25 sentyabr 2020, 17:30

Ağabanu Ağayevadan, Lerik, Azərbaycan

Hörmətli Mehriban xanım.

Azərbaycan dövlətinin gündən-günə çiçəklənməsində, inkişafındakı böyük xidmətlərinizə görə Sizə dərin minnətdarlığımı bildirirəm. Bu şərəfli və müqəddəs işdə Sizə yeni uğurlar arzulayıram.

Mən təqaüdçüyəm, hamı kimi əmin-amanlıq şəraitində yaşayıram. Daim hökumətimizin diqqət və qayğısını hissi edirəm.

Sizin rəhbərlik etdiyiniz Heydər Əliyev Fondunun dəstəyi ilə uzun illər əhalimizin ən çətin problemi olan məktəb binası dünya standartlarına uyğun tikilib yaxın zamanlarda istifadəyə veriləcəkdir. Bu dövlətimizin təhsilə, gələcəyimizə olan diqqət və qayğısıdır.

Hazırda kəndimizdə yeni, müasir standartlara cavab verən paylayıcı elektrik stansiyası qurulur.

Regionlarımız gündən-günə abadlaşır, hər yanda inkişaf gedir. Bildirirəm ki, Siyov kəndinin də şəhidləri vardır. Cənab Prezidentimiz şəhid ailələrinə 11 min manat birdəfəlik yardım etdi. Bunun hesabına Siyov kəndində şəhidlərimiz üçün abidə və şəhidlər bulağı tikmişəm.

Hörmətli Mehriban xanım, bilirəm Sizin iş qrafikiniz çox gərgindir. Mən elimiz adından Sizi kəndimizə dəvət edirəm. Görülmüş işlərə, bizə göstərdiyiniz qayğıya görə Sizə minnətdarlığımızı bildirmək istəyirik və biz əminik ki, Siz bizim dəvətimizi qəbul edib bizi yaxın zamanda sevindirəcəksiniz.

Hörmətlə,

Ağayeva Ağabanu Möhsün qızı

Azərbaycan Respublikası, Lerik rayonu, Siyov kəndi.