İlham Əliyev Türkiyənin daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

23 fevral 2012, 13:00
İlham Əliyev Türkiyənin daxili işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Türkiyə Respublikasının daxili işlər naziri İdris Naim Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Daxili işlər naziri İdris Naim Şahin Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün istiqamətlərdə, o cümlədən daxili işlər orqanları arasında uğurla inkişaf etdiyi vurğulandı, Türkiyənin daxili işlər naziri İdris Naim Şahinin Azərbaycana səfərinin bu sahədə əlaqələrin daha da genişləndirilməsi işinə təkan verəcəyinə əminlik ifadə olundu.

Görüşdə, həmçinin cinayətkarlığa qarşı birgə mübarizə, bu sahədə koordinasiyanın və informasiya mübadiləsinin önəmi qeyd olundu.

Dövlət başçısı Türkiyə Respublikasının Baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Baş nazirə çatdırmağı xahiş etdi. 

gallery-photogallery-photo