seçmisiniz. Zadəganların rolu. Sizin fikrinizcə, müasir cəmiyyətin elitası nədir və Azərbaycan cəmiyyətinin elitasının bütövlükdə Şərq elitasına münasibəti necədir?

-Əlbəttə, bütövlükdə elitalar mövzusunda çox deyilmiş, çox müdrik sözlər yazılmış və təhlillər aparılmışdır. Hər hansı fəlsəfi mühakimələr yürütmək istəmirəm, hərçənd elitanın nə demək olması və ölkələrin, xalqların, bütövlükdə bəşəriyyətin inkişafında onun rolu haqqında öz təsəvvürüm vardır. Yəni, bu, hər bir ölkə üçün tərəqqinin hərəkətverici qüvvəsidir. Ölkənin uğurlarını müəyyən dərəcədə, bəzən həlledici dərəcədə onun elitası müəyyən edir. Cəmiyyətin inkişafı da elitanın hazırlıq və motivasiya dərəcəsindən asılıdır. Mənim fikrimcə, əsas məsələ odur ki, tarazlıq, çox düzgün tarazlıq gözlənilsin və elita özünü bütövlükdə cəmiyyətdən təcrid olunmuş hiss etməsin. Ona görə ki, elita bu cəmiyyətin bir hissəsidir. Ən peşəkar, hazırlıqlı, istedadlı hissəsidir və buna görə ən məsuliyyətli hissə olmalıdır. Hesab edirəm ki, bizim cəmiyyətdə tarazlığa riayət olunmuşdur. Əvvələn, bizdə istər siyasi idarəçilikdə, istər biznes strukturlarında, istərsə də hər hansı başqa sahədə ayrı-seçkilik yoxdur. Biz maksimum dərəcədə çalışırıq ki, hamı bərabər olsun – həm qanun, həm də cəmiyyət qarşısında. Buna görə də tarazlıq pozulmamışdır. Toxunulmazlar yoxdur. Xüsusi statusa malik adamlar da yoxdur. Elitanın davranışına gəldikdə isə onun ideya və tərəqqi daşıyıcısı kimi yerinə yetirdiyi funksiyadan əlavə, mənim fikrimcə, əsas məsələ budur ki, o özünü cəmiyyətdən ayrılmış hiss etməsin, özündən bədgüman olmasın, yetərincə təvazökar və vətənpərvər olsun. Bu halda bütövlükdə cəmiyyətin elitaya münasibəti müsbət olacaqdır. Mənim fikrimcə, görürəm ki, Azərbaycanda vəziyyət belədir. Yəni, bizim cəmiyyətdə uğur qazananlara münasibət əsasən müsbətdir. Hər hansı böyük maddi nemətlərə nail olmuş, yaxud çoxlu pul qazanmış adamlara, yaxud işləri uğurla gedən biznesmenlərə münasibət müsbət ehtiramlıdır. Əlbəttə, hisslər çox rəngarəngdir. Lakin mənim fikrimcə, bu hisslər arasında paxıllıq hissi Azərbaycan cəmiyyətində birinci yerdə deyildir.

Mənə belə gəlir. Bəlkə də hörmət hissi birinci yerdədir. Hərçənd müxtəlif adamlar, müxtəlif yanaşmalar vardır. Elitanın nümayəndələri də müxtəlifdir. Qınanmağa, bəzən cəzalandırılmağa layiq olanlar da var və bu, təbii ki, qanun çərçivəsində olur. Buna görə bütün bunlar üzvi şəkildə əlaqəli olmalıdır, elita təkəbbürlü olmamalıdır və belə deyək, hələ elita olmayanların da mənfi və narazılıq hissləri olmamalıdır. 

-Siz beynəlxalq münasibətlər üzrə təhsil almısınız. Bu, Sizin diplomunuzda göstərilmişdir və mən deyə bilərəm ki, Siz, həqiqətən bu sahənin mütəxəssisisiniz. Sizin bütün həyatınız bunu göstərmişdir. Burada əlimdə daha bir kiçik qovluq var. Mən söhbətə hazırlaşmışam. Bu qovluğu tanıyırsınız? Yox?

-Yox.

-Bu, Sizin dissertasiyanızdır. Burada onun referatı var. Bu dissertasiya müasir mərhələdə Böyük Britaniyada müharibə əleyhinə hərəkata və siyasi partiyaların ona münasibətinə həsr edilmişdir.

-Bu ad yadımdadır.

-Bəli, bu həmin dissertasiyadır. Yeri gəlmişkən, ona tələbat olmuşdur. Burada mənim əlimdə kitabxana kartı var. Mən onu MDBMİ-nin kitabxanasından götürmüşəm. Sizin dissertasiyanı oxumaq üçün tez-tez götürmüşlər. Görünür, iş aktual olub, onunla maraqlanıblar. Yeri gəlmişkən, bundan əvvəl Siz Leyboristlərin parçalanması haqqında diplom işi yazmısınız.

-Tamamilə doğrudur. Mən Folklend münaqişəsi haqqında da yazmışdım.

-Bununla əlaqədar, mənim Sizə xarici siyasətlə bağlı bir sualım var. Belə başa düşürəm ki, o, peşəkarlıq baxımından Sizə yaxındır. Əlbəttə, Azərbaycan nadir geosiyasi məkanda yerləşir. Burada çox müxtəlif tarixi amillər vardır. Sizin üçün öz ölkənizə tətbiqən geosiyasət nə deməkdir? Geosiyasi amillər Sizin siyasətə necə təsir göstərir?

-Bu, bizim təbii varlığımızın, mövcudluğumuzun tərkib hissəsidir. Yəqin ki, bu sözlər bəlkə qonşuları olmayan adalar istisna olmaqla hər bir ölkə üçün aktualdır, lakin onlar da siyasətə cəlb olunur. 

-Siz onlar haqqında da iş yazmısınız. Folklend adaları haqqında.

-Əlbəttə, biz regionun bir hissəsiyik və regionda baş verən proseslər istədik-istəmədik bizə təsir göstərir. Lakin prezident kimi mənim vəzifəm regional xarakterli proseslərin Azərbaycana mənfi təsirini minimuma endirmək və əksinə, Azərbaycanın regional proseslərə təsir göstərmək imkanlarını maksimum artırmaqdır. Əlbəttə, buna nail olmaq üçün xarici siyasət oriyentirlərini çox dürüst başa düşmək, xarici siyasət təşəbbüslərini düzgün seçmək zəruridir. Bəzən onlar iqtisadi, nəqliyyat xarakterli olur. Lakin son nəticədə bu, bizim xarici siyasət proqramının və ya paketinin bir hissəsidir. Azərbaycanın beynəlxalq miqyasda rolunu və yerini möhkəmlətməliyik. Regional formata gəldikdə isə deməliyəm ki, bu gün bizim regionla məşğul olan mütəxəssislərin, analitiklərin əksəriyyəti artıq başa düşür ki, Azərbaycan regional planda xüsusi yer tutur. İqtisadiyyata gəldikdə, Azərbaycan iqtisadiyyatı bütün Cənubi Qafqaz iqtisadiyyatının 83 faizini təşkil edir. Gələcəkdə bu rəqəm yalnız artacaqdır, çünki bizim planları, investisiyaları və iqtisadi inkişaf proqramlarını nəzərə alsaq, yəqin ki, bu rəqəm haçansa 90-na da çatacaqdır. Lakin əsas məqsəd bu deyil. Biz heç vaxt qarşıya belə məqsəd qoymamışıq. Sadəcə, gördüyümüz işlər avtomatik olaraq buna gətirib çıxarmışdır.

Regional təşəbbüslərə gəldikdə, biz nəqliyyat, energetika, təhlükəsizlik məsələləri ilə əlaqədar əsas, ən mühüm regional proqramların təşəbbüsçüləri olmuşuq. Bu gün Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə mümkün deyildir. İstər energetika, istər nəqliyyat, istərsə də xarici siyasət sahəsində. Nisbətən yaxın keçmişdə baş vermiş hadisələr göstərmişdir ki, kimin nə qədər səy göstərməsindən asılı olmayaraq, Azərbaycanın mənafeləri nəzərə alınmadan regionda xarici siyasi layihələr həyata keçirilə bilməz. Biz buna nail olmuşuq. Fikrimcə, indi artıq hamı bunu başa düşür. Əlbəttə, hər bir ölkə çalışır ki, onun ölkə hüdudlarından kənarda təsiri daha çox olsun. Biz bu məsələyə həm də regional əməkdaşlığın möhkəmlənməsi baxımından yanaşırıq. Yəni, biz ölkənin xarici siyasət təşəbbüslərinə və geosiyasi mövqeyinə müsbət yanaşırıq. Təzyiq göstərmək, şantaj, mənfi münasibət vasitəsilə deyil, müsbət münasibət vasitəsilə. Biz həmhüdud ölkələrdə investisiya qoyuluşunu həyata keçiririk. Qonşu ölkələrdən qaynaqlanan, məqbul hesab etdiyimiz təşəbbüsləri müəyyən qədər dəstəkləyirik. Bizim iqtisadi təşəbbüslərimiz və Azərbaycanın hüdudlarından kənarda realaşdırdığımız investisiyalar sərmayə qoyulan ölkələrə kömək edir. Bununla da Azərbaycanın rolu daha da artır. Təsadüfi deyildir ki, həm regionda, həm də Avropada dostlarımızın və tərəfdaşlarımızın çoxu Azərbaycanı özlərinin strateji sərmayədarları sırasında görmək istəyir. Bizə sənayenin strateji sahələrinə, energetikaya, nəqliyyata sərmayə qoyuluşunda iştirak etmək təklif olunur və biz bu təklifləri çox diqqətlə nəzərdən keçiririk. Yəni, bunlar bizə etimadın dərəcəsinə dəlalət edir. Bu, o deməkdir ki, Azərbaycan etibarlı dost, tərəfdaş kimi qəbul edilir. Bununla da biz regionda öz mənafelərimizi geniş mənada təmin edirik və gələcəkdə bizim iqtisadi potensialın bir hissəsi bu gün Azərbaycanın hüdudlarından kənarda qoyduğumuz sərmayələr hesabına formalaşacaqdır. Bu, bizim artıq həyata keçməkdə olan yeni iqtisadi siyasətimizin tərkib hissəsidir. Son dövrün bəlkə də ən xoş mövzusuna – Təhlükəsizlik Şurasına seçilməyimizə qayıdaraq demək istəyirəm ki, bu da məhz bizim həyata keçirdiyimiz siyasətin bir hissəsi və dünyada Azərbaycanın rolunun başa düşülməsi göstəricisidir. Biz regionda, Xəzər regionunda, Qafqaz regionunda və daha geniş regionda real sabitləşdirici amilik. Güman edirəm və əminəm ki, gələcəkdə nüfuzumuz yalnız artacaqdır.

- Biz artıq bu barədə danışmışıq. Siz həyatınızın müəyyən hissəsini Moskvada yaşamısınız. Sovet İttifaqının paytaxtı, indi isə Rusiyanın paytaxtı Moskvada oxumusunuz. Siz institutdan sonra da orada yaşamısınız. Hazırda rəsmi və qeyri-rəsmi səfərlərlə tez-tez Rusiyada olursunuz. Rusiya Azərbaycanın qonşusudur. Sizin Rusiya Federasiyasının həm keçmiş prezidenti Vladimir Putinlə, həm də hazırkı Prezidenti Dmitri Medvedevlə müəyyən siyasi, peşəkar əlaqələriniz yaranmışdır. Siz də MDBMİ-də bu movzu ilə bağlı deyildiyi kimi, “personal chemistry” vardır. Rusiya-Azərbaycan əməkdaşlığının perpektivlərini necə görürsünüz? Orada ağrılı nöqtələr və ya hansısa açılmayan düyünlər varmı? Digər tərəfdən, bu inkişafın hansı perspektivləri vardır?

- Perspektivlər mənə çox müsbət görünür. Münasibətlərin tarixi, həmçinin. Son on ilin tarixi, belə deyək, çox müsbətdir.

Qeyd etdiyiniz kimi, mənim Rusiyanın həm Prezidenti, həm də Baş naziri ilə çox sıx qaşılıqlı əlaqələrim, münasibətim vardır. Əlbəttə, bu şəxsi münasibətlər də ikitərəfli və regional xarakterli bir çox məsələlərin həll olunmasına kömək edir. Deməliyəm ki, Rusiya və Azərbaycan arasında münasibətlərin inkişafının yeni mərhələsi elə 2000-ci illərin əvvəlində - Vladimir Putin Rusiyaya başçılıq edəndə başlanmışdır. O, Rusiya Prezidenti kimi ilk rəsmi səfərini Azərbaycana etmişdir.

Bununla da 1990-cı illərin heç də həmişə bizim istədiyimiz kimi alınmayan münasibətləri dövrünə yekun vurulmuş və münasibətlərin yeni səhifəsi açılmışdır. Bu 10 il ərzində çox iş görülmüşdür. Lakin əgər lap müxtəsər desək, ikitərəfli münasibətlərdə bütün ağrılı və ya mürəkkəb məsələlər həll edilmişdir. Hamısı. Biri də qalmamışdır. Sonuncu məsələ Prezident Dmitri Anatolyeviç Medvedevin Azərbaycana son səfəri zamanı həll edilmişdir. Dövlət sərhədi haqqında müqavilə imzalanmışdır. Bu, tarixi sənəddir. Zənnimcə, həmin sənəd bu illər ərzində razılaşdırılmış və imzalanmış bütün sənədlərin zirvəsidir. Bizim gözəl qarşılıqlı siyasi fəaliyyətimiz, siyasi əlaqələrimiz vardır. Əmtəə dövriyyəsi 10 faizlərlə artmaqdadır. Zənnimcə, bu il az qala 50-60 faiz olmuşdur. Mədəniyyət sahəsində, humanitar əməkdaşlıqda vəziyyət, deyərdim ki, idealdır. Bu həm bizim, həm də Rusiya tərəfinin qiymətidir. İstisnasız olaraq bütün hüquq mühafizə strukturları arasında əməkdaşlıq çox səmərəli və təsirlidir. Bu da bizim ümumi qiymətimizdir. Əgər soruşsanız ki, daha nə etmək lazımdır, mənə cavab vermək çətin olacaqdır, çünki biz hər şeyi həll etmişik. Əlbəttə, növbəti mərhələdə müsbəti artırmaq, əməkdaşlığı maksimum möhkəmləndirmək, regionda təhlükəsizliyin möhkəmləndirilməsi məsələlərinə maksimum kömək etmək lazım gələcəkdir. Biz iki qonşu ölkə, sizin də qeyd etdiyiniz kimi, iki Xəzər ölkəsi, iki Qafqaz ölkəsiyik. Yəni, bunlar bizim ümumi problematikamızdır. Biz ikimiz də elektrik enerjisi, neft və qaz hasilatçısıyıq.

Təbii ki, təchizatçı kimi maraqlarımız üst-üstə düşür. Biz burada da əməkdaşlıq yolları tapırıq. Rəqabət deyil, məhz əməkdaşlıq. 

- Qarşıdurma deyil.

- Tamamilə doğrudur, məhz əməkdaşlıq. Bu isə tamamilə mümkündür və biz buna artıq nail olmuşuq. Odur ki, mən perspektivləri bugünkü kimi müsbət görürəm. Hesab edirəm ki, əgər 20 illik bütün qarşılıqlı fəaliyyət dövrünü təhlil etsək, görərik ki, bu gün Rusiya ilə Azərbaycan arasındakı münasibətlər daha səmərəli və daha yüksək səviyyədədir. Bu da, həmçinin özlüyündə beynəlxalq siyasətin mühüm amilidir.

-Siz Rusiya MDBMİ-də gözəl təhsil almısınız. Lakin Sizin siyasətdə, diplomatiyada, həyata, dünyaya baxışda əsas dərsləri hər halda Azərbaycanın ümummilli lideri Heydər Əliyevdən aldığınızı desəm, çətin ki, səhv edərəm. Biz Sizinlə bu barədə danışmışıq. Hətta sırf praktiki planda götürsək, bu gün Siz Heydər Əliyev məktəbinin hansı əsas dərslərindən istifadə edirsiniz?


- Əgər sadalamağa başlasam, bu, çox vaxt aparacaqdır. Çünki hər bir adam üçün atası necə yaxın və əzizdirsə, mənim üçün də atam elə yaxın və əziz insan idi. Eyni zamanda, o, mənim üçün elə bir insandır ki, ona sonsuz hörmət, etimad və heyranlıqla yanaşmışam və yanaşıram. Çünki onun bütün həyatı, mübarizəsi, taleyi, yenilməzliyi bir örnəkdir. Onun ömrünün son illərini yəqin ki, çoxları xatırlayır: gənc kursantlar qarşısında çıxış edəndə vəziyyəti pisləşdi, müvazinətini itirərək yıxıldı, sonra getdi, qayıtdı və yenə yıxıldı, yenə də getdi, qayıtdı və nitqini bitirdi. Düşünmürəm ki, onun yaşında və belə vəziyyətdə olan kimsə, - demək olar, səksən yaşı olan insanın səkkiz qabırğası sınmışdı, - eyni cür hərəkət edərdi. Lakin o, bunu etdi. O, başqa cür edə bilməzdi. Bu, onun bütün xarakterinin göstəricisidir. Onun mərdliyi və yenilməzliyidir. Əlbəttə, bu, hamımız üçün – həm mənim üçün, həm də bütün azərbaycanlılar üçün örnəkdir. Mənim xoşbəxtliyim sadəcə bundadır ki, onun yanında olmuşam. Mənim belə yaxın formatda ondan öyrənmək, ən mürəkkəb məqamlarda yanında olmaq imkanım olmuşdur. Bu, heç şübhəsiz, bir məktəbdir. Sadəcə, onu məktəb kimi qəbul etmirsən. Axı, bu tədris prosesi deyildir. Əlbəttə, barəsində danışdığım bütün keyfiyyətlərlə yanaşı, bu, varmaqdır, qavramaqdır, misilsiz təcrübədir və üstəgəl həm də siyasi müdriklikdir. Axı, onu əzən və təqib edən böyük bir sistemə, aparata qarşı o, əslində, təkbaşına müqavimət göstərirdi. Hələ 1990-cı ildə Azərbaycana qayıdanda, hər tərəfdən hücumlara və parlamentdə obstruksiyaya məruz qalanda təkbaşına idi. Həmin parlament ki, bir neçə aydan sonra onu ayaq üstə alqışlamışdı. Bütün bunlar mənim gözlərim qarşısında olmuşdur. Onun ölkəni xaosdan, anarxiyadan necə çıxarması da, güclü dövlət yaratması da bir örnəkdir. Ona görə də azərbaycanlıların qəlbində onun daim öz yeri olacaqdır. Mənim sadəcə bəxtim gətirmişdir ki, o mənim atam, mən isə onun oğluyam. Bu, mənim üçün fəxrdir və bu gün praktiki baxımdan etdiyim hər şey onun başladıqlarının davamıdır. Əlbəttə, yeni formalar, yeni çağırışlar, dünya dəyişmişdir, mahiyyət isə olduğu kimi qalmışdır. Bu, layiqli siyasətdir, mərd siyasətdir, lazım gəldikdə cəsarətli siyasətdir. Əgər qəbul etdiyin qərarın düzgünlüyünə əminsənsə, heç nəyə baxmayaraq, onu həyata keçirmək lazımdır.

- Cənab Prezident, bizim bütün söhbətimiz, Sizin danışdığınız hər şey sanki gələcəyin ssenarisidir. Təsəvvürünüzə gətirin ki, Siz zaman maşınında keçmişə qayıda bilərsiniz. Siz keçmişin hansı hadisələrini bir daha hiss etmək istərdiniz? Keçmişin hansı hadisələrini bir daha yaşamaq istərdiniz?

- Zənnimcə, mən bunu istəməzdim. Çünki əgər bu, artıq bir dəfə yaşanmışsa, hətta ən fərəhli hadisə də baş verdiyi vaxtdakı effekti ikinci dəfə verməyəcəkdir. Odur ki, keçmişə qayıtmaq imkanı olsaydı, mən yəqin ki, getməzdim. Əgər imkan olsaydı, gələcəyə gedərdim. Fərz edək, 10 il qabağa. Planlarımın baş tutub-tutmadığına və nə dərəcədə alındığına, əgər alınmamışsa, bunun üçün nə etmək lazım gəldiyinə baxmaq istərdim. Bax, bunu çox böyük məmnuniyyətlə edərdim. Keçmişə gəldikdə isə, ora qayıtmaq imkanı olsaydı, əlbəttə, anamın və atamın yanına qayıtmaq istərdim. 

- Bilirsiniz, İlham Heydər oğlu, mən heç yerdə rast gəlməmişəm ki, Sizin hansısa ənənəvi xobbiniz vardır. Mən heç yerdə oxumamışam ki, haradasa tilovla oturmusunuz, yaxud marka və ya kəpənək toplayırsınız. Bəs, öz psixoloji gücünüzü haradan alırsınız? Psixoloji baxımdan necə bərpa olunursunuz, ümumiyyətlə, necə dincəlirsiniz?

- Fiziki gücümü idman zalında bərpa edirəm. İdmanla məşğul olmaq mənə özümü 20-30 il əvvəlki kimi hiss etmək imkanı verir. Psixoloji cəhətdən isə evdə və yalnız evdə yaxınlarımın əhatəsində, ailəm arasında. Yəqin ki, bayağı səslənir. Əslində, Yer kürəsindəki insanların böyük əksəriyyətindən fərqlənmirəm. Lakin bu, heç də təkcə istirahət üçün ən yaxşı vaxt deyildir. Gün ərzində ən yaxşı vaxt axşam evdə, ailəmlə birlikdə olmaqdır.

-Prezidentin işinin harada başa çatdığının və şəxsi həyatının harada başlandığının bölgüsünü aparmaq olarmı? Yoxsa, bunlar bir-birinə qarışmışdır? Bilirsinizmi, bəzilərində belədir: vəssalam, ofisi bağladım, sonra evə, səhər isə yenə də işə.

-Qismən. Məsələn, iş heç vaxt qurtarmır. Yəqin ki, bu, təkcə məndə deyil, bütün prezidentlərdə belədir. Ona görə ki, evdə də işdəsən, evdə də işlə əlaqə saxlayırsan, təbii ki, bir hadisə baş versə, sutkada 24 saat işləyirsən. Buna görə də işin qurtardığını və indi şəxsi həyatın başladığını demək, sadəcə olaraq mümkün deyil. Lakin əlbəttə, işlə şəxsi həyat bir-birinə qarışmır. Axşam evimin kandarından içəri keçəndə, əgər heç bir fövqəladə hadisə, zəng yoxdursa, bütünlüklə, tamam başqa mühitə - onilliklər boyu olduğum ailə həyatı mühitinə düşürəm. Mən problemləri, narahatlıqları, iztirabları, əsəbiliyi evə gətirmirəm, yaxınlarımı qoruyuram. Evdə də hər şey 20-25 il əvvəlki kimidir, dəyişiklik yoxdur.

- Məhz indi, Sizinlə söhbət etdiyimiz bu vaxtda Sizin həyat yoldaşınız, ölkənin birinci xanımı Mehriban Əliyevanın başçılıq etdiyi Heydər Əliyev Fondu Romada, Vatikanda Azərbaycanın təbliği üzrə genişmiqyaslı tədbirlər keçirir. Mehriban xanımın fəal ictimai işlərindən hamının xəbəri vardır. O, möhtəşəm iş aparır, UNESCO-nun, İSESCO-nun xoşməramlı səfiri, Gimnastika Federasiyasının prezidenti, parlamentin deputatıdır. Bütün bunlar çox gözəl. Lakin mən belə başa düşürəm ki, bu, total məşğulluqdur. İndicə Siz də dediniz, mən də bilirəm ki, o özü hər dəfə evə can atır. Siz necə hesab edirsiniz, bu prioritetlər necə bölünür və onun prioritetləri sizinkilərə nə dərəcədə uyğundur?

-Biz axşamlar, yaxud bazar günü vaxtımızı evdə keçirməyi hər şeydən çox xoşlayırıq. Bizim üçün bu, vaxt keçirməyin ən yaxşı yoludur. Əlbəttə, öhdəliklər var. O, sizin qeyd etdiyiniz çox mühüm funksiyaları yerinə yetirir. Hazırda İtaliyada keçirilən bu günlər müstəqilliyimizin 20 illiyinə həsr edilmiş silsilə tədbirlərdir. Dünyanın bütün iri paytaxtlarında Azərbaycan günləri keçirilir. Moskvada, Parisdə, Berlində Azərbaycan günləri keçirilmişdir, indi Romada keçirilir. Yəni, bu, tədbirlər silsiləsidir. Əlbəttə, onun ictimai yükü çox böyükdür. Hətta birinci xanımın funksiyaları da – protokol tədbirləri və s. çox böyük qüvvə tələb edir. Bütün bunlar onu sevimli məşğuliyyətindən, evdə, uşaqların və nəvələrin əhatəsində olmaq, sadəcə divanda əyləşmək və söhbət etmək, adi ömür sürmək imkanından ayırır. Lakin belə deyək, bizim bir yerdə olmadığımız hallar il ərzində çox olmur. Tədbirlərdə iştirak etmək lazım gələndə belə olur. Biz həmişə bir-birimizə can atırıq, yanaşı olmaq istəyirik. O, çox istedadlı adamdır, hər işdə istedadlıdır. Buna görə də o, hər işi görməyə, özü də yüksək səviyyədə görməyə macal tapır. 

-İlham Heydər oğlu, Siz istəsəniz də, istəməsəniz də əlli yaşın astanasındasınız. Çox iş görülmüşdür. Sadəcə Sizin söhbətinizdən görünür ki, xidmətləriniz çox olub. Ümumiyyətlə, indiyə qədər qazanılmış uğurlardan həzz almaq və bu baqaja arxalanaraq irəli getmək olar. Lakin Sizi yaxşı tanıdığımdan bilirəm ki, bu, Sizin xarakterinizə uyğun gəlmir. Siz növbəti yarım əsrdə şəxsən özünüz üçün qarşınıza hansı məsələləri qoyursunuz?

-Sizə səmimi deyim, mən həyatda heç vaxt heç nəyi qabaqcadan ürəyimdə tutmuram. Çalışıram, tutmayım. Çünki əminəm ki, bunun heç bir yaxşı nəticəsi olmayacaq.

-Belə bir məsəl var, deyərlər, Allahı güldürmək istəyirsənsə, sabahkı planların barədə ona danış.

-Tamamilə doğrudur. Lakin mən Prezident olaraq, bunu özümə rəva görə bilmərəm. Ona görə ki, gələcək haqda düşünməsək, bugünkü məsələləri həll etmək çox çətin olacaqdır. Əlbəttə, gündəlik məsələlərlə, Prezidentin mütəmadi işləri ilə kifayətlənmək, yaxud bunlara siyasi mübarizə və ya müəyyən siyasi səmərə prizmasından baxmaq olar. Lakin mən buna məhz sizin dediyiniz kimi, yarım əsr qabağa baxıram. Ona görə yox ki, 50 ildən sonra sizinlə burada əyləşib söhbət etmək fikrindəyəm.

-Mən etiraz etmirəm.

-Buna görə demirəm. Bu barədə, necə deyərlər, fikirləşmək də gülməli olardı. Məhz ona görə ki, 50 ildən sonra bizim ölkədə yaşayacaq insanların həyatını yüngülləşdirən işləri bu gün görmək üçün. Bizim həyata keçirdiyimiz təşəbbüslərin çoxu gələcəyə yönəlmişdir. Energetika sahəsində yüz illik planlarımız var. Yəni ən azı 100 il Azərbaycan beynəlxalq enerji bazarında əvəzedilməz və çox mühüm oyunçu olacaqdır. Bunun təməli bu illər ərzində qoyulmuşdur. Nəqliyyat sahəsində biz elə infrastruktur yaradırıq ki, o, əsrlər boyu ölkəmizin rifahına xidmət edəcəkdir. Bizim ölkənin coğrafi şəraiti nəzərə alınmaqla güclü logistik, nəqliyyat infrastrukturu külli məbləğdə vəsait qazanmağımıza, habelə ölkəmizin geosiyasi əhəmiyyətini möhkəmlətməyə imkan verəcəkdir. Məsələn, təhsil sahəsində gördüyümüz işlər də bir neçə onilliyi əhatə edir. Kadrlar hazırlanması, informasiya texnologiyaları məsələlərində də belədir.

-Bunlar gələcək üçün investisiyalardır.

-Əlbəttə, yəni mənim planlarımda Azərbaycan-2050 və ya Azərbaycan-2060 perspektivləri vardır. Lakin bu gün Azərbaycan-2023 proqramları ilə daha çox məşğul oluram. Bu proqram iki ildən sonra başlanacaqdır. Onun uğurla həyata keçirilməsi Azərbaycan-2060, 2070 və sonrakı dövrləri təmin edəcəkdir. Hətta bu gün, məsələn, su təchizatı üzrə həyata keçirdiyimiz infrastruktur layihələri 2035-ci ilə qədər hesablanmışdır. Əhalinin, iqtisadiyyatın, müəssisələrin artması nəzərə alınmaqla. Yəni, bu gün biz 2035-ci ilə qədər nəzərdə tutulan işləri görürük ki, bizdən sonra gələnlər 2030-cu ildə artıq 2067-ci ilə qədər lazım olan işləri görsünlər. Ölkə yalnız bu cür inkişaf edə bilər. Əgər sonra nə olacağı barədə strateji təsəvvür yoxdursa, idarə etmək olar, lakin bütün bunlar dayana bilər, halbuki dayanmamalıdır. Dünya irəliyə doğru hərəkət edir. Biz də onunla ayaqlaşmalıyıq. Yaxın onilliklərdə dünyada kimlər üstünlük təşkil edəcəkdir? Kimin biliyi çoxdursa onlar. Yalnız onlar. Energetika, yaxud deyək ki, hərbi sahə müasir texnologiyaların, nanotexnologiyaların, müasir istehsalatların, elmə investisiyaların inkişafı nəzərə alınmaqla dünyada baş verən hadisələrdə intellekt kimi aparıcı rol oynamayacaqdır. Əlbəttə, bir müddətdən sonra yüksək texnologiyalar sahəsində Azərbaycanın birinci yerdə olacağını gözləmək çətindir. Lakin biz harada olmalıyıq? Biz həmin texnologiyaları yaradanlardan bir addım arxada olmalıyıq. Bir şey yaradıblarsa, biz burada olmalıyıq, nə isə yeni bir şey istehsal ediblərsə, biz onu mənimsəməliyik. Bunu etmək üçün təkcə vəsaitə malik olmaq kifayət deyil, kadrlara, infrastruktura, konsepsiyaya, strategiyaya malik olmaq lazımdır. Vaxt gələcək, biz də dünya əhəmiyyətli məhsullar istehsal edəcəyik. Bəzən biz elə ambisiyalı planlarla yaşayırıq ki, onlar həyata keçirilə bilməyəcək planlar təsiri bağışlayır. Lakin söhbətimizin əvvəlində dediyim kimi, onlar reallaşır. Əgər istək, siyasi iradə və yaxşı təşəbbüskarlıq olsa, çox şey etmək olar.

- Bununla bağlı sonuncu sualım var. 1961-ci il, əlbəttə, ailənizin həyatında Sizin dünyaya gəlməyinizlə əlamətdar oldu. Düşünürəm ki, 1961-ci il bəşəriyyət tarixində Yuri Qaqarinin kosmosa uçuşu ilə yadda qaldı desəm, inciməzsiniz. Bu, tarixə belə düşdü. Azərbaycan artıq 50 ildən sonra öz peykini orbitə çıxaracaqdır. Dünya əsaslı şəkildə dəyişmişdir. Yeni kompyuterlər, yeni texnologiyalar. Köhnəliklə, vaxtı ötənlərlə artıq vidalaşmışıq. Sizin fikrinizcə, gələcək haqqında, bu gün haqqında danışarkən, özümüzlə keçmişdən nəyi götürməliyik ki, bu, bizi həmişə müşaiyət etsin?

- Mənim fikrimcə, bu sualın cavabı ilk növbədə insanın sırf mənəvi keyfiyyətləri müstəvisində olacaqdır. Tərəqqiyə, texnologiyalara, qloballaşmaya, insan amilinin müəyyən dərəcədə nivelirlənməsinə baxmayaraq, mənəvi dəyərlər olmasa, bəşəriyyət inkişaf edə bilməz. Axı biz robotların gələcəyinə doğru getmirik. Hər halda biz bəşəriyyətin – daha çox inkişaf etmiş və daha müasir bəşəriyyətin gələcəyinə doğru gedirik. Minilliklər boyu dünyanı dəyərlər idarə etmişdir. Yəqin ki, elə belə də olmalıdır. Buna görə də heç bir şəraitdə ləyaqət hissini keçmişdə qoymaq olmaz. Abır-həya və insanlara xeyirxah münasibət hissi həmişə olmalıdır. Sözün yaxşı mənasında vətənpərvərlik hissi inkişaf üçün əsas motivlərdən biri kimi daim olmalıdır. Mən vətənpərvərlik hissini ölkəmizin inkişafı üçün əsas motivlərdən biri hesab edirəm. Bu, öz ölkəsinə görə qürur hissi, onu daha yaxşı etmək arzusudur. Qoy o, daha yaxşı səslənsin, daha yaxşı görünsün, daha yaxşı olsun. Yəqin ki, bunun əsası vətənpərvərlik hissidir. Heç bir halda öz Vətənini sevməmək olmaz. Vətəni həmişə sevmək lazımdır. Mənim fikrimcə, hər kəs bu əsas məqamları həmişə özü ilə irəli aparmalıdır.

-Çox sağ olun, cənab Prezident.


-Sağ olun.