17 sentyabr 2020, 10:00

Mircəfər Əsgərovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olduğum üçün Sizin bu sahədə əzmkar və məqsədyönlü fəaliyyətinizə, biz sahibkarlara göstərdiyiniz xüsusi diqqət və qayğıya xüsusi toxunmaq istəyirəm. Hazırda Azərbaycan Respublikasında sahibkarlara diqqət və qayğı bütün tariximiz boyu ən yüksək zirvəyə çatıb. Sahibkarların səmərəli fəaliyyət göstərməsi, müxtəlif sahələr üzrə nailiyyətlər əldə etməsi üçün yaradılmış son dərəcə münbit şərait, açılmış böyük imkanlar məhz Sizin adınızla bağlıdır.

Minnətdarlıq hissi ilə qeyd etmək istəyirəm ki, məhz Sizin xüsusi qayğınız sayəsində və Sizin müvafiq sərəncamınıza əsasən hər il aprelin 25-i Azərbaycanda "Sahibkarlar günü” kimi qeyd edilir.

Hörmətli cənab Prezident, bilirik və fəxr edirik ki, hazırda Sizin nəcib fəaliyyətinizin həyata keçirilməsində ən yaxın dəstəkçiniz, bütün bu şərəfli işin məsuliyyətinin bir hissəsini öz üzərinə götürərək şərəflə, əzmlə həyata keçirən insanlardan ən birincisi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevadır. Hörmətli Mehriban xanım Ulu Öndərin layiqli davamçısı kimi Sizin çoxşaxəli siyasət və ideyalarınızın qalib gəlməsi üçün öz layiqli töhfələrini verir. Bütün bu məqsədyönlü və olduqca məhsuldar fəaliyyət isə son nəticədə hər bir azərbaycanlının, ölkəmizin hər bir vətəndaşının özünün və ailəsinin həyatında özünü göstərir. Xalqımızın rifahı ildən-ilə daha da yaxşılaşır.

Onu da qeyd etmək istərdim ki, son 17 ildə respublikada uğurla həyata keçirilən siyasət, ilk növbədə, ölkədəki ictimai-siyasi sabitliyin möhkəmləndirilməsinə, Azərbaycanın demokratik və sosial-iqtisadi inkişafı məqsədinə yönəlmişdir və bu məqsədlərə nail olmaq yolunda böyük uğurlar qazanılmışdır. Fəxr edirəm ki, biz də ailəlikcə və bütövlükdə yaxın ətraf, qohum-qardaşla birlikdə həmişə Sizin siyasətinizi dəstəkləmişik. Bir daha inamla demək istəyirəm ki, bundan sonra da həmişə məhz belə olacaqdır.

İnanıram ki, gələcəkdə də Sizin tapşırıq və tövsiyyələriniz, imzaladığınız sənədlər, qəbul etdiyiniz qərarlar bizi yalnız xoş günlərə aparacaq, ölkəmizi, onun Prezidentini və dövlətçilik ənənəsini həmişə sevən vətəndaşlar kimi bizi də daim sevindirəcəkdir. Sizə Azərbaycan naminə uzun ömür, möhkəm cansağlığı, gərgin, ardıcıl və yorulmaz fəaliyyətinizdə daim uğurlar arzulayıram. Biz həmişə Sizinləyik və hər şeyə görə Sizə bir daha böyük təşəkkürümüzü bildirirəm.

Hörmətlə,

Əsgərov Mircəfər Sahib oğlu

Sahibkar

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi.